İnformasiya müharibəsində niyə uduzuruq?
29.02.2016 19:41 A-reaksiya 1548
Düz bir ildən sonra bu mövzuda ilk dəfə olaraq danışmaq, təsadüf deyil. Həmin vaxt çox adamlar üstümə gəldi, danış, müsahibə ver, dedilər. Amma mən susmağı seçdim... Ən yaxın əzizini itirən bir insan həmin an nə danışa bilərdi ki... Çünki mən bir ildir içimdə köz daşıyıram. Sadəcə, yazmırdım ki, kimlərsə, nəyəsə yozmasınlar. Məni tanıyanlar yaxşı bilir ki, heç vaxt kimdənsə öz maraqlarım üçün istifadə etməmişəm, etməyəcəyəm də!.. Mənim üçün milli maraqlar hər şeydən öndə gəlir... Məhz bu üzdən, hisslərimi çox kiçik bir yazı ilə çatdırmaq istədim.
26 fevral tarixi Xocalı soyqırımı ilə yanaşı, mənim üçün həm də ermənilərə qarşı 10 dildə informasiya müharibəsi aparan "KarabakhİNFO.com" saytının bağlanması ilə yadda qaldı və heç vaxt da yaddan çıxmayacaq. "KarabakhİNFO.com" həmin sayt idi ki, ermənilər onun haqqında "KarabakhİNFO.com - Azərbaycan dövlətinin təbliğat carçısı" yazırdılar. Qeyd etməsəm, günah olar ki, saytın üç il həm internet televizya, həm də yazılı fəaliyyət göstərməsində hal-hazırda da millət vəkili olan Elxan Süleymanovun müstəsna xidməti olumuşdu. E.Süleymanov bu saytın yaranması və yaşaması üçün nə lazımdırsa, etmişdi və etdi də... Sadəcə, bitdi... Ondan sonra ortada gəzənlər mənimlə onun arasına girməyə, söz gəzdirməyə, məni gözdən salmağa çalışdılar, amma VİCDANIM, NAMUSUM şahiddir ki, mən heç vaxt Elxan Süleymanovun haqqını danmamışam, danmayacağam da! Sadəcə, bu bir Azərbaycan reallığıdır, biri bir yerdən ayrılırsa, mütləq arada gəzənlər nələrsə qarışdırmağa çalışır. Bu barədə çox danışmaq istəmirəm, çünki sonra həmin arada gəzənlər elə anlayacaqlar ki, Zaur Elxan Süleymanova yarınaraq, ondan nəsə istəyir. Amma bilin ki, mən bu bir ildə bir dəfə də olsun, həmin adamı narahat etməmişəm, hətta sayt bağlanandan sonra onun mənə “Qal burda, aylıq maaşını da al” təklifini qəbul etməmişəm. Çünki mənə heç kimin havayı pulu lazım deyil. E.Süleymanov bu ölkədə barmaqla sayılacaq qədər həqiqi vətənpərvərlərdən və iş görən insanlardandır. “Sərsəng SOS” və “KarabakhİNFO” kifayət edir ki, adamın milli müstəvidə fəaliyyətini görəsən. Bu barədə bura qədər... Məni incidən isə, dediyim kimi, “KarabakhİNFO”nun bağlanması idi ki, övladını itirən ata necə əzab çəkirsə, mən də bu bir ildə eləcə əzab çəkdim. Yeri gəlmişkən, “KarabakhİNFO” ilə eyni vaxtda yenə də Elxan Süleymanovun təsis etdiyi və 11 il ərzində onun bilavasitə dəstəyi ilə sırf Qarabağla bağlı xarici dillərdə ölkədə yeganə mətbu orqan olan, rus və ingilis dillərində Qədir Nəsirovun baş redaktorluğu ilə nəşr olunaraq, dünyanın bir çox guşələrinə yayılan “Голос Карабаха” - “Voice of Karabakh” qəzetini də saxlaya bilmədik... Neyləyək, min təəssüf ki, biz erməni qədər millətçi, milli maraqlar üçün hər şeyindən keçən deyilik... Biz milli məsələdə bir nöqtəyə baxa bilmir, eyni yerə vura bilmirik. Hər şey kimi Qarabağ adını da monopoliyaya salıblar. Ən dəhiətlisi isə odur ki, ona da pul silmə mənbəyi kimi baxırlar...
