Azərbaycanda dini düşüncənin formalaşmasında hürufiliyin rolu
09.02.2016 13:34 A-reaksiya 2521
Hökməli bələdiyyəsinin sədr müavini
əvvəli ötən sayımızda
http://reaksiya.info/news/a-reaksiya/12893-azerbaycanda-dini-dusuncenin-formalasmasinda-hurufiliyin-rolu
Görkəmli Azərbaycan alimi Məhəmmədəli Tərbiyət Nəimi haqqında bu cür məlumat vermişdir: “Nəimi Şah Fəzlullah ibn Əbu Məhəmməd Təbrizi XIV əsrin məşhur şəxsiyyətlərindən olmuşdur. Şah Fəzlullah Hacı Bəktaş Vəlinin vəfatından iki il sonra - 1340-cı ildə anadan olmuş, həddi-buluğa çatdıqda təlimini bəyan etmişdir. O, 1394-cü ildə Şirvan şəhərində həbs olunmuş və orada “Cavidannamə” əsərini yazmışdır”. Müasir dövrdə yaşayan və Hürufiliyə yaxın cərəyan olan Əhli-həqqə mənsub, əslən təbrizli Cavid Murtəzaoğlu hürufilər və Əhli-həqq ələvilərinin 24 ulu ərəni haqqındakı “Yarizm” adlı kitabında belə yazır: “Nəiminin əsl adı Fəzlullah ibn Abdurrahman Hüseyndir. Hicri 740-cı ildə Təbrizin cənubundakı İlxıçı qəsəbəsində anadan olmuşdur və buna görə ona Astarabadlı Nəimi deyilir” [4, s. 17]. Kitabda bəhs edilən İlxıçı kəndi Azərbaycan türklərinin yaşadığı yaşayış məntəqəsi olmuşdur. Məlumat üçün qeyd edək ki, hazırda da İlxıçıda Hürufiliyə bağlı və türk dilli Əhli-həqq mürşidləri yaşayır.
Fəzlullah 18-19 yaşlarında təsəvvüfə meyil etmiş və vaxtının çoxunu ibadətdə keçirmişdir. Hələ gənc yaşlarından Fəzlullahı məşhurlaşdıran xüsusiyyətlərindən biri də yuxu yozma qabiliyyəti olmuşdur. Nəimiyə görə, son peyğəmbər Həzrət Məhəmməddən (s) sonra vəhy qapısı bağlanmışdır, amma yuxu qapısı açıqdır. Yaşayışını papaq tikib satmaqla təmin edən Fəzlullah bu əməlinə görə “halal-xor” (halal yeyən) ləqəbini qazanmışdır [6, s. 346].
Hürufilərə qarşı digər haqsız irad bu təlimin Yəhudilikdəki Kabbala mistik təlimindən təsirlənərək yaranması haqqındadır. Bunun əsas səbəbi cərəyan ardıcıllarının Qurani-Kərimi hərflər və rəqəmlərlə izah etməyə çalışmasıdır. Ancaq qədim Azərbaycan mifologiyasını, digər türk xalqlarının dini və fəlsəfi dünyagörüşünü, həmçinin İslam dininin batini fəlsəfəsini araşdırarkən məlum olur ki, Fəzlullah Nəiminin rəqəmlər və hərf elmi barədə Kabbaladan faydalanmağa ehtiyacı yox idi. Çünki istər türk mifologiyasında, istərsə də İslam mənbələrində rəqəmlər və hərflərin mənaları, rəmzləri barədə təsəvvürlər qədim dövrlərə gedib çıxır. Qeyd edək ki, Azərbaycan insanının dini-fəlsəfi dünyagörüşündə və inanc sistemində rəqəmlərin mistik gücünə inam və batini elm sahibləri olan övliyalara hörmət İslamdan əvvəl də mövcud olmuşdur. Sadəcə Fəzlullah Nəimi əsasını qoyduğu Hürufilik təlimi vasitəsilə hərflər və rəqəmlər barədə mövcud olan təsəvvürləri və batini elmə sahib sufilər tərəfindən gizli istifadə edilən hərfçilik elmini sistemləşdirərək geniş kütləyə təqdim etmişdir [7, s. 32].
