“Erməni zəng etdi ki, niyə gəlmirsiniz, qızlarınızın üçgünlüyüdür...” - BİR ŞƏKLİN TARİXÇƏSİ
05.03.2016 17:09 A-reaksiya 3258
Xocalı şahidi, jurnalist Şamil Sabiroğlu dəhşətləri danışır: “Xəcalətimizdən bir-birimizin üzünə baxa bilmirdik...”
Altıncı görüş, sonuncu yazı
Oxucum xatırlayır, yola bir zənglə çıxmışdım. Qabil Abbasoğlunun gözünü şəkildən ayırmadan “O adamları tapmaq lazımdır, Vüsalə... Onlar qəhrəmandır...” deməsindən sonra Lent.az-da “Bir şəklin tarixçəsi”ni araşdırmağa başladım. Bu müddət ərzində sizə şəhid şagirdlərinin şəklindən albom düzəldən Əkbər Rüstəmovun, reportyor Şakir Eminbəylinin, əfsanəvi komandir Fred Asifin qardaşı Ədalət Məmmədovla sürücüsü Cəbrayıl Cəbiyevin, mənə bu araşdırmada çox dəstək olan Murad Musayevin, Rafael Abbasovun, Vəli Babayevin söhbətlərini təqdim etdim. Onların xatirələrindən nə “şəkillər” yarandı gözüm önündə...
...Döyüşlərdə təhlükə yarandığında Azərbaycan bayrağını açıb döş cibində gizlədən hərbçi...
...Saysız-hesabsız meyitlərin, yaralı girovların arasında çəkiliş aparmağa çalışan, çiynindən ora-bura çəkilərək “onu da çək, bunu da çək” deyilən reportyor...
...Əsgərandakı çaxır zavodunun anbarında çəlləyə salınmış çılpaq azyaşlı oğlanın buz heykəli...
...Girovluqda qorxudan bir-birinə qısılan iki azyaşlı erməni qızlarının gözlərindəki vəhşət və bu baxışlar qarşısında kövrələn, onlara işgəncə verməyə əli gəlməyərək ağlayan Azərbaycan əsgəri...
...Dostunun parçalanmış bədənini döyüş meydanından çıxardan hərbçi...
...Son nəfəsində döyüşçü dostunun qucağında vəsiyyət edən əsgər: “Balalarımdan muğayat ol...”
Və neçə-neçə yaza bilmədiyim, heç vaxt yaddaşımdan silinməyəcək portretlər... Və danışdıqca gözlərini gizlətməyə çalışan məğlub kişilər... Birinci yazıda da yazmışdım, bu layihəni işləyərkən öyrəndim ki, həyatda məğlub kişinin gözlərinə baxmaqdan dəhşətli heç nə yox imiş...
Layihə çərçivəsində məni həyatdan küsdürən görüşlərdən cəmi altısı haqqında yazı təqdim etdim...
Çox istəyirdim ki, sonuncu bölümü Xocalı istintaq materialları əsasında yaradılan muzeydən hazırlayım... Bütün cəhdlərim boşa çıxdı... Mənə səbəb göstərilmədiyi üçün, mən də sizə deyə bilmirəm niyə alınmadı.
“Bir şəklin tarixçəsi”ndə sizə sonuncu görüşü, sonuncu yazını təqdim edirəm.
Şəkildəki adamı tanıyın: Şamil Sabiroğlu – “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, ”Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalı mükafatçısı, müharibə veteranı...
Əvvəlcə ona şəkli göstərirəm. Əlindən yerə qoymur, baxır, baxır...
- İndi ondan gəncəm... Mən insan həyatı yaşamamışam... Gənclik nə olduğunu bilməmişəm... Sevəsən, seviləsən, biz bütün bunlardan uzaqda böyüdük... Biz ancaq müharibə, ordu, xilas, torpaqları qorumaq haqqında düşünürdük. O vaxt insanlarda başqa ruh var idi...
- Şəklin tarixçəsini xatırlayırsınız?
- Bəli, Fransız jurnalisti çəkmişdi, xanım Fredrik Lengeyn... O zaman biz girovluqdan qaytarılan xocalılıları maşınlara daşıyırdıq... Qadını qucağında aparan baş leytenant Elxan Sadıqovdur, yanındakı isə mənəm...
- Elxan Sadıqov kim idi?
- Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı idi, indi Moskvada yaşayır...
- Çiyninizdəki çantanın içində nə var idi?
- Diktofon, fotoaparat və qumbara. Ehtiyac üçün F-1 qumbarası götürmüşdüm. Elxan Sadıqovda isə tapança var idi. Rəsmi şəkildə vermişdilər. Elə məqam olur, özünə qarşı bir tədbir görməlisən ki, erməni terrorçusunun və ya muzdlu döyüşçünün əlinə düşməyəsən. Həmişə qorxduğum yeganə şey o olub ki, girov düşərəm, bilmərəm, hər hansı bir vasitə ilə kimi isə sataram. Ona görə də istəməzdim girov düşəm. Başqa heç nəyə görə yox. Əzabı, işgəncəni gözə almayan zatən döyüşə yollanmaz. Təkcə girov düşsəm, özümüzünkülərdən kimisə satmış olaram deyə çox qorxurdum.
O şəklə baxarkən biz bir neçə il geri qayıdıb, yolunun Xocalıya necə düşməsi ilə tanış olaq:
1965-ci il avqustun 7-də Salyanda doğulub. Bakıda yaşayıb. Gənc komsomulçu ev növbəsinə düşə bilmək üçün Bakı Baş Tikinti idarəsində çalışıb. 1989-cu ildə, ermənilərin Gorus rayonu ərazisindən Xankəndinə tunel yolu çəkmək istədikləri məlum olanda idarədə belə bir elan verilir: “Laçında “Qayğı” qəsəbəsi inşa olunur. Könüllülərə ehtiyac var”.
Qısa müddətdə gənc komsomolçulardan ibarət briqada yaranır. Briqadanın komissarı isə Şamil idi. Beləcə, onun ayağı ilk dəfə Qarabağ torpağına “Qayğı” məqsədi ilə toxundu... 43 mənzilli binanı elə yerdə inşa etmişdilər ki, ermənilər tunel yolunu çəkə bilməsinlər.
Şamil latın qrafikası ilə Azərbaycan tarixi, ərazinin ta qədimdən bizə aid olması ilə bağlı məlumatlar hazırlayıb, material yazıb, butulkanın içinə yerləşdirib, yeni tikdikləri binaların bünövrəsinə yerləşdirirdi... Məlumatların sonunda isə binanı könüllülərin tikdiyini yazıb, imza atırdı: Şamil Ələkbərsoy.
1990-cı ilin aprelində komsomol biletindən imtina edən gənclər Xocalıya gəlir. Burada ikimərtəbəli məktəb binasının tikintisinə başlayırlar. Şamil eyni zamanda Cəmilli kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışmağa başlayır, Şah İsmayıl Xətai adına könüllülər dəstəsi yaradır...
- Biz tikdikcə ermənilər deyirdi ki, “tikin, tikin, onsuzda bizə qalacaq...”
1991-ci ildən həm də ölkənin ən populyar qəzetlərindən biri olan “Səhər” qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri kimi işləməyə başlayır. Qəzetin baş redaktoru, tanınmış jurnalist Məzahir Süleymanzadə Şamilə böyük etimad göstərir...
1991-ci il dekabrın 15-də ermənilər Cəmilli kəndini işğal edəndən sonra əhali Bərdə şəhərində məskunlaşır... Şamil isə həm “Səhər”, həm də “İki sahil” qəzetlərinə məlumatlar ötürürdü...
- Xocalı batalyonunda könüllü idim, lakin döyüşməyə qoymadılar. Əvvəldən dedilər ki, sənin qələmin var, yanımızda ol və sözümüzü Bakıya çatdır. Əməliyyatlara girirdim. Çətin əməliyyatlara girmişəm, erməni vurduğum vaxtlar da olub, amma mənim işim əsas o kadrları xalqa çatdırmaq idi.
- Qarabağdakı gərginlik Bakıda duyulmurdu. Xocalı faciəsindən əvvəl mətbuata hansı xəbəri ötürmüşdünüz?
- Artıq hiss olunurdu ki, Xocalı işğal oluna bilər... Ermənilər 1991-ci il noyabrın 1-dən Əsgərandan Şuşaya, Xocalıya gedən yolu beton dirəklərlə bağlamışdılar... Bilirdik ki, Xocalı işğala doğru gedir... 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi işğal olunanda “İki sahil” qəzetində yazdım ki, “Qarabağda vəziyyət yaxşı deyil. Bu gedişlə nə prezident iqamətgahı qalacaq, nə də onun bəzəkli kürsüsü...” Amma həftəlik qəzet idi... Təəssüf... Bu yazı Xocalının işğalından bir gün sonra dərc edildi...
