“Ermənilər qaçırlar” – Rusiyalı jurnalistin Qarabağ reportajı sirləri açır - FOTOLAR

28.03.2016 15:40     A-reaksiya     1858

Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən ermənilər ordumuzun erməni hərbi birləşmələrinə şiddətli cavab atəşindən qorxuya düşərək qaçırlar.

Publika.az xəbər verir ki, Rusiyanın “Qazeta.ru” portalının müxbiri Aleksandr Rubinin Dağlıq Qarabağa qanunsuz səfər edərək hazırladığı reportajdan belə nəticəyə gəlmək olar.

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni gedən rusiyalı müxbir yazır ki, ermənilər Qarabağ müharibəsində olduğu kimi indi də zirzəmilərdə gizlənirlər.

“Erməni zabitlərinin müşayiəti ilə cəbhə xəttinin şərq istiqamətində olduq. Yolun yanında dərdin səngərlər var. Bu birinci cəbhə xəttidir və orada gənc əsgərlərlə zabitlər xidmət edir. Səngərin önü dəmir-betonla örtülüb. Mayor Aşot danışır ki, dəmir-betonlar iki il öncə qurulub. Bir neçə yüz metrdən sonra Azərbaycan kəndlərindəki evlərin damları parıldayır. İki düşməni sadəcə bir neçə yüz metr ayırır”, - deyə reportajda bildirilir.

A. Rubinin yazdıqları arasında diqqət çəkən məqamlardan biri də işğal olunmuş Dağlıq Qarabağa göndərilən pullarla bağlıdır.

“Qarabağa erməni diasporu xaricdən pul göndərir. Həmçinin, Rusiyanın erməni əsilli biznesmenləri bura pul ayırır”, - deyə o yazır.    

Jurnalist qeyd edir ki, Azərbaycan şəhəri Ağdama baş çəkmək mümkün deyil: “Bu, yalnız hərbi icazə nəticəsində mümkün ola bilər”.

Rubin daha sonra yazır ki, Qarabağda yalnız Ermənistanın müxtəlif bölgələrindən olanlar yaşamır: “Bura Suriyadan qaçan ermənilər də yerləşdirilib. Statistikaya görə, Suriyadan gələn təxminən 60 ailə burada yaşayır. Suriya qaçqınları Laçın rayonunun yaxınlığında tikilən evlərdə yerləşiblər”.
Rusiyalı jurnalistin bu reportajında Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd olan qanunsuz addımları da ortaya çıxarır.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Novruz və Pasxa bayramlarında atəşkəsə əməl edilməsi ilə bağlı çağırışı ilk olaraq Ermənistan tərəfi pozub. Azərbaycan Ordusunun cavab atəşi isə düşmən tərəfi ciddi təşvişə salıb.

A. Rubinin yazdığına görə, Dağlıq Qarabağda yaşayan ermənilər qorxu içindədir və onlar qaçmağa hazırlaşırlar.

Misal üçün, məktəb müəllimi Vank Mariam Levon vəziyyətin yaxşı olmadığını bildirir.

Şərhlər

Çox oxunanlar