Hürufiliyin istifadə etdiyi hərf və rəqəm elminin Kabbaladan öncə türklərə və daha sonra İslam dünyasına məlum olduğunu aşağıdakılar da sübut edir: 1) Qədim türk mifologiyasındakı müqəddəs rəqəmlər; 2) Zərdüştlükdə rəqəmlərə verilən önəm; 3) İslamın ilk illərində hərflər və rəqəmlərin sirləri barədə anlayışlar; 4) Azərbaycan ərazisində elmi-lədunun tarixi; 5) Türklərin Əhli-beytdən İslamın batini sirlərini öyrənməsi.
Qədim türk mifologiyasında bəzi rəqəmlərə mənalar yüklənildiyinə, xüsusilə də 7, 9 və 40 rəqəmlərinin Tanrı tərəfindən müqəddəsləşdirildiyinə inanılırdı. Oğuzlarda xaqanın hakimiyyət rəmzi olan tuğu 9 ədəd və yaxud doqquz başlı olurdu [8]. Doqquz başlı tuğ türklərin dünya hakimiyyətinə işarə idi. Çünki qədim türklərin dünyagörüşünə əsasən, dünya 9 hissədən ibarət idi və Oğuz xaqanı dünyanın doqquz hissəsinin hakimi sayıldığından tuğ da rəmzi olaraq 9 başlı olurdu. Doqquz rəqəmi barədə qədim türk dastanı “Kitabi-Dədə Qorqud”da belə bir epizod var: Dəli Domrulun anadan olması münasibətilə atası 9 buğa kəsir [9].
Altay türklərində şamanlar üzərində 9 ox və yay gəzdirərdilər. Çünki onlar insan skeletinin ovuc, ayaq sümüyü, baş, bel, dirsək, diz, bilək, çiyin və topuq olmaqla, 9 hissədən ibarət olduğuna və 9 oxun Allah tərəfindən onlara verildiyinə inanırdılar. Türklər dinlərindən asılı olmayaraq, 40 rəqəmini daima digər rəqəmlərdən üstün tutmuş və müqəddəs saymışlar. Maraqlıdır ki, bugünkü xristian türklərdə 40 rahib, ələvi türklərdə isə 40-lar məclisi deyilən müqəddəslər var.
Qədim Azərbaycan türklərinin dini olan Zərdüştlükdə bəzi rəqəmlər müqəddəs hesab edilirdi. Qədim Zərdüştlükdə Ameşa-Spenta, yəni 6 bələdçi ruh anlayışı vardı. Zərdüşt kahinlərinin inancına görə ədalət və yaxşılıq tanrısı Ahura Məzdanın 6 bələdçi ruhla bütünləşməsilə 7 rəqəminin müqəddəsliyi meydana gəlmişdir. Həmçinin Zərdüştlüyə görə, dünya dağının təpəsindən axan çayın ayırdığı yeddi ərazi, atəşin yeddi növü və yeddi ilahi nur vardır.
Bir sıra müəlliflərin Hürufiliyi Kabbalaya bağlamaları böyük bir xətadır. Hələ Kabbalanın ortaya çıxmasından 600 il əvvəl İslam aləmində rəqəmlərin və hərflərin mistik mənaları, rəmzləri barədə anlayış mövcud idi. Böyük İslam bilgini Muhyiddin ibn Ərəbinin “Fütuhati-Məkkiyə” əsərinə, Mənsur Həllacın “Təvasin” və digər kitablara əsasən, İslam mistiklərinin hərflərdən və rəqəmlərdən məna çıxarma fəlsəfəsi üzərində dərin araşdırmalar aparması məlumdur.
Türkiyəli Prof. Dr. Mahmut Erol Kılıç Kabbalanı araşdıran avropalı və yəhudi araşdırmaçılardan bəzilərinin onun İslam sufilərinin elmindən istifadə edilərək yaradıldığı qənaətində olduqlarını yazır. Məsələn, yəhudi əsilli araşdırmaçı Paul Fenton araşdırmalarında İspaniya yəhudilərinin həmin ölkədə yaşamış böyük İslam mistiki Mühyiddin ibn Ərəbinin ərəbcə yazdığı əsərlərini olduğu kimi ibranicəyə çevirərək Kabbalanın əsasını qoyduqlarını sübut etmişdir [10].
