Xocalıda günahsız insanları qətlə yetirənlər layiqli cəzalarını almalıdırlar

28.02.2016 21:36     A-reaksiya     1097

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilati dəstəyi ilə Permdə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində matəm konfransı keçirilib.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Perm diyarı bölməsinin mətbuat xidmətindən Azertac-a bildiriblər ki, konfransda 1992-ci ildə törədilən Xocalı hadisələrinin şahidləri, tələbələr, ictimai və hüquq müdafiə təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransı açan Perm diyarı Azərbaycanlı Gənclər Birliyinin həmsədri Emin Əliyev vurğulayıb ki, 24 il əvvəl Xocalıda baş vermiş faciə heç vaxt unudulmayacaq.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Perm diyarı üzrə əlaqələndiricisi Pərvin Orduxanlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş faciəli hadisələrdən söz açıb. O bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, o dəhşətli hadisələrin xatirəsini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır.

Kampaniya çərçivəsində təşkil edilən tədbirlər təcavüzkarlıq, separatizm, etnik təmizləmə, dini, irqi və hər hansı digər ayrı-seçkilik, habelə Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilən cinayətlərin cəzasız qalması əleyhinə mübarizədə ümumi iradənin nümayiş etdirilməsinə yönəlib.

Şərhlər

Çox oxunanlar