Rayonların Bakıya böyük borcu

04.02.2016 15:30     A-reaksiya     1519

Azərbaycan rayonlarının 90 faizi dövlətin dotasiyasında oturub mərkəzdən maliyyələşdirilir.

Gəlirlər və xərclər müqayisə edildikdə Azərbaycanın əyalət rayonları arasında yalnız İmişlinin dotasiyasız yaşadığı ortaya çıxır.

ANS PRESS-in məlumatına görə, illik xərci 20 milyon manat olan rayondan 2016-cı ildə 20,2 milyon manat səviyyəsində vergi və rüsum yığılması nəzərdə tutulur. Bununla da İmişlinin mərkəzdən dotasiya almasına heç bir ehtiyac qalmır. Bu cür dotasiyasız yaşamaq imkanı olan ikinci rayon Abşerondur. İllik xərci 34,5 milyon manat olan rayondan bu il 35 milyon manat yığılması planlaşdırılır. Amma bununla belə, Abşeronu əyalət rayonu saymaq olmaz, çünki əsasən Bakıətrafı qəsəbələrdən və Xırdalan şəhərindən ibarətdir, rayonda çox sayda sənaye müəssisəsi cəmləşib. 

2016-cı ilin dövlət büdcəsinə görə Azərbaycanın dotasiyasız yaşayan rayon və şəhərləri



Amma dotasiyasız yaşayan şəhərlərin sayı çoxdur və təbii ki, bu sırada ilk yerdə paytaxt Bakı gəlir. İllik xərci 210 milyon manat olan paytaxtdan 6,1 milyard manat toplanması nəzərdə tutulur ki, bu həm də cari ildə gözlənilən vergi gəlirlərinin 92 faizi deməkdir. Rentabelli şəhərlər sırasına Mingəçevir (xərcləri 29 milyon manat, gəlirləri 29,4 milyon manat), Şirvan (xərcləri 15,63 milyon manat, gəlirləri 16,79 milyon manat), Naxçıvan (xərcləri 13,17 milyon manat, gəlirləri 13,23 milyon manat) və Naftalan (xərcləri 3,75 milyon manat, gəlirləri 3,75 milyon manat) də daxildir. 





Bu məsələdə Azərbaycanın vəziyyəti müəyyən qədər qonşusu Rusiyanın vəziyyətinə bənzəyir. Rusiyada vergilərin 60 faizi məhz Moskvada yığılır, verginin qalan hissəsi isə Sankt-Peterburq, Novosibirsk və Nijni Novqorod kimi iri şəhərlərdə yığılır. Nisbətən kiçik şəhərlərin və əyalətlərin Rusiya büdcəsində rolu çox aşağıdır. Büdcə gəlirlərindən göründüyü kimi, SSRİ-nin dağılmasından sonra Rusiyada əhalinin şəhərlərə miqrasiyası başlayıb və bir çox ucqar şəhərlər, həmçinin çox sayda kəndlər boşalıb. Kəndlərin boşalması həm ucqar regionlarda, həm də Mərkəzi Rusiyada müşahidə edilir. 

Təbii ki, Azərbaycanda vəziyyət o qədər də acınacaqlı deyil. Azərbaycanda heç bir yaşayış məntəqəsi sakinlərin könüllü miqrasiyası üzündən ləğv edilməyib. Amma bununla belə, ölkədə regionların inkişafında müəyyən qədər disbalans var - əhali Bakı və Abşeron daha çox miqrasiya edib və yarımadada əhali sayı 4 milyona yaxınlaşıb. Bu ölkə əhalisinin 40 faizindən çoxdur. 