Hərflər və rəqəmlərin gizli sirlərinin İslamda mövcudluğuna Qurani-Kərimin 29 ayəsinin başında gələn və mənası bilinməyən müqətta hərflərini (“əlif”, “hə”, “ra”, “sin”, “sad”, “ta”, “ayn”, “kəf”, “qaf”, “ləm”, “mim”, “nun”, “ha”, “yə”) misal göstərə bilərik. Bu hərflərin hansı mənanı daşıdığı, nəyi ifadə etdiyi barədə nə Quranda, nə də Peyğəmbərin (s) hədislərində açıqlamalar var.
Müqəttə kəlməsi ərəb dilindən tərcümədə “kəsilmiş, kəsik, ayrı” mənasını bildirir. Bu hərflər barəsində İslam aləmində iki müxtəlif fikir var: 1) müqətta hərfləri Allahın sirridir, heç kim mənasını dərk edə bilməz; 2) Qurani-Kərim insanlar üçün göndərilmişdir və onda anlaşılmayacaq heç nə yoxdur, sadəcə rəmzləri düzgün oxuya bilmək lazımdır.
İkinci fikrin tərəfdarı olan hürufilər Quranın gizli sirrinin 29 surənin əvvəlində əksini tapan və 14 hərfdən ibarət olan müqətta hərflərində gizləndiyini, Allah sözünün insan simasında məhz həmin 14 hərf ilə həkk edildiyini söyləyirdilər.
İslam dinində hərf və rəqəmlərin gizli sirlərindən bəhs edən və hürufilərin də geniş istifadə etdiyi əbcəd elminin hələ İslamdan öncə mövcud olduğu bildirilir. Lakin əbcəd hesabı öz inkişafının zirvə nöqtəsini məhz müsəlman mədəniyyətində tapmışdır. Bu elm ərəb əlifbasındakı 28 hərfin hər birinin ədəd ekvivalentini müəyyən edən və beləliklə də, istənilən ədədi hərf və söz vasitəsilə ifadə etməyə imkan verən sistemdir. “Əbcəd” sözü ərəb əlifbasının ilk 4 hərfindən (“əlif”, “be”, “cim” və “dal”) yaranıb. Əbcəd hesabına görə, 1-dən 1000-ə kimi bütün ədədlər 28 hərfin kombinasiyaları vasitəsilə göstərilə bilər. Klassik Şərq ədəbiyyatına aid nümunələrdə əbcəd hesabına tez-tez rast gəlirik. Hər hansı mühüm olayın (məsələn, hökmdarın hakimiyyətə gəlişinin, böyük hərbi fəthlərin, möhtəşəm tikintilərin) tarixini çox zaman ədədlərlə deyil, sözlərlə ifadə edirdilər.
Hərflər və rəqəmlər barəsindəki elm mistik olduğuna görə “elmi-lədun” adlanan batini elmin tərkib hissəsidir. “Elmi-lədun” Allaha məxsus olmaqla, bəzi peyğəmbərlərə vəhy, övliyalara isə ilhamla verilən gizli elmdir. “Elmi-lədun” vasitəsilə sirrlərə vaqif olan övliyalar Allah dostları və saleh bəndələrdir.
Qurani-Kərimdə “elmi-lədun” haqqında Həzrət Musa (ə) ilə Həzrət Xızırın (ə) görüşü qissəsində bəhs olunur. Bəziləri Xızırın (ə) peyğəmbər olduğunu irəli sürsələr də, Quranda o, peyğəmbər kimi deyil, lədun elminin sirrinə bələd olan övliya kimi tanınır.
“Kəhf” surəsinin 60-cı ayəsində deyilir: “(Ya Rəsulum!) Yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: “Mən (Xızırla görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!” [11]. Daha sonra hadisələrin gedişatı belə davam edir: Hər ikisi həmin dənizlərin qovuşduğu yerə gəlib çatdıqda (özləri ilə götürdükləri) balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi. Onlar dənizlərin qovuşduğu yerdən ayrıldıqda Musa öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük” – dedi. Xidmətçi bildirdi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib, qəribə bir şəkildə dənizdə yol tutub getmişdir”. Musa “Elə istədiyimiz də bu idi!” – söylədi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar. “(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar. Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?” (Xızır) belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən” [11, Kəhf, 65-67].
Batini elmin Azərbaycan ərazisində geniş yayılmasında Əhli-beyt nümayəndələrinin Əməvi zülmündən xilas olmaq məqsədilə bu torpaqlara hicrət etməsi böyük rol oynamışdır. Dünyəvi və dini elmlərin mahir bilicisi İmam Rza (ə) dövrünün Abbasi xəlifəsi Məmun tərəfindən Mədinədən Mərvə dəvət (əslində, Mədinədən uzaqlaşdırılaraq sürgün olunmuşdur) edilərkən türklər tərəfindən mehribanlıqla qarşılanmış və sevilmişdir [3, s. 121]. Türklərin İslamın batini elmi və təsəvvüflə məhz bu dövrdə İmam Rza (ə) vasitəsilə tanış olduğu söylənilir. Batini İslam elminə malik tanınmış türk sufisi, türklərin İslamı qəbul etməsində böyük rol oynayan Əhməd Yəsəviyə İmam Rza (ə) vasitəsilə elm və Peyğəmbərin (s) müqəddəs əmanətlərinin (tac, xirqə, süfrə, ələm və səccadə) verildiyinə inanılır. Deyilənlərə görə, Əhməd Yəsəvi bu müqəddəs əmanətləri təkkəsində saxlayırmış. Bəktaşilərə görə, bu əmanətlər Tanrı tərəfindən Peyğəmbərə (s) verilmiş, ondan Həzrət Əliyə (ə), sonda Əhməd Yəsəviyə çatdırmaq üçün vəsiyyət edilərək İmam Əli ər-Rzaya (ə) qədər bütün imamlara ötürülmüşdür. Əhməd Yəsəvi də bunları xorasanlı Hacı Bəktaş Vəliyə əmanət etmişdir.
Qeyd olunduğu kimi, hürufilər Azərbaycanda dini mistik düşüncənin formalaşmasında və yayılmasında yeni bir dönəmin əsasını qoymuşlar. Bu vaxt onlar təkcə öz elmlərini müridlərinə öyrətməklə məhdudlaşmamışlar. Hürufi şairləri dünyanın yaradılışı, tövhid, fəna və bəqa, kun fəyəkun, Yaradanın insanda təcəllisi, hərflər və rəqəmlərin gizli mənaları və digər hürufi sirlərini misraların arasında gizlədərək şeir və qəzəllər yazırdılar.
Sufi sirləri ilk dəfə hürufilər tərəfindən daha başa düşülən formada və bədii üslubda xalqa çatdırılmış, dildən-dilə dolaşan şeir və qəzəllər Hürufiliyi təbliğ etməkdə mühüm vasitə olmuşdur. Sözsüz, bu şeirlərin xalq arasında yayılmasında hürufi dərvişlər mühüm rol oynamışlar. Qəzəlləri xalq tərəfindən sevilən hürufi şairlərin başında Fəzlullahın İmaməddin Nəsimi, Əliyyül Əla kimi müridləri ilə yanaşı, Şah İsmayılın dövründə yaşamış və onun yaxın dostlarından olmuş Süruri gəlir.
Hürufiliyə görə, Allah gizli xəzinə, mövcudiyyətin həqiqəti isə səsdir. Səsin sirri varlığın ilk zühuru zamanı Allahın “kun fəyəkun”, yəni “ol” əmrindədir. Səsin kamil halı kəlmələrdir, kəlmənin sirri isə onu əmələ gətirən hərflərdədir [7]. Səs qeyb aləmindən varlıq aləminə hərflər vasitəsilə zühur edir.
Burada xüsusi vurğulamaq lazımdır ki, hərf və rəqəmlərin mistik, batini mənalarını açmağa çalışan hürufilər heç vaxt sehr, cadu və okkultizmlə məşğul olmamış, siyasi hakimiyyətə iddia etməmiş, məzhəb təəssübkeşliyi və təbliğatından uzaq olmuşlar. Bununla belə, hürufilərin Azərbaycanda fəaliyyətləri təkcə batini fikirlərinin təbliği ilə məhdudlaşmayıb. Azərbaycan torpaqları Teymur qoşunları tərəfindən işğal edilərkən hürufilər xalq hərəkatına öndərlik etmiş və bütün Azərbaycanın birlikdə müqavimət göstərməsinin tərəfdarı olmuşlar. Teymur çox yaxşı anlayırdı ki, təlimlərinin əsasını insanın ruhən və cismən azadlığı təşkil edən Hürufilər onun zülmünə boyun əyməyəcək və üsyan bayrağını qaldıracaqlar. Sürətlə yayılacağı və əhalinin bu əqidəni mənimsəyəcəyi təqdirdə qeyri-məhdud hakimiyyətinə qarşı təhlükə yaranacağıını başa düşən Teymurləngin əmri ilə oğlu Miranşah Fəzlullah Nəimini ələ keçirərək 1394-cü ildə Naxçıvanda Əlincə qalasında işgəncə ilə öldürmüş və ardıcıllarının təqib olunaraq ələ keçənin edam edilməsi tapşırığı verilmişdir [12, s. 357].
ƏDƏBİYYAT
1. Cemal Muhtar. Hurufi Türk Şairleri. Marmara Üniversitesi İlahiyat Fakültesi Dergisi, 1986, sayı 4, s. 219-226.
2. H.Hüseyin Ballı. “Çağdaş Hurufilik ya da Şifrecilik” Adlı Tebliğin Müzakeresi. XVII Kelam Anabilim Dalları Koordinasyon Toplantısı ve “Kelam İlmi Açısından Gnostik Akımlar ve Okültizm” Sempozyumu, 2012, sayı 1, s. 381-383.
3. Fatih Usluer. Hurufilik. İstanbul: Kabalcı yayınevi, 2009, 623 s.
4. Cavid Mürtəzaoğlu. Yarizm. İstanbul: Yurt kitabevi, 2011, 303 s.
5. Ömer Faruk Teber. “Vücud-Name” Örneğinde Bektaşi Erkannamelerinde Hurufi Unsurlar. Çukurova Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2013, XIII cilt, sayı 1, s. 57-72.
6. H.Hüseyin Ballı. Fazlullah-ı Hurufinin Hz. Ali Hakkındakı Görüşleri, Hazret-i Ali - Sempozyum Bildirileri, 24-25 Ekim 2007, 2009, s. 345-354.
7. H.Hüseyin Ballı. Hurufilik Nedir? e-Makalat Mezhep Araştırmaları, 2011, IV cilt, sayı 2, s. 31-48.
8. Dr. Süheyla Sarıtaş. Türk Mitolojisinde Önemli Sayılar
http://www.acikders.org.tr/pluginfile.php/2501/mod_resource/content/2/14.%20HAFTA.pdf
9. Bəhlul Abdulla. Saylar.
http://dede.musigi-dunya.az/s/saylar.html
10. Prof. Dr. Mahmud Erol Kılıç. İbn-i Arabi Kahin Değil.
http://mahmuderolkilic.blogspot.com/2010/10/ibn-i-arabi-kahin-degil.html
11. Qurani-Kərim (Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov və V.M.Məmmədəliyev). Bakı: Qismət, 2006, 478 s.
12. Z.N.Bünyadov, Y.B.Yusifov. Azərbaycan tarixi. Bakı: Azərnəşr, 1994, 680 s.
13. Nihat Çetinkaya. Kızılbaş Türkler. Kripto yayınevi, 2010, 567 s.
14. Yaşar Nuri Öztürk. Tarih Boyunca Bektaşilik. Yeni Boyut yay., 1998, 262 s.
Şərhlər