Yunanıstanda defoltdan doğan gözləntilər... - TƏHLİL
01.07.2015 19:30 A-reaksiya 2158
2015-ci ilin ilk yarısı mühüm hadisələrlə zəngin oldu. Baş vermiş hadisələr içərisində daha geniş regional təsirlərə malik olanı Avropa Birliyinin cənub sərhədində yerləşən, qədim demokratiya sivilizasiyasının beşiyi hesab edilən Yunanıstanda baş verən iqtisadi böhrandır.
Böhranın gətirdiyi maliyyə asılılığı problemi artıq özünün iqtisadi xarakterindən kənara çıxıb. XXI əsrin əvvəllərindən etibarən ölkədə yaranmış iqtisadi və maliyyə problemləri 2010 və 2012-ci illərdə bu ölkənin Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyasından kredit yardımı alması ilə nəticələnib. Hazırda Yunanıstanın beynəlxalq maliyyə qurumlarına borcu 240 milyard avronu keçib, borcun həcmi ümumi daxili məhsulun 180 faizinə bərabərdir. Bu, vahid valyuta sistemi məkanının (Avrozona) 19 üzvü arasında ən yüksək nəticədir. Belə bir vəziyyətdə Yunanıstanın iqtisadiyyatını çökməkdən qorumaq, eləcə də ölkənin beynəlxalq nüfuzunun mühafizə etmək müasir yunan ictimaiyyətinin əsas prioritetinə çevrilib.
2015-ci ilin yanvarında ölkəni yaranmış vəziyyətdən çıxmaq məqsədi ilə xalq siyasi spektrin solçu qanadında yer almış Siriza partiyasına etimad göstərdi. Yanvarın 26-da siyasi rəhbərliyi ələ alan baş nazir Aleksis Siprasın komandası fevraldan etibarən ölkəyə edilən maliyyə “köməyinin” üçüncü mərhələsinin reallaşdırılması istiqamətində Avropa Birliyi və beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesini bərpa etdi. İkinci mərhələ üzrə BVF-a ödənilməli olan 1.5 mlrd avronun müddəti iyun ayının 30-da başa çatdığından Yunanıstan hökuməti ilə Avroqrup üzvləri arasında danışıqlar prosesində Afinaya kredit yardımının üçüncü mərhələsinin şərtləri açıqlandı. Yeni şərtlər və yunan hökumətinin onlara reaksiyası Yunanıstanın maliyyə problemini geosiyasi format səviyyəsinə qaldırıb. Əsas şərtlər vergi sektorunda və sosial sahədə islahatların aparılmasıdır ki, bu da bir sıra hallarda sadə vətəndaşların mövcud sosial vəziyyətinin daha da pisləşəcəyinə dair proqnozlarla müşayiət olunur. Baş nazir A. Sipras bu şərtləri qəbul etmədiyini bəyan etdi və “Avropa Birliyi dəyərlərinin şantaj və ultimatumlar deyil bərabərlik, qarşılıqlı hörmət və həmrəylik olduğunu” bildirməklə radikal addımlara əl atdı. Yunanıstan 2015-ci ilin 30 iyununda ödəməli olduğu 1.5 mlrd avronun ödənişini təxirə saldı, ölkədə bankların fəaliyyəti iyul ayının 7-dək dayandırıldı, bankomatlardan çıxarılacaq məbləğ 60 avroyadək məhdudlaşdırıldı və ölkənin qarşısında qoyulmuş şərtlərə münasibətin bildirilməsi iyulun 5-ə təyin edilmiş referendumla xalqın ixtiyarına buraxıldı.
