İlhamə Quliyevanın evinin qıfılını kim dəyişib?

07.03.2016 00:24     A-reaksiya     1344

Vəkil mərhum müğənninin evinin möhürlənməsini qanuni saysa da, hüquq müdafiəçisinə görə, hüquq-mühafizə orqanlarının belə səlahiyyəti yoxdur...
 
Xalq artisti İlhamə Quliyevanın miras qalmaqalı səngimək bilmir. Hər keçən gün onun ölümü və mirası ilə bağlı yeni müəmmalar, ilginc təfərrüatlar, iddialar ortaya çıxmaqdadır. Ötən gün isə müğənninin bütün mirasına həbs qoyulması xəbəri yayıldı. 
 
Yayılan məlumatlara görə hətta müğənninin oğulluğu Orxan Nadirovun idarə etdiyi maşını da əlindən alınaraq dövlətə təhvil verilib. Bundan öncə isə O.Nadirov mətbuata açıqlama verərək bildirmişdi ki, İlhamə Quliyevanın maaş kartı da dondurulub. Lakin müğənninin əməkdaşı olduğu Televiziya və Radio açıq Səhmdar Cəmiyyəti tərəfindən  bu açıqlama təkzib edilərək məlumatın tamamilə yalan olduğu bildirildi. Miras qalmaqalında ən çox adı hallanan isə müğənninin yaşadığı dəbdəbəli evidir. Evin kimə nəsib olacağı mübahisəli məsələ olaraq qalır. 
 
İlhamə Quliyevanın dayısının kürəkəni, müğənni Əli Mirəliyevin sözlərinə görə, müğənninin dəfnindən qayıdanda həmin evin qıfılının dəyişdirildiyinin şahidi olub. Əli Mirəliyev bu işin Orxan Nadirov tərəfindən həyata keçirildiyinə işarə vurub: “İlhamə xanımın oğlu məni niyə ittiham etməlidir ki? Ondansa öləndə yanında olaydı da. İlhamə xanımı dəfn edib gəlib görürük ki, evin açarlarını dəyişiblər. Yaxşı iş görürlər bunlar?” 
 
İlhamə Quliyevanın mirasına gəldikdə isə yaxınlarının da iddialarına görə, müğənninin Bakının bir neçə yerində mənzilləri, bahalı avtomobilləri, çoxlu qızıl-zinət əşyaları, brilyantı, həmçinin, bank hesablarında kifayət qədər böyük həcmdə pulu var. Lakin əldə etdiyimiz məlumata əsasən, oğlu Orxan Nadirov nədənsə uzun müddətdir ki, kirayədə yaşayır və maddi durumu kifayət qədər aşağı səviyyədədir. Üstəlik,  O.Nadirov zamanında doğru-dürüst təhsil almadığı üçün iş tapmaqda da çətinlik çəkir. İdarə etdiyi, İlhamə Quliyevanın adına olan maşının da onun əlindən alınması isə görünür, onun yaşayış durumunu bir qədər də ağırlaşdıracaq. Bir məqamı da xatırladaq ki, İlhamə Quliyeva oğulluğu barədə son açıqlamasında onun pis ətrafı, dostları olduğunu demişdi: “Oğlum onlardan qurtulsa, yaxşı olacaq”. 
 
Bəs görəsən, müğənninin bütün mirası niyə dondurulub? Yaşadığı mənzilin qapısının qıfılı kim tərəfindən dəyişdirilib? Hazırda həmin mənzildə kim yaşayır?
 
Bəzi iddialara görə mənzilin qıfılının dəyişdirilməsi məhz Orxan Nadirovun “pis ətrafı, dostları” tərəfindən həyata keçirilib. O da məlumdur ki, O. Nadirovun yaxın dostu Vüqar Bəkirov bir müddət bundan əvvəl dələduzluq maddəsi ilə həbs olunub.
 
*****
 
Əli Mirəliyev deyir ki, bu işi törədənin kimliyi əslində hamıya məlumdur. Müğənni bu barədə “Yeni Müsavat”a açıqlamasında deyib: “Hamı bilir ki, kim nə istəyir, kim evin açarını dəyişib... Hər şey aydındır”.
 
Orxan Nadirovun vəkili, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev isə olaya bu cür aydınlıq gətirdi: “Bu məsələlər ailə söhbətləridir. Fikrimcə, belə  məsələlərə müdaxilə etməyə ehtiyac yoxdur. Amma Orxan bəyin maşının əlindən alınması və yaxud hansısa mənzillərdən məhrum olması o demək deyil ki, hər şey Orxanın əlindən çıxır. Bu, dövlət tərəfindən gələcəkdə hüquqla tənzimlənməli, çözülməli olduğuna görə qeyd etdiyimiz məsələlər dövlət tərəfindən siyahıya alınıb, müsadirə olunmayıb. Qanunlara görə, İlhamə xanımın mənzilləri möhürlənmiş formada olmalıdır. Və buna görə də gələcəkdə məhkəmədə, hüquqi cəhətdən əsaslandırılmış formada bir vərəsəlik ortaya çıxması və yaxud mirası hansı qaydada bölünməsi üçün bu məsələlər aparılır. Və bu da tam qanuna uyğun şəkildə həyata keçirilir. Heç bir narahatçılıq da yoxdur.
 