- Hadisə vaxtı Xocalıda olmusunuz?
- Bakıya gəlib, oradan da Ağdama qayıtmışdım. Şəhid Milli Qəhrəmanımız Şirin Mirzəyevin alayından bir qrup götürdük ki, Xocalıya girək... Əməliyyatımız üç dəfə pozuldu. Özü də qəsdən pozdular. Biz ora heç nə düşünmədən, könüllü gedirdik. Mən Allah şahidiyəm, Ağdamda Xocalını xilas etməyə altı tabor hazır idi. Əsgərlər dağ kimi dayanmışdı... Bu da Bakıda, başı hakimiyyət davasına qarışanları narahat edirdi, çalışırdılar taborlar arasında qarşıdurma yaratsınlar... Onlar istəyirdilər ki, Ağdamdakı özünümüdafiə taborlarının başı özlərinə qarışsın... Bakı da özbaşına eləmirdi, bu işdə birbaşa Moskvanın əli var idi... Mən hadisə yerində idim, gözümlə gördüm ki, hamısı ayağa qalxmışdı – Şirin Mirzəyev, Allahverdi Bağırov, Fred Asif, Qatır Məmməd...
Onlar səfərbər olmasa inanın ki, Xocalı daha çox itki verərdi. Xocalıları mühasirədən çıxartmaq üçün necə çalışdılar, nə qədər itki verdilər... Fevralın 26-da səhərə qədər yaralıları çıxartdıq... Fikirləşdik ki, birinci yaralıları çıxardaq, sonra meyitləri... Axtarıb inildəyənləri tapır, gətirib maşınlara yerləşdirir, yenidən meşəyə qayıdırdıq... Çox adam idik. Bütün taborların döyüşçüləri, könüllülər, yerli camaat... Hamı yaralılara kömək etməyə çalışırdı, hamı qan içində idi...
Biz Xocalıda elə qocaldıq ki... O körpələr... O körpələr nə idi, ilahi! Hələ də gözümün qabağına gəlirlər... 13-14 yaşlı bir qızı elə hala salmışdılar ki... Üstü də tamam açıq qalmışdı... Cəsədini döyüşçülərimiz gətirmişdi... Bilmirəm, bəlkə də o qızın şəklini yeganə mən çəkmişəm... Düşündüm ki, üzünü çevirim, birdən valideynləri sağ qalar, görməsinlər bu halını... Çevirdim, amma üstünü örtmədim... Şəklini çəkdim...
- Bu fevralın 26-da oldu?
- Yox, artıq 28-də. Ümumiyyətlə, fevralın 28-də xeyli jurnalist gəldi Ağdama. İçində xarici jurnalistlər də var idi deyə ermənilərə tapşırıq verildi ki, bir az geri çəkilin, kameralar var... Uzaqdan atırdılar Ağdama...
- Meyitlər arasında tanıdıqlarınız var idi?
- Şagirdlərim, müəllim yoldaşlarım, dostlarım... Səadət Abbasova adlı bir xanım var idi, 1990-cı ilin 28 mayında, Xocalı şəhər stadionunda təşkil etdiyimiz tədbirdə necə gözəl şeir demişdi...
- Səadət... Valehin həyat yoldaşı?
- Bəli... Görün indi mən nə halda idim ki, məktəbdən tanıdığım uşağın indi meyitini görürdüm... Xocalının ən yaşlı sakini var idi, 88 yaşlı Allahverdi kişi. Azərbaycanın ilk hərbi operatoru, ehtiyatda olan polkovnik-leytenant Seyidağa Mövsümlünün kadrlarında görmüsünüz, yerdə uzanıqlı, başında buxara papağı olan kişi... Namaz qılan adam idi... Allahverdi kişi ilə biz nə qədər şirin söhbətlər etmişdik... İndi biz onun meyitini çıxartmalıydıq...
- Siz həm də Azərbaycan mətbuatına Xocalı faciəsi barədə ilk məlumat verən jurnalistsiniz. Yaralıların, meyitlərin daşınmasında iştirak edirdiniz, Bakıya məlumatı nə vaxt ötürürdünüz?
