Müharibələr niyə Qərbdə yox, Yaxın Şərqdə çıxır? - TƏHLİL

06.07.2015 15:27     A-reaksiya     2980

Hal-hazırda Yaxın Şərqin siyasi, ictimai vəziyyətinə baxdığımız zaman, bu bölgənin hansı fəlakətlər içində yaşadığını açıqca görülməkdədir.

İraq, Yəmən, Suriya, Fələstin, Əfqanıstan və s məsələ ilə bağlı ən yaxşı nümunələrdən sayıla bilər. Hər gün minlərlə insanın bu bölgədə öldüyü artıq təkrarlanan bir hadisəyə çevrilib. Mediada nəşr olunan xəbərlər hansı məqsədlə olursa olsun bütün bu ölümlərin normal hala gəlməsində böyük önəm daşıyır. Artıq qulaqlarımız Yaxın Şərqdən gələn uşaqların ölüm xəbərini Qərbdəki hava haqqında məlumatları ilə demək olar ki, eyni formada qəbul etməkdədir. Sanki ölüm, fəlakət bu bölgəyə və onun xalqına aid bir qaçınılmaz xüsusiyyət olmuşdur.

Məhz bu mövzuya fərqli yöndən baxdığımız zaman, bir neçə əsas sual ortaya çıxır. Niyə müasir dünyada müharibələrin çoxu Yaxın Şərqdə cərəyan edir? Bu müharibələr Yaxın Şərqin indiyə kimi dinclik içində olan ölkələrə sirayət edə bilərmi? Bu müharibələrdən kimlər mənfəət əldə edir? Belə sualları çox sıralamaq olar, amma sualların ən əhəmiyyətlisinə işarə vermək daha məntiqidir. Eyni zamanda fərqli ideologiyalar, fərqli alimlər və. S. bunlara çox dəyişik formada cavab verirlər. Məsələn, bəziləri bu fəlakətlərin səbəbi kimi İslam dini olaraq görür və ya bəzilərinə görə bu regionda yaşayan xalqın alın yazısı belə imiş deyə reaksiya göstərir, amma siyasi qruplar və dövlətlərarası mənfəətlər də bu cavablara təsir etməkdədir.

Bu yazıda məsələ tənqidi bir üsulla ələ alınıb həm də kapitalist sistem, əsas səbəb kimi araşdırılacaq. Ümumiyyətlə, sol düşüncə kapitalizmə qarşı uğurla çalışıb və bu baxımdan təəssüf ki, İslam dünyasının mütəfəkkirləri akademik olaraq kifayət qədər səy göstərməyiblər və ya xərclədikləri səylərin çoxu duyğuya əsaslanıb (İslam dünyasının mütəfəkkirləri bu məsələ ilə bağlı öz cəmiyyətlərinin şərtlərinə uyğun və elmi araşdırmalar aparmalıdır), amma məsələni məhdudlaşdırmaq üçün məcburi olaraq İslam dünyasının mütəfəkkirlərinin niyə az çalışdıqları sualından vaz keçib əsl mövzumuza keçmək lazımdır.

Kapitalist sistemin əsas xüsusiyyəti sömürgəçilik olduğundan müxtəlif vasitələrdən, üsulları istifadə edərək müstəmləkəçiliyi davam etdirmək istəyir, çünki onsuz bu sistemin yaşaması mümkün deyil. Buna görə indiki vaxtda çox ictimai, siyasi hadisələrin arxa planında kapitalizmin əllərini çətin də olsa görə bilərik. Samuel Phillips Huntington 1988 – ci il tarixində nəşr olunan əsərində mədəniyyətlərin qarşıdurması düşüncəsini ortaya çıxararaq kapitalist sistemin və təbii ki, Amerika dövlətinin siyasi, iqtisadi suverenliyini qorumağa xidmət etmişdir. Amerika dövləti də bu nəzəriyyəni öz maraqlarını təmin etmək üçün siyasətin mövcud sahələrinə oturtmağa böyük dərəcədə səy göstərmiş və indiyə kimi də bu səylər öz müsbət təsirini göstərməkdədir. Huntington ölkələrarası və ölkələrin öz içlərində olan qarşıdurmaların gedərək mədəni ağırlıq qazandıqlarını müdafiə edir. Bu nəzəriyyəyə görə başda İslam mədəniyyəti olmaqla dünyanın böyük mədəniyyətləri Qərb sivilizasiyası ilə müharibə və qarşıdurma içində yaşayır və nəticədə qərb bu döyüşün qalibi olur. Kapitalist sistem demokratiya, insan hüquqları, azadlıq, hüquq kimi anlayışlardan istifadə edərək praktikada eyni döyüşü aparır. Əslində bu bir ictimai sistem yaradıcılığıdır, yəni bu döyüşlər normal şəkildə yox, bəlkə bir plan və ya fantastika nəticəsində aparılır, buna görə də kapitalist sistemin maraqları davam etdiyi üçün meydana gəlib. Eyni zamanda bu nəzəriyyə Amerkanın yeni dünya sistemi yaratma və qloballaşma planları ilə üst –üstə düşür.

Normalda bəşər sivilizasiyası, xüsusilə də səmavi dinlərdən doğan mədəniyyətlər bir birinin ardınca gələn və bir birini mükəmməlləşdirən fenomenlərdir. Huntingtonun mədəniyyətlərarası ayrı-seçkilik planlarına baxmayaraq, mədəniyyət ümumiyyətlə insanlığın müxtəlif bölgə, zaman və məkanlarının meydana gətirdiyi mədəniyyətin ümumi mənadakı inkişafıdır. Bu inkişaf isə bütün insanlığın ortaq dəyəridir. Mövlana, Yunus Əmrə, Hafiz, İbn Sina, və Molla Sədra kimi böyük insanlar təkcə bir mədəniyyətin, irqin və ya xalqın inhisarında ola bilməz. Amma indiki vaxtda kapitalist sistem, bütün dünyaya hakim olmaq sevdası ilə insanlığın ortaq dəyəri olan mədəniyyəti şərqə və qərbə bölərək ikisinin arasında müharibə yaratmaq istəyir. Bu müharibınin yaradılmasında da əhəmiyyətli dərəcədə uğur da qazanıb.

Müsəlmanlar indi İslamın özü ilə yox, bəlkə görünüşü ilə məşğul olurlar, məsələn, Peyğəmbərimizdən bir hədis var ki məna olaraq elm hətta Çində belə olsa onu əldə etməyi ifadə edir. Amma dünyanın araşdırma mərkəzləri, müsəlmanları ən az oxuyan xalq kimi göstərir. Ətrafımıza baxsaq, bu gerçəyi yaxşıca anlaya bilirik. Təəssüf ki, ilahiyyatçılarımız ancaq namaz, orucla bağlı fikir yürüdürlər (namaz və ya oruc İslam dininin əhəmiyyətli əmrlərindəndir, amma hamısı deyil) və bunlardan o tərəfə keçmirlər. Oxumadıqlarına görə müsəlmanlar öz dinlərinin qəbul etmə gücünə də sahib deyillər və buna görə də saxta dindarların və ya kapitalist sisteminə xidmət edən saxta dindarların sözlərinə dərhal inanıb onların danışdıqlarını həqiqi İslam kimi qəbul edirlər, elə faciə də buradan ortaya çıxır. Məsələn Suriyada Əsad rejiminə qarşı döyüşən müxtəlif qrupların çoxu, yalnız öz ideologiyalarını tam İslama uyğun olduğunmu düşünüb başqalarını kafir kimi göstərirlər, amma işin qəribəsi bu qruplara inanan normal müsəlman xalqlardır, çünki bu qruplara inananlar olmazsa öz başlarına heç nə edə bilməzlər. Bu inancların və oxumamaqların nəticəsində də Huntington kimi insanların yazdıqları nəzəriyyələrin praktik sahədə reallaşmasını güclənir. İraqda, Suriyada istifadə edilən silahların kimlər tərəfindən satışı həyata keçirilir və ya İŞİD tərəfindən ucuz qiymətə satılan neftdən kimlər faydalanır suallarına cavab axtarsaq, o zaman vəziyyət dərhal ortaya çıxır. Amma müsəlmanların neçə faizi bu məsələlərdən xəbərdardır? Və ya bu məsələlərdən xəbərdar olmağımıza maneə olan səbəblər nələrdir?

Hal-hazırda Orta Şərqin bir çox ölkələrində siyasi rəhbərlik Qərbmeylli liderlərin əlindədir və bu ölkələrin gənclərinin ayağa qalxıb öz liderlərinə qarşı etiraz etmələri, kapitalist sistemin mənfəətlərinə mane ola bilər, çünki dünyanın enerji ehtiyatlarının çoxu bu bölgədədir və Qərbə bağlı olan liderlər tərəfindən neft və təbii qaz kimi enerjilər demıək olar ki, havayı Qərbə təqdim olunur. Yəmən, Suriya və İraqda gedən döyüşlərdə məsələn, İranla Türkiyənin və ya Ərəbistanın dəstəklədiyi qrupların bir biriylə zidd və qarşıdurma halında olması ancaq və ancaq kapitalist sisteminin xeyrinədir. Əslində Yaxın Şərqdə İslam dünyasının üç güclü dövlətləri, yəni Ərəbistan Türkiyə və İran arasında müharibə gedir, buna görə də həmin bu üç dövlətin gücü, iqtisadiyyatı, insan resursları, zamanı tükənir və beynəlxalq çevrələrdə Qərb ölkələri ilə rəqabət etməyəcək hala gəlirlər. Bu cür hadisələrdə xalqlardan çox, dövlət adamları və siyasətçilər günahlandırırlar, çünki Yaxın Şərqdəki dövlətlərin məqsədi ümumiyyətlə xalqı düşünmək yox, bəlkə də öz rəhbərlik sistemlərini davam etdirməkdir. Buna görə də kapitalist sistemin direktivlərinə boyun əymək məcburiyyətində qalırlar.

 

Fardin Bayandor

KAFKASSAM Yaxın Şərq Tədqiqatları üzrə eksperti

Şərhlər

Çox oxunanlar