Əli Həsənov - Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi 

Mərkəzi büdcədən mütəmadi şəkildə regionlara edilən dotasiyalar da bu prosesin qarşısını tam ala bilmir. Vəziyyət regionlarda dayanıqlı biznes sahələrinin yaradılmasını və əhalinin məşğulluğunun artırılmasını tələb edir. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov də bir neçə gün öncə Qubada çıxış edən zaman bu məsələyə toxunub. Dövlət rəsmisi Qubanın misalında rayonların dövlət dotasiyası ilə yaşamasına son qoyulmasını vacib sayıb: 

"Məsələn, Quba böyük, işlək əhalisi, münbit torpağı, dənizə çıxışı olan rayondur. Bu rayon niyə dövlətin dotasiyasında olmalıdır? Azərbaycan rayonlarının 90 faizi dövlətin dotasiyasında oturub mərkəzdən maliyyələşdirilir. Axı bu sonsuza kimi davam edə bilməz. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını öz üzərində saxlamalıdır. Rayonlar isə öz potensiallarından tam ifadə edərək, yavaş-yavaş dotasiyadan çıxmalıdır". 

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə aparıcı mütəxəssisi Vahid Məhərrəmov ANS PRESS-ə müsahibəsində ölkə regionlarından ilkin olaraq Masallı-Lənkəran regionunu dotasiyadan çıxarmağı mümkün sayır: “Bu region həm heyvandarlıq, həm də bitkiçilik məhsullarının istehsalı baxımından əlverişlidir. Burada elə də böyük sərmayə tələb etməyən sahələri - bitki yağları və konserv istehsalını təşkil eləmək olar. Regionda çayçılıq və tərəvəzçilik ənənəsinin olması bu sahələri də perspektivli edir”. 


Vahid Məhərrəmov - İqtisadi Tədqiqatlar Mərkəzinin aparıcı mütəxəssisi

Aqrar mütəxəssisin fikrincə, Gəncə- Qazax regionu da bu məsələdə geniş imkanlara malikdir: ”Xüsusilə, ölkədən kənara ixracatın stimullaşması baxımından Şəmkirin imkanları genişdir. Şəmkir əhalisinin loqistika baxımından böyük təcrübəsi var. Regionda kartofçuluq baxımından böyük potensial var, ölkənin ərzaq kartofu, yem kartofu və həm də plastmas sənayesində xammal kimi işlədilən texniki kartofla tam təmin edilməsinə imkan yarada bilər”. 

Vahid Məhərrəmov digər regionların da imkanlarına toxunub. Onun sözlərinə görə, Naxçıvanda spesifik meyvə və tərəvəz istehsalını təmin etmək olar, bununla da ölkəyə İrandan və digər ölkələrdən idxal edilən quru meyvələrin idxalının qarşısı alınar. Mərkəzi Aranda isə növbəli əkin tətbiqi ilə pambıqçılıq və heyvandarlıq məhsullarının istehsalını artırmaq olar. 

Lakin regionların inkişafı təkcə aqrar sektorun inkişafı demək deyil, əyalət şəhərlərinin dirçəldilməsi də unudula bilməz. Bu baxımdan Azərbaycanın ən perspektivli şəhərləri Gəncə, Şəki və Xaçmazın dotasiya ilə yaşaması anlaşılmazdır. Bu şəhərlərin ən böyük problemi daxili turizmə xidmət edən ucuz ailəvi otellərin olmamasındadar. 

400 minə yaxın sakinin yaşadığı Gəncədə orta sinfin ailə ilə qala biləcəyi otrllərin sayı çox azdır. Şəhər bu məsələdə Uelsin paytaxtı Kardifin təcrübəsindən yararlanmalıdır. 400 minə yaxın sakini olan bu şəhərə ildə bir neçə milyon turist gəlir. Kardifdə 3-4 nəfərlik ailənin qala biləcəyi iki otaqlı lüks mənzillərin gecəsi 30 funta təklif edilir. Şəhərdə daxili turizmə xidmət edən və gecə saatlarına qədər işləyən çox sayda ucuz restoran var. Turistlər məşhur “Millenium” operaya 15 funta bilet alaraq dünyanın ən güclü səslərinin canlı ifasını seyr edə bilirlər. Təbii ki, Azərbaycanın turizm imkanı olan şəhərlərinin də bu təcrübədən istifadə etməsi məsləhətlidir. 

Şərhlər

Çox oxunanlar