Burda kiminsə qıfılı dəyişməsi və yaxud sındırması mənə elə gəlir ki, məntiqdən kənardır. İlhamə xanım o evdən çıxıb qəbir evinə gedib. İlhamə xanım o evdən gedibsə, deməli, o evin qapısı bağlanmalıdır. Dünən bağlanıb, bu gün də dövlət, hökumət orqanları tərəfindən siyahıya alınmada təhvil verilib ki, buyurun, həm evin açarları, həm də maşınlar sizdə qalsın. Bütün nə varsa hamısı sizdə olsun ki, gələcəkdə hansısa mübahisəli məsələlərdə, məhkəmə işində tam məsuliyyətlə cavab verilsin  ki, əşyalar bundan ibarətdir. Yəni başqa söz-söhbətlər olmasın. Orxan heç vaxt heç kimə qarşı olmur”. 
 
Vəkil Əli Mirəliyevin miras iddialarına da münasibət bildirib: “Əli Mirəliyev də təsdiqləyir ki, Orxan İlhamə xanımın oğludur. Mən həmişə çalışmışam ki, qohum-əqrəba arasındakı məsələlərə müdaxilə etməyim. Amma kim ki, hansısa bir şayiəni şoulaşdırır və yaxud ondan öz xeyri üçün istifadə edir, buna düzgün baxmıram. Həm vərəsəlik, həm də miras haqqında son sözü məhkəmə deyəcək. Qanunlarımız hər şeydən üstündür. Azərbaycan qanunları alidir və işləkdir. Bu məsələlərə müdaxilə etmək, indidən nəsə söz demək doğru deyil”. 
Vəkil, Orxan Nadirovun yalnız yaz mərasimi ilə məşğul olduğunu qeyd edib: “Orxan tam şəkildə, qırx mərasiminə qədər yasla məşğuldur. Gəlib-gedən qonaqları yola  salır.  Hansısa  miras haqqında düşünmür”. 
 
"İlhamə Quliyevanın oğulluğu həqiqətən kirayədə yaşayır” sualımıza vəkil bu cür cavab verdi: “Bu haqda mən heç nə deyə bilmərəm. Çünki mən o məsələlərə qarışmıram. Orxan bəyi, onun oğlu Ruslanı həmişə İlhamə xanımın yanında görmüşəm. İlhamə xanım həmişə mətbuatda, mediada deyib ki, Ruslan onun ən əziz adamı, yeganə və çox sevimli nəvəsidir”.
 
Vəkil O.Nadirovun ətrafını dələduz adlandıranları qınayıb və bildirib ki, həmin şəxslər məhkəməyə veriləcək: “Onu ətrafına dələduz demək məsuliyyətli məsələdir. Burda məhkəmə elementi var, məhkəməyə verilə bilər. Heç kimə ixtiyar verilmir ki, kiməsə dələduz deyilsin”.
 
Vəkil Əli Mirəliyevin bəzi fikirlərinə də münasibət bildirib: “Hər kəs öz işini düzgün qurmalı, danışdığı hər bir sözün məsuliyyətini daşımalıdır. Hər kəs öz çevrəsini düzgün nəzərdən keçirməlidir. Başqaları da başqa söz deyə bilər ki, kimsə hardasa... Nəisə, mən bəzi şeyləri açıqlamaq istəmirəm”.
 
Bəs görəsən hansı halda ölən şəxsin evi möhürlənə, qıfıllana bilər? Hüquq müdafiəçisi Müzəffər Baxış bu məsələdə bir müəmma olduğunu vurğulayıb: “ Mən heç inanmıram ki, gəlib o evin qapısını qıfıllayıb və ya möhür vurublar. Yalnız istintaq orqanı bu barədə dəqiq deyə bilər. Qanuna görə, hüquq-mühafizə orqanlarının  əməkdaşları evdə müayinə apardıqdan sonra onlarda müəyyən şübhələr yaranıbsa ki, o evə kimlərinsə girməyi həmin evdə hadisə yerinin vəziyyətinin dəyişməsinə səbəb ola bilər, yalnız bu hallarda ev möhürlənə bilər. Hüquq-mühafizə orqanlarının səlahiyyəti yoxdur ki, əmlak üzərində həbs qoysun və həbs etmə məqsədi ilə ev qıfıllasın. Bəzən deyirlər ki, hüquq-mühafizə orqanları həbs qoyublar. Onlar birbaşa özləri həbs qoya bilmir. İlhamə Quliyeva haqqında axı cinayət işi yoxdur ki, onun əmlakı üzərində hüquq mühafizə orqanları həbs qoysun”. 
 
Müzəffər Baxışın sözlərinə görə, eyni zamanda ölən şəxsin evinin sahibi olmadığı halda mənzilə həbs qoyula bilər: “Ola bilsin ki, hüquq-mühafizə orqanları hərtərəfli müayinə keçirə bilməsinlər və yaxud müəyyən etsinlər ki, bu evin sahibi yoxdur, bu hallarda hadisə yerinin müayinəsni həyata keçirdikdən sonra digər şəxslər tərəfindən evin qarət edilməsinin qarşısını almaq üçün mənzilin qapısını qıfıllaya, möhürləyə  bilərlər. Yalnız bu halda ola bilər. İlhamə Quliyevanın evinin möhürlənməsinin əsl səbəbini qıfılı, möhürü vuran şəxs deyə bilər”. 
 
Xatırladaq ki, xalq artisti İlhamə Qulieva fevralın 25-də səhər saatlarında ürək tutmasından dünyasını dəyişib. Mərhum sənətkarın bacısı İradə Quliyevanın sözlərinə görə, həmin gün İlhamə Quliyevaya telefon zəngi gəlib. Xalq artisti telefonla danışarkən bərk əsəbiləşib, birdən-birə halı pisləşib və qəfildən dünyasını dəyişib.
 
 
(Musavat.com)

Şərhlər

Çox oxunanlar