Azərbaycanda dini düşüncənin formalaşmasında hürufiliyin rolu
04.02.2016 16:50 A-reaksiya 2730
Hökməli bələdiyyəsinin sədr müavini
“Zatımı Təbrizdə kəşf etdim. Vəhdətin Günəşi ilk kəs
Azərbaycanda göründü. Çünki Tanrı bu ölkəni kutlamışdır.
Peyğəmbərlərin və övliyaların parıldayan almazıdır”.
Fəzlullah Nəimi, “Cavidannamə”dən
Hər bir millətin identifikasiyasının, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin formalaşmasında inanc sistemi təsirli rola malikdir. Millətlərin hansısa dini qəbuletmə tarixi uzaq və ya yaxın ola bilər, lakin sosial həyatda, cəmiyyətin inkişafında, insanların həyat tərzində dinin özünəməxsus yeri vardır. Günümüzdə də din amili beynəlxalq münasibətlərdə nəzərə çarpan amil olmaqla yanaşı, insanların həyat tərzini və baxışlarını formalaşdıran faktor kimi qalmaqdadır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, eləcə də Qədim İpək Yolunun üzərində yerləşməsi xalqımıza fərqli mədəniyyətləri yaxından tanımaq imkanı qazandırmışdır. Qurulan əlaqələr nəticəsində yeni-yeni mədəniyyətləri, dinləri və ideologiyaları tanımaqla yanaşı, həmin mədəniyyət və dinlərdən yararlanmaq da zərurətə çevrilmişdir. Bu da Azərbaycan xalqının maddi-mənəvi mədəniyyətinin zənginləşməsinə və inkişafına təkan vermişdir. Tarixi Azərbaycan coğrafiyasında yaranmış Zərdüştlüyün ölkə hüdudlarını aşaraq geniş arealda yayılması sübut edir ki, Azərbaycan mədəniyyəti təkcə bir xalqa məxsus və lokal xarakterli olmamış, əksinə, bu mədəniyyət ümumbəşəri mahiyyətli qədim və zəngin cəhətləri ilə seçilmişdir.
Türklər tarixən təktanrılı din olan Göy Tanrı dininə sitayiş etmişlər. Odur ki, İslam dinini qəbul etməklə babalarımız nəinki milli kimliklərini itirmiş, əksinə, milli kimliyi İslam kimliyi ilə bütövləşərək və daha da zənginləşərək böyük türk-İslam mədəniyyəti formalaşmağa başlamışdır.
Ümumiyyətlə, tarixən Azərbaycan ərazisində müxtəlif fəlsəfi fikir axınları, təriqətlər, mistik cərəyanlar yaranmış və çox zaman onlar Azərbaycan sərhədlərini aşaraq ümumbəşəri dəyər qazanmışlar. Buraya Xəlvətilik təriqəti, Qızılbaşlıq, Əhli həqq və Hürufilik cərəyanı aiddir.
Bu cərəyanların ən mühümlərindən biri olan Hürufiliyin Azərbaycanda dini-mistik (batini) düşüncənin formalaşmasında və inkişafında böyük rolu olmuşdur. Əsası XIV əsrin sonu və XV əsrin əvvəllərində Fəzlullah Nəimi tərəfindən qoyulmuş Hürufilik Azərbaycan, Anadolu və Qərbi İranda geniş yayılmış hərflər və rəqəmlərə əsasən Quranın batini mənasını izah etməyə çalışan İlahi İdrak (sufi) cərəyanıdır. Bildiyimiz kimi, Qurani-Kərimin ilk surəsi olan və “ümmül-kitab” – “kitabın anası” adı verilmiş “Fatihə” surəsi 7 ayədən ibarətdir. Məsələn, hürufiliyə görə, bu 7 ayə təzə anadan olmuş uşağın üzündə “hütutu-ümumiyyə” adı verilən 7 ana xəttə işarə edir ki, “Fatihə” söyləyərək salavat çəkən şəxs bu 7 xətlə təmasda olur [1, s. 221]. Həmçinin hürufilər ərəb əlifbasında olan 28 hərfin üzərinə fars əlifbasının 4 hərfini də gələrək 32 sayını təməl sayı hesab edirlər [2, s. 372].
Əslində, bu cərəyanın ardıcılları özlərini hürufilər adlandırmamışlar, onlar hərflərin yozumu ilə məşğul olduqları üçün kənardan və araşdırmaçılar tərəfindən bu cərəyan ardıcıllarına hürufi adı verilmişdir. Vaxtaşırı onlar dərviş, əhli-fəzl, ərbabi-fəzl kimi müxtəlif adlarla da adlanmışlar. Fəzlullah Nəiminin xəlifəsi, Hürufiliyin Anadoluda yayılmasında mühüm rol oynamış Mir Şərif isə özünün “İsmu Mussəma” adlı əsərində hürufilərdən “əhli həqq” və ya əhli məna” kimi bəhs etmişdir [3, s. 127]. Cavid Mürtəzaoğlu isə “Yarizm” kitabında “Əhli-həqq” cərəyanının yarandığı gündən müasir dövrə qədər üç mərhələdən keçdiyini və ilk dövr əhli-həqlərinin hürufilər olduğunu qeyd etmişdir. Həmçinin kitabda ikinci dövr “Sani”, üçüncü dövr “Fipa” dövrü olaraq əksini tapmış, “Əhli-həqq” piramidasının qurucusu Sultan Sahakın (Seyid İshak) Fəzlullah Nəiminin davamçısı olduğu bildirilmişdir [4, s. 13].