- Bəli, qismət belə gətirdi ki, Xocalı faciəsi haqqında Azərbaycan mətbuatına ilk məlumatı və fotonu göndərmək mənim taleyimə yazıldı. Amma orada məndən başqa da müxbirlər var idi...
- Kimləri xatırlayırsınız orada?
- Rəhbər Bəşiroğlu... Türkiyənin “Milliyyət” qəzetinin müxbiri idi. Eyvaz Rüstəmli “Azərbaycan radiosu”ndan, Elxan Rüstəmov “Azərtac”dan... O vaxt Elxan Rüstəmov “Xocalı od içində” başlıqlı məqalə yazdı... “Azərtac” isə o materialı vermədi ki, “insanların arasında şayiə yaymayın”. Mənim göndərdiyim məlumat isə “Səhər” qəzetində getdi. Amma yenə deyirəm, itirmək olmaz, Eyvaz da yazmışdı...
- İlk məlumatı necə ötürmüşdünüz, bunu xatırlamağınızı istəyərəm...
- Yaralı, meyit daşımaqdan qan içində idik. Həm də gördüklərimizdən dəhşətə gəlmişdik. Fevralın 26-da axşama qədər özümdə olmadım. Axşam qəfil ayıldım ki, axı mən həm də müxbirəm, Bakıya xəbər verməliyəm... Məlumat verəndə bir səhvim onda oldu ki, Xocalının icra başçısı Elman Məmmədovun da həlak olduğunu dedim. Bu, səhv idi. Çünki içəridən xəbər gəldi ki, Elman müəllim də yaralanıb və orada qalıb. Mən də Bakıya məlumatı elə verdim.
- Bakıda bu məlumatı necə qarşıladılar? Mən xatırlayıram Xocalıda cəmi iki nəfərin həlak olması ilə bağlı televizordan verilən xəbəri...
- Bəli, Bakıda mənə inanmadılar... Dedilər, nə danışırsan, axı deyirlər, cəmi iki nəfər ölüb. Dəli olmuşdum, ay kişi, nə iki!? Tofiq ölüb, Əlif ölüb, Rövşən ölüb... Elə təkcə gözümlə gördüklərimi sadalayırdım... Ağdama nə qədər meyit gətirmişik. İki nəfər nədir? Azından elə hərəmiz 30-40 meyit daşımışıq... Hələ nə qədər adamdan da xəbər yoxdur... Dedilər yox ey, ola bilməz!
...Və onda mən ağladım... Bu gün kimi yadımdadır, hönkürüb ağlayırdım... Deyirdim, “Hidayət bəy, (baş redaktorun müavini, şair-publisist Hidayət Elvüsal) mənə, bölgə müxbirinə inanmırsınız? Mən Ağdamın rabitə şöbəsinə nə müsibətlə gəlmişəm... Burada insanlar təlaş içindədir, şəhər məscidi meyitlərlə dolub... Siz mənə inanmırsınız? Sizə deyirəm, Xocalı işğal olunub... Sizə deyirəm ölənlərin sayı-hesabı yoxdur... Nə qədər xocalılını girov götürüblər... Orda artıq özümü itirmişdim, onda dedim ki, Elman Məmmədov da həlak olub... İnanın ki, artıq başım işləmirdi... Gözləməyə halım yox idi ki, Elman Məmmədov gələnlərlə gələcək, ya yox. Adam öldürməyə hazır idim...
- İnandılar?
- Ağlayandan sonra hə, inandılar... 1992-ci il, fevralın 27-də “Səhər” qəzeti məlumatı dərc etdi, bir gün sonra Prezident Aparatındakı bəzi nadanların təhrikilə 300 qız-gəlini yığdılar “Azərbaycan” nəşriyyatının qarşısına, etiraz etdilər ki, “Səhər” qəzeti ermənilərə işləyir, yalan yazır. İki gün sonra isə parlamentin iclasında qəzetin bu xəbərini müzakirəyə çıxardılar. Qəzet yanlış məlumat üçün üzr istəsin dedilər...
