Türkiyədə başqa adla çalışan generalımız - FOTOLAR

30.03.2016 20:15     A-reaksiya     1506

Azərbaycan xalqının milli mübarizə tarixinin ən şanlı səhifələrindən biri, şübhəsiz ki, Cümhuriyyət dönəmidir. Cümhuriyyət tarixi və Cümhuriyyət mühacirlərinin sonrakı məşəqqətli həyatı, xalqımızın azadlığı uğrunda apardıqları mübarizə 1988-ci ildə xalq hərəkatının başlamasından sonra tarixçilərin və araşdırmaçıların diqqət mərkəzində olub.

 

Uzun illər aparılan araşdırmaların nəticəsi olaraq, mühacirlərin bir qismi ilə bağlı xeyli məlumatlar əldə edilib, haqlarında çox danışılıb, məqalələr, kitablar yazılıb. Ancaq bütün bunlara rəğmən, təəssüf ki, Cümhuriyyət mühacirlərinin hamısını əhatə edəcək ciddi bir araşdırma aparılmayıb. Bu gün həyatı araşdırılmayan mühacirlər arasında Türkiyədə polkovnik, general rütbəsinədək yüksələn Azərbaycan Cümhuriyyəti ordusunun zabitləri də var. Onlardan biri də Türkiyə Silahlı Qüvvələrində ordu generalı hərbi rütbəsinə qədər yüksəlmiş Firudin bəy Daryaldır.

 

Firudin bəy adını niyə dəyişdi?

 

Firudin bəy Daryal 1901-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin (İndiki Laçın rayonu) Təzəkənd kəndində anadan olub. Əsil adı Fərman olsa da, mühacirət dönəmində sovet təhlükəsizlik orqanlarının təqibindən qorunmaq üçün digər mühacirlər kimi, adını dəyişmək məcburiyyətində qalıb. Ad olaraq əmisi oğlu Firudinin, soyad kimi isə kəndlərində olan “Dar yal” adlı ərazinin adını götürüb.

 

O, kiçik yaşlarından cəsarəti və qoçaqlığıyla həmyaşıdlarından fərqlənər, atlara böyük maraq göstərər, at üzərində müxtəlif akrobatik hərəkətlər edərmiş. Firudin bəy Kazanda hərbi məktəbdə təhsil alıb. Daha sonra Azərbaycan Cümhuriyyəti ordusunun süvari alayında xidmət edib, alayın tərkibində Qarabağda gedən döyüşlərə qatılaraq, Şuşanın erməni daşnaklarından azad edilməsində iştirak edib. Rəvayət olunur ki, Şuşada gedən döyüşlər zamanı Azərbaycan ordusunun mövqeləri yüksəklikdə olan erməni-daşnak dəstələrinin mövqelərindən pulemyot və top atəşinə tutulurmuş. Kəşfiyyatçıların verdiyi məlumatlardan bəlli olur ki, bir erməni zabiti ara-sıra əsgərlərlə ağ atın belində həmin mövqelərə gedərək baxış keçirir. Firudin bəy Daryal komandanlığa ona bir ağ at verilərsə, həmin mövqelərdə olan erməniləri zərərsizləşdirə biləcəyini deyir. Ağdamın Xındırıstan kəndinin bəylərindən birinə məxsus olan ağ atı ona verirlər. Firudin bəy Daryal ağ atın belində, əsgərlərlə birgə erməni zabitin getdiyi yolla erməni əsgərlərinin yerləşdiyi mövqelərə doğru hərəkət edir. Gələnin öz zabitləri olduğunu zənn edən ermənilər heç bir reaksiya vermirlər, beləliklə, Firudin bəy və onun əsgərləri heç bir təhlükə gözləməyən düşməni anidən atəşə tutaraq məhv edir. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Firudin bəyin xidmət etdiyi süvari alay göstərdikləri igidliyə görə hərbi nazirin şəxsi təşəkkürünü alır. Yanvarın 15-i Qarabağın general-qubernatoru vəzifəsinə təyin olunan Xosrov bəy Sultanov Firudin bəyin igidliyinə bələd olduğu üçün onu özünə köməkçi götürür.

 

Əsgəranda şiddətli döyüşlər

 

1919-cu ilin mart ayında Qarabağ və Zəngəzurda düşmən