Hürufilərin dinlərə və Qurana etdikləri batini şərhlər təkcə bu təlimin ardıcıllarına deyil, digər təlim və təriqətlərə də güclü təsir göstərmişdir. Fəzlullah Nəiminin ölümündən sonra xəlifələri və ardıcıllarının Anadoludan Balkan yarımadasına qədər yayılması dövlət idarəçiləri tərəfindən təhlükə olaraq görülmüşdür. Odur ki, hürufilərin fəaliyyətləri qadağan olunmuş, buna görə də onlar bəktaşi təkkələrinə sığınaraq fikirlərini təbliğ etmişlər. Bu da öz növbəsində Bəktaşiliyin Hürufilikdən təsirlənməsinə gətirib çıxarmışdır. Bəktaşilərin ədəb-ərkan kitabı “Ərkannamə”lərdə bu təsir özünü xüsusilə göstərir. “Ərkannamə”nin “Vücudnamə” hissəsində deyilir: “İnsan vücudu göbəkdən aşağı yeddi qat yer və göbəkdən yuxarı yeddi qat göydür. İnsanın başı isə ərşdir. Yeddi qat yerdə və yeddi qat göydə nə varsa, hamısının həqiqəti ərşdədir. Həmçinin insan bədənində nə varsa, sirri başdadır və insanın camalında 28 hərf mövcuddur” [5, s. 59-61].
Tədqiqatçılar Hürufiliyi təriqət adlandırsalar da, onların özlərinə görə, Hürufilik mərifət məqamında olmuş sufi cərəyanıdır. Nəticə etibarilə, təriqət də sufi yolu sayılır, amma inzivaya çəkilib çilə çəkməklə batinini saflaşdıran və insani-kamil mərtəbəyə yetişmə təliminə üstünlük verən bu təriqətdən fərqli olaraq, mərifət məqamında olduqlarını söyləyən hürufilər hərf və rəqəmlərlə rəmzlərin batini mənasını anlamağa, düşünməklə insanın özünü idrak etməsinə və insanın üzünü bir kitab kimi oxuyaraq içindəki sirrə yetişməyə üstünlük verirdilər.
Hürufiliyə görə, yalnız özünü dərk etmiş insan kainatı və Allahı dərk edə bilər. Bu təlimə əsasən, insan müəyyən saydakı hərflər vasitəsilə danışmaqdadır. İnsan bu hərflər və onların tələffüzündən yaranmış kəlmələrlə Tanrı həqiqətini dərk edə bilər. Çünki Allah hərflər və rəqəmlər vasitəsilə Özünü dərk etmək imkanını insanlara vermişdir. Həqiqəti idrak etmiş kamil insan cismən kainatın zərrəsi, ruhən isə külli-kainat olduğunu anlayar və sirlərə vaqif olar. Kamil insan “Qurani-Natiq” (danışan Quran), kağıza yazılmış Quran isə “Qurani-Samit”dir (səssiz Quran). “Danışan Quran” təbii olaraq təkamül yolu keçir, dəyişir, lakin “səssiz Quran” Peyğəmbərimizə (s) gəldiyi formada heç bir dəyişikliyə məruz qalmamışdır və qiyamətə qədər də dəyişiklikliyə uğramayacaqdır, dəyişmək istəyənlər olsa belə, buna yol verilməyəcəkdir.
Araşdırmaçıların hürufi təlimi haqqında müxtəlif və ziddiyyətli fikirləri olsa da, onun yarandığı ərazinin birmənalı olaraq Azərbaycan olduğu mövzusunda həmfikirdirlər. Lakin Hürufiliyin geniş təbliği nəticəsində bu təlimin fikirləri təkcə Azərbaycan ərazisi ilə məhdudlaşmamışdır.
Hürufi təlimi sadə xalq tərəfindən qəbul edilib sevilməsinə baxmayaraq, təlimin ardıcılları insanın ruhən və cismən azad olduğu fikirlərindən dolayı dövrün ruhaniləri və dövlət başçıları tərəfindən üsyançı və mürtəd adlandırılaraq təqiblərə məruz qalmış, həyatları çox zaman faciəvi sonluqla bitmişdir. Bu səbəbdən mənbələrdə hürufilərin dünyagörüşü barədə ziddiyyətli və əksər hallarda qərəzli fikirlər mövcuddur. Belə ziddiyyətli fikirlərdən biri Fəzlullah Nəiminin fars, Hürufiliyin də türk deyil, fars düşüncə tərzinin məhsulu olmasıdır. Qeyd etmək lazımdır ki, Nəiminin doğum yeri barədə qaynaqlarda müxtəlif məlumatlar mövcuddur. Yazılı qaynaqlarda Fəzlullah Nəiminin doğum yeri olaraq Təbriz, Şirvan və Məşhəd şəhərləri göstərilmişdir. Lakin bunlar arasında araşdırmaçılar daha çox Təbriz üzərində durmuşlar. Fateh Usluərin “Hürufilik” adlı kitabında Fəzlullah Nəiminin xəlifəsi Əliyyül-Əlanın Astarabaddan olduğu qeyd edilmişdir [3, s. 31].
I hissənin sonu
Şərhlər