Mənim üçün bu zərbə üstündən zərbə idi. Üst-başım qan üçündə, yaralı daşıdığım halda Bakıda ermənipərəst olmaqda ittiham edilirəm. Həmən saatlarda mən Ağdamda qucağımda körpə meyiti daşıyıram... Biz burada az qalmışıq ağlımızı itirək, cəmi bir neçə kilometr aralıda, Bakıda bizə inanmırlar... Üstəlik, həbsim üçün hazırlıq görüldüyünü dedilər...
Meyitlərdən bir qadının ayaqları, döşləri açıq idi... Məlum idi nə vəziyyətə salınıb... Sonra isə trosa bağlayıb sürüyüblər... Bəzi kişilərin əzalarını, cinsiyyət üzvlərini, qulaqlarını kəsmişdilər... Yəni qucağımızda daşıdıqlarımız da sadəcə meyit deyildi... Parça-parça, tikə-tikə... Salamat bədəni olan var idisə, cəmi bir güllə dəymişdisə, şükür edirdin ki, bədəni ələ gəlir... Tək-tək meyitlər var idi ki, döyüş görməmişdi. Hiss edirdin ki, ürəyi partlayıb... Ölənlərin 90%-i yaralanıb, qanaxmadan getmişdi...
Qucağında yaralı daşıyırsan, sevinirsən ki, heç olmasa yaralıdır, tez hospitala çatdırasan, o da gözünü gözünə zilləyib deyir, “qardaş, qoyma məni ölüm”. Başını sığallayıb xoş söz deyirsən, istəyirsən ürək-dirək verəsən, sən ağzını açınca elə qucağındaca keçinir...
Hələ meşədə qurd-quşun dağıtdığı meyitlərin görkəmi heç deyiləsi deyildi... Xərək yox, biz günlərlə meşədə qalıb iylənən meyitləri tapıb, qucağımızda daşıyırdıq...
Ağdam məscidində yaşanan mənzərəni isə izah edə bilmirəm. Meyit o qədər idi ki, bir yandan tabut, o biri yandan isə mələfə çatışmırdı... Mən, meyitdən uzaq qaçan adam, indi meyit yumağa kömək edirdim... Qonşu rayonlardan axışıb köməyə gəlir, özləri ilə tabut gətirirdilər...
Belə bir vəziyyətimizdə bizi ermənipərəstlikdə ittiham etmək elə ermənilik idi...
- Bəs axırı necə oldu? Necə inandırdınız?
- Hakimiyyəti inandırmaq üçün bir neçə körpənin meyitini Bakıya yolladıq... Məmməd İsmayıl başda olmaqla, aparıb izdihamla “Şəhidlər Xiyabanı”nda dəfn etdilər. Onda həmin şəkilləri “Səhər”in fotomüxbiri Şahin Firudinoğlu çəkmişdi. İllər sonra ermənilər həmən şəkilləri Vaşinqtonda erməni uşaqları kimi təqdim etmişdilər...
- Dövlət nə qədər gizlətməyə çalışsa da, jurnalistlərin “həqiqəti” özləri ilə Qarabağdan Bakıya gətirdilər...
- Bəli... Həqiqət bu gün də Seyidağanın kadrlarında yaşayır... Hələ nə qədər çəkilməyən kadr oldu... Sizə heç vaxt unutmadığım bir hadisəni danışım. Artıq ermənilər Ağdam xəstəxanasını Qrad mərmiləri ilə dağıtmışdılar, vaqonda şəraitsiz hospital idi. Aləm dəymişdi bir-birinə... Zarıltı, qışqırıq, bağırtı əlindən dayanmaq mümkün deyildi... Orta yaşlı qadının sinəsi tamam yaralanmışdı... Həkimlər döşünü amputasiya edirdi... Əməliyyat zamanı şəklini çəkdim... Bilirsiniz, sözlə deyiləcək deyil. Həm buna baxmaq çətindir, həm də axı sən işləməlisən... Bir neçə foto çəkdim, qadın üstümə acıqlandı ki, niyə məni bu vəziyyətdə çəkirsən? Əhd eləmisən ki, məni bu vəziyyətdə çəkəsən? Qadının o sözünə görə kadrı sildim...
- Qadının durumu necə oldu?
- Əməliyyatdan çıxdı, amma sonra dünyasını dəyişdi... Ağır yaralanmışdı, sinədən girib, arxadan çıxmışdı... Döşünün bir tərəfi yox idi, qalanını da kəsirdilər...