Bu gün acım bir az dinib. Bilirsiniz, niyə? Ona görə ki, bu bir il ərzində dişimlə, dırnağımla, dostlarımın danılmaz mənəvi dəstəyi ilə “KarabakhİNFO”nun varisi sayıla biləcək “Karabakh Today”i 5 dildə (Azərbaycan, ingilis, rus, türk və ispan) zorla da olsa, işə salmışıq. Doğrudur, çox çətindir bu ölkədə milli təyinatlı bir iş görmək. Çünki bu adla al-ver edənlərə bizim işimiz sərf eləmir. Gücləri çatdıqları, ünləri yetdikləri qədər özümüzü və işimizi lazimi yerlərdə gözdən salmağa, badalaq atmağa, balta çalmağa çalışırlar. Amma biz müqəddəs bir yola çıxmışıq. Nə qədər təvazükarlıqdan uzaq olsa da, BİZ Azərbaycanın haqq bağıran səsiyik. Biz deyərkən mən yalnız özümü və dostlarımı demirəm. Bu yolda VƏTƏNə öz şəxsi maraqlarını güdmədən xidmət edən hər kəsi deyirəm. Amma nə olsun, biz çox azıq... Və bizim adamımız yoxdur. Bilirsiniz axı, bu ölkədə hər şey qohumla, adamla həyata keçir. Adamın olsun, Qarabağ adından al-ver elə, özünə gün-güzəran qur, bizness yarat, qaşın üstə gözün var deyən olmayacaq. Çünki ictimaiyyətin arxasinda güclü əl yoxdur. Nəyin həqiqətdə necə olduğunu lazımi yerə çatmağa qoymurlar. Aşağıda quyruqbuluyanlar da lazımi adamlara özlərinə sərf edən məlumatı verirlər. Dedim axı, səlahiyyət sahiblərinin bir çoxuna bizim kimilər sərf eləmir, biznesinə mane oluruq. Amma nə olardı, məhz bu məsələdə düşməndən nümunə götürəydik. Heç olmaya, MİLLİ DAVAda şəxsi maraqları kənara qoyub, bir SÖZ deyəydik...
Bu gün ermənilərin informasiya müharibəsində iştirak edən çoxsaylı və çoxdilli saytları var. Siz düşünürsünüz ki, onların hamısını dövlət maliyyələşdirir?! Xeyir, bunun, demək olar, hamısını xaricdə yaşayan erməni iş adamları edirlər... Amma bizim iş adamına, məmura, ya başqa imkanlıya Qarabağ adı deyəndə, ağzını büzür. Sonra da biz dünyadan ədalət istəyirik... Dünya bizə necə ədalətli olsun ki, bu gün Azərbaycanın məhz Qarabağla bağlı haqlı mövqeyini dünyaya çatdıran elektron resursları yox səviyyəsindədir. Olanalrın da fəaliyyəti iş xatirinə gündə sayta yazı qoymaqdan başqa bir şey deyil. Nə bir elmi araşdırma var, nə də bu istiqamətdə ciddi inforrmasiya müharibəsi... Ona görə ki bu gün mətbuatda ən mühüm sahə olan tərəf iflic vəziyyətindədir. Pullar yalnız siyasi oyunları icra edən mətbuat orqanlarına axıdılır... Dediyim kimi, yenə də şəxsi maraqlar milli maraqlrı üstələyir...
