ABŞ-ın Ayova ştatında keçirilən ilk praymerizdə respublikaçılardan Ted Kruz, demokratlardan isə Hillari Klinton qalib gəlib. Gözləntilərin əksinə olaraq respublikaçıların ən populyar namizədi Donald Tramp ikinci olub. Demokratların ikincisi isə Klintonun ən ciddi rəqibi olan Berni Sanders olub. Rəqiblər bir faiz səs fərqi ilə seçiliblər.
Respublikaçılar partiyasında isə Ted Kruz səslərin 28, Tramp 24 və gözlənilmədiyi halda Marko Rubio 23 faizini yığa bilib.
Bu praymeriz dünyanın hər yerində maraqla izlənilib. Lakin təcrübə göstərir ki, Azərbaycanda ABŞ seçkilərinə əvvəlki maraq qalmayıb. Səbəb kimi isə o göstərilir ki, əvvəllər Amerika prezidentlərinin Azərbaycanda hakimiyyət dəyişikliyinə dəstək verəcəyinə inam azalıb.
Bəs adıçəkilən əsas 4 namizəddən hansının seçilməsi ölkəmizin maraqları baxımından daha yaxşıdır?
“Yeni Müsavat”ın suallarını cavablandıran politoloq Elxan Şahinoğlu bildirdi ki, Ayova ştatında keçirilən praymerizin nəticələri bir çoxları üçün gözlənilməz olub. Odur ki, Respublikaçılar və Demokratlardan prezidentliyə namizədin kim olacağını indidən dəqiq söyləmək çətindir.
Namizədlərdən kimin qələbə çalmasının Azərbaycanın maraqlarına uyğun olmasına gəlincə, E.Şahinoğlu bildirdi ki, istənilən halda Amerika-Azərbaycan münasibətlərindəki əsas xətlər dəyişməz qalacaq: “Bəzən belə fikirlər var ki, guya demokratlardan olan prezidentlər bir çox ölkələrdə, o cümlədən Azərbaycanda daha çox insan haqları və demokratiya məsələlərini ön plana çıxarırlar. Respublikaçılardan olan prezidentlər isə daha çox geosiyasi maraqlardan çıxış edirlər. Bu yanaşma bəzən özünü doğruldur, bəzən isə doğrultmur. Məsələn, keçmiş prezidentlər, Bill Klinton və ya Corc Buş mərhum Heydər Əliyevi iki dəfə səfərə dəvət etmişdilər. Əslində Azərbaycanda demokratiya və insan haqları ilə bağlı suallar o zaman da var idi. Klinton demokrat idi, Buş isə respublikaçı, ancaq hər ikisi Azərbaycan prezidentini Vaşinqtona dəvət etmişdilər. Barak Obama administrasiyasının da insan haqları və demokratiya ilə bağlı Azərbaycana sualları olmasına baxmayaraq, o da mart ayında Azərbaycan prezidentini Vaşinqtona nüvə təhlükəsizliyi konfransına dəvət edib”.
Politoloq bildirdi ki, hazırda da Amerikanın Azərbaycanla əməkdaşlığa ehtiyacı var və bunu özləri də vurğulayırlar: “Əsasən dörd sahədə Amerika Azərbaycanla əməkdaşlıq edir: enerji, təhlükəsizlik və iqtisadiyyat, insan haqları və demokratiya. Birinci iki sahədə, enerji və hərbi əməkdaşlıq sahələrində elə bir problem yoxdur. Çünki Azərbaycan indi öz resurslarını Rusiyadan yan keçməklə Avropaya çıxardır ki, bu, Amerikanın maraqlarına uyğundur. Hazırda Amerikada demokratların administrasiyası Avropa ölkələrində lobbi işi aparır ki, Azərbaycan qazı Rusiyadan yan keçməklə Avropaya çatdırılsın. Vaşinqtonun bu lobbiçiliyi Azərbaycan hakimiyyətinin də xeyrinədir. Üstəgəl, Azərbaycan Vaşinqtonun istəyi ilə az da olsa öz sülhməramlılarını Əfqanıstanda yerləşdirib. Bu da Amerikanın maraqlarına uyğundur. Ona görə də əməkdaşlıq davam edir və bununla bağlı ciddi bir problem yoxdur. Bu başqa bir məsələdir ki, Konqresdə ara-sıra Azərbaycanda insan haqları ilə bağlı dinləmələr həyata keçirilir. Ancaq Konqres Ağ Evə və ya dövlət departamentinə tabe deyil. Kristafor Smit qanunvericilik təşəbbüsü ilə çıxış edib. O öz təşəbbüsünü göstərib və Konqres çərçivəsində bu dinləmələr həyata keçirilib. İndi gələcəkdə bu siyasət necə dəyişə bilər? Hillari Klinton və ya Ted Kruz, ya da Donald Tramp prezident olsa nə dəyişəcək? Məncə, ciddi bir dəyişiklik olmayacaq”.
Elxan Şahinoğlunun sözlərinə görə, bu gün Amerikanın əsas məqsədi Rusiya və Çin kimi dövlətlərlə mübarizədir.
Azərbaycanda Amerikadakı seçkilərə marağın zəif olması məsələsinə toxunan Elxan Şahinoğlu bununla razılaşmadığını və ABŞ seçkilərinin Azərbaycanda da diqqətlə izləndiyini də vurğuladı: “Oradakı seçkiləri həm Azərbaycan hakimiyyəti, həm də siyasi dairələr izləyir. Çünki Amerikada kimin prezindent olacağı onlar üçün də maraqlıdır. Ona görə ki, Trampın məsələlərə yanaşması bir cürdür, Klintonun yanaşması isə başqa cür. Tramp İslama, müsəlmanlara qarşı daha sərt və populist fikirlər səsləndirir. Bu, Azərbaycanda da sərt reaksiyalar doğurur. Bundan başqa, Hillari Klinton kimi soyuqqanlı yanaşma, təcrübəli diplomatın yanaşması var. Hillari Klinton Azərbaycanda səfərdə olub, dövlət başçısı İlham Əliyevlə də görüşüb. Mümkündür ki, hakimiyyətdə bir qism insan məhz Hillari Klintonun prezident seçilməsində maraqlıdır, nəinki populist Donald Trampın. Mən hesab edirəm ki, Amerikadakı prezident seçkiləri Azərbaycan cəmiyyətinin və mediasının da diqqətindədir”.
Şərhlər