- Siz girovların dəyişdirilməsində də olmusunuz. Şəkil də orada çəkilib. Bir az da bu haqda danışmağınızı istəyirəm...
- Seyidağa bu haqda daha yaxşı bilir. Bir hadisə danışım, mənə Seyidağa danışıb. Deyir, bir dəfə görüşəndə Allahverdi Bağırovla Vitali Balasanyanın arasında qarşıdurma olub. Seyidağa şahiddir. Allahverdi Vitaliyə deyıb ki, “Siz elə bir faciə törətmisiniz ki, buna görə cavab verməli olacaqsınız!” Vitali də başlayıb and-aman eləməyə ki, “Alik, vallah, biz eləməmişik. Ruslar başladı, biz də onların ardınca getmişik...” Onu da mütləq deməliyəm ki, Seyidağanın əziyyəti çox olub. Bu haqda danışanda mütləq vurğulamaq lazımdır ki, Seyidağa müəllim 1991-ci il dekabrın 19-da Kərkicahan qəsəbəsinin müdafiəsi zamanı yaralandı, Xocalı soyqırımı zamanı isə gördüyü dəhşətli mənzərələrdən şəkər xəstəliyi tapdı...
O, girovların ermənilərdən təhvil alıb, maşınlara daşınmasından danışır. Mən isə “Əsir düşərgəsi”ndə müsahiblərimin söhbətini xatırlayıram: “Addım ata bilmirdik, qarşıdan milli ordunun əsgərləri gəldi, bizi qucaqlarına alıb, apardılar...”
- Aralarında bir uşaq var idi, elə gözəl uşaq idi ki... Bir gözləri var idi... Seyidağanın kadrlarında var...
- Başına ağ yaylıq bağlanan uşaq?
- Bəli, onu mən gətirdim qucağımda...
- Adı Mehdidir... Mən onun gözlərini unutmuram. Həmin kadrlarda baxışları o qədər ətraflı danışır ki, hələ bu günə kimi heç bir girov onun baxışlarındakı hadisələri dilinə almayıb...
- Bəli, Mehdi... Hər iki valideynini itirmişdi... Ayaqlarını don vurmuşdu, yeriyə bilmirdi. Mən gətirdim onu qucağımda, kadra düşməyib, qucaqlayıb hər iki yanağından öpdüm, dedim necə gözəl qızdır, amma gör nə günə qalıb. Kimsə dedi ki, qız deyil, oğlandır...
Orada bizim missiyamız onları alıb gətirib maşına yerləşdirmək idi. Maşına çatdırıb, dərhal da geri qayıdırdıq. Vaxt yox idi... Girovların halı deyiləsi deyildi... Bilirsiniz, biz də girov götürmüşük. Şəxsən mənim əlimdə erməni qadını olub. Milli qəhrəman Tofiq Hüseynovun qardaşı Bakir əsirlikdə idi, onu dəyişmək üçün götürmüşdük. O qıza qarşı artıq bir hərəkət edilməsinə icazə vermədim. İndi düşünürəm ki, biz o qadını necə hörmətlə yola saldıq... Cavan gəlin idi, Ağdamın kəndlərindən birində saxlayırdıq. Evdə qalırdı, qadınlar özləri də yaxşı baxırdılar ki, sabah gedib ölkə haqqında mənfi bir söz deməsin. Biz onları necə təmtəraqla yola salırdıq... Amma qaytarılan adamlarımızı nə kökdə gətirirdik... Xəcalətimizdən bir-birimizin üzünə baxa bilmirdik... Kişilərin başına min bir əziyyət gətirib, öldürürdülər. Qızların da başına nə oyunlar açırdılar... Üzr istəyirəm, zorlayıb, “uşağı özümüz saxlayacağıq, kamikadze kimi hazırlayıb, Azərbaycana qarşı istifadə edəcəyik”, deyirdilər...
Heç vaxt unutmuram... Xocalı soyqırımından üç gün keçmişdi. Ağdam-Əsgəran yolundakı məşhur “19-cu post”un yaxınlığında, Xoramortdan bir erməni ratsiya ilə zəng etdi. Dedi, ara, bəs niyə gəlmirsiniz? Axı, bu gün sizin qızların “üçgünlüyüdür”... Biz bu sözləri qulağımızla eşitmişik... Bundan o yanası yoxdu...
Lent.az
Şərhlər