Bu gün Azərbaycanda “Dailykarabakh”, “Virtual Qarabağ”, “Karabakhmedia”, “Yknews”, “Lacin.info”, “Qaziler.az”, “Qarabagxeber” və bir neçə bu tipli saytlar var. Bu kimi saytlar nə qədər çox olsa, bir o qədər yaxşı olardı. Amma nə olardı ki, bu saytların hər biri aralarında rəqabət olmadan yalnız milli maraqlar üçün ciddi fəaliyyət göstərəydi... Təəssüf ki, göstərmir... Bilirik ki, bu gün dünya sosial şəbəkələrə sığacaq qədər kiçilib. Bu gün informasiya müharibəsi “Facebook”da, “Twitter”də və s. sosial şəbəkələrdə gedir. Siyasi oyunları icra edən mətbaut orqanlarının sosial şəbəkələrdəki üzvlərinin sayı yetərincədir. Amma yuxarıda adlarını sadaladıqlarım saytların sosial şəbəkələrdə aktivliyi yox dərəcəsindədir. Hətta Przident yanında Qeyri Hökumət Təşkiltlarına Dövlət Dəstəyinin maliyyə yardımı ilə 5 dildə yaradılan “Dailykarabakh” saytının cəmi bir – “com” domeni alınıb. Mənə çatmır ki, informasiya müharibəsinə girən və bir neçə dildə düşmənə qarşı virtual mübarizə aparan bir sayt nədən bu adın bütün domenlərini almasın?! Hansı ki, həmin domenlər bu gün də boşdur. Sabah bu sayt fəaliyyətini genişləndirib, informasiya müharibəsinə girdiyi anda, əmin olun ki, ermənilər həmin saytın bütün domenlərini alacaq və bizdən də yaxşı fəaliyyət göstərərək, çaşqınlıq yaradacaqlar. Bu gün almırlar, ona görə ki, həmin saytın varlığından xəbərsizdirlər. Dedim axı, bizim bu sahədə fəaliyyət göstərən mətbuat qolumuz iflic vəziyyətdədir. Bu saytları işlədən adamlar məndən inciməsin. Mən bir neçə il bundan öncə “KarabakhİNFO”da bu istiqamətdə fəaliyyət göstərən bütün sayt rəhbərləri ilə görüşüb, gəlin, bir yerdə fəaliyyət göstərək təklifini vermişdim. Çünki bizim xəbər saytları kimi bir-birimizlə rəqabət aparmaq vaxtımız deyil. Yenə də bu fikrimdə qalıram. Hər birimiz çalışmalıyıq ki, məhz milli davada çox olaq, bir olaq, yumruq olaq. Qoy, gün-gündən onun- bunun siyasi dəyənəyi olan saytların sayının artmağındansa, Azərbaycanın haqq səsini dünyaya yayan, Azərbaycanda müstəqil medianın olduğunu əyani olaraq göstərən saytların sayı çoxalsın. Amma bu bir arzudur. Çünki belə saytlar ölkə başçımız cənab İlham Əliyevdən və dövlətimizdən başqa, deyəsən, heç kimə lazım deyil... Lazım olanlara da, yuxarıda da qeyd etdiyim kimi, sadəcə, pul silmək üçün lazımdır.
Hə, belə, indi də deyirik, dünya bizə ədalətli yanaşsın... Biz dünyaya nə verdik ki, dünya bizə ədalətsiz yanaşdı?! Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasından başqa informasiya müharibəsində demək olar ki, heç nəyimiz yoxdur. Əslində var, sadəcə, dolayısı ilə erməni dəyirmanına su tökənlər həmin təbiğat maşınlarımızın işə düşməsinə imkan yaratmırlar. Unutmayın, ideologiya düzgün qurularsa, istədiyimizə çata bilərik. Təəssüf ki, bizim ideoloji təbliğat maşınlarımızın çalışması üçün “yanacaq” yoxdur. Yerimizdə xoruldaya-xoruldaya qalmışıq. Burdan isə səsimizi yalnız özümüz eşidirik... Bir daha möhkəm bağırmaq lazımdır, ona da gücümüz çatmır, heyimiz yoxdur...
Şərhlər