Yunanıstanda yaranmış maliyyə problemləri və onun fonunda gedən siyasi proseslərin analizi məsələyə daha ətraflı yanaşmağı, bu hadisələrin yaratdığı siyasi əhəmiyyətə diqqət yetirməyi labüd edir:
a) müasir siyasi fəlsəfənin populyar tezislərindən biri demokratiyaların bir-birləri ilə müharibə etməməsi arqumenti ətrafında formalaşıb. Yunanıstan hadisələri ətrafında silahlı münaqişənin olacağı ehtimalı olmasa da, tərəflər arasında yaranmış ritorika kifayət qədər gərgindir. Baş nazir A. Siprasın “heç kəsin şantaj və ultimatum dili ilə danışmağa haqqı yoxdur” və “onlar bizdən şərtlərlə razılaşmağımızı deyil, bizdən siyasi vüqarımızı və iftixarımızı təslim etməyi istədilər” deməsi ilə Avropa demokratiyaları arasında münasibətlərin də əməkdaşlıq kontekstindən kənara çıxa biləcəyi reallığını nümayiş etdirir;
b) Yunanıstanda baş verən hadisələrə münasibət bildirən amerikalı filosof N. Çomski bir neçə ay öncə Afinanın ardınca oxşar problemlərin Portuqaliya, İspaniya və hətta İtaliyada yaşana biləcəyi ehtimalını irəli sürür. Almaniyanın borclarının 1953-cü ildə bağışlanıldığını xatırladan Çomski eyni addımın Yunanıstana münasibətdə də atılmasının yeganə çıxış yolu olduğunu bildirir. Qeyd edilməlidir ki, beynəlxalq maliyyə qurumlarının dövlətlərin kredit borclarının silinməsi təcrübəsi var, lakin Yunanıstanla bağlı məsələ artıq siyasi xarakter alıb. İyunun 30-da BVF-ə ediləcək ödəmənin təxirə salınması ilə Yunanıstan özünün qeyri-rəsmi defoltunu bəyan etməsi ölkənin beynəlxalq nüfuzunu və etibarlı tərəfdaş imicini sual altına alıb;
c) İyulun 5-ə təyin edilmiş referendumun nəticələri mühüm əhəmiyyət kəsb edəcək. Mövcud siyasi hakimiyyət xalqı yeni təkliflərlə razılaşmamağa çağırır və ölkədə baş verən son ayların siyasi aktivliyi ikili fikrin formalaşdığını nümayiş etdirir. Bir çox analitiklər bu referendumun nəticələrinin Yunanıstanın Avrozonadan və hətta AB-dən uzaqlaşmasına gətirə biləcəyi proqnozunu verir. Avropa Birliyinin ümumi iqtisadiyyatında çox cüzi paya malik olan Yunanıstanın Avrozonada qalması vacib məsələdir. Əks halda yaranacaq presedent vahid valyuta məkanında iqtisadi gərginliyi artırmaqla yanaşı vahid Avropa ideyasını silkələyə və sual altına ala bilər. Məhz bu səbəbdən də Avropa strukturlarının hadisələrin bu formada inkişaf edəcəyinə mane olacaqları ehtimal edilsə də, reallıqda Yunanıstanın növbəti ödənişləri ilin sonunadək etmək təklifini qəbul etməyib və referendumun nəticələrini gözləməyə qərar veriblər;
d) baş verən hadisələrin Avropa Birliyi daxilində yaratdığı təzadlardan biri də Almaniyanın nüfuzu ilə bağlıdır. Bu ilk növbədə Birliyin ən aparıcı iqtisadiyyatına sahib olan ölkənin beynəlxalq imicinin yunan xalqı qarşısında aşılanması ilə yanaşı “Avrozona”nın bütövlüyünün qorunması da məhz Merkel hökumətinin məsuliyyəti kimi qəbul edilir;
e) iyunun 19-da Sankt-Peterburqda beynəlxalq forumda iştirakı zamanı baş nazir A. Sipras prezident Putinlə bir sıra layihələrin icrasına başlanılması haqqında fikir mübadiləsi aparıb. Mövcud vəziyyətdən çıxmaq məqsədi ilə Rusiyadan maliyyə yardımının alınacağı haqda heç bir danışıq aparılmasa da, A. Siprasın “Biz təlatümlər içində yaşayırıq bu gün. Dəniz ölkəsi olduğumuzdan buna alışmışıq. Ancaq bir dəniz ölkəsi olaraq biz daha təhlükəsiz limanlar axtarışına çıxmışıq” kimi bəyanatı Yunanıstanın AB-nin cənub sərhədlərində qüvvələr nisbətinin dəyişilməsində zəif nöqtə və ya dönüş nöqtəsi ola biləcəyindən xəbər verir. Bu isə daha geniş Avropa regionunda geosiyasi nizamın dəyişə bilmə ehtimalını gücləndirir.
Beləliklə, 2015-ci ilin yanvarında hakimiyyətə gəlmiş A. Siprasın komandası siyasi qərar vermə iradəsini nümayiş etdirə bilməyərək hadisələrin sonrakı gedişini 5 iyul referendumunun ixtiyarına buraxıb. Referendumda uduzacağı təqdirdə yeni seçkilər təyin etmək məcburiyyətində qalacağı ehtimal edilən A. Sipras hökumətinin yaranmış gərgin vəziyyətdə xarici siyasət kursunun balanslaşdırılmasında uğursuz olduğunu nümayiş etdirib. İstənilən siyasi və iqtisadi problemlə rastlaşan hər hansı bir ölkədə bu vəziyyətin düzgün qiymətləndirilməsi və xalqın dalan vəziyyətə salınmaması üçün məsuliyyətli qərarların verilməsi ilə müxtəlif güclər və qurumlar arasında siyasətin tənzimlənməsinin mühüm faktor olduğu bir daha bəlli olub. Yunanıstan nümunəsində isə ölkənin de-fakto defolt vəziyyətə düşməsi ilə yanaşı, 5 iyul referendumunun nəticəsindən asılı olmayaraq hadisələrin tezliklə öz müsbət həllini tapacağı sual doğurur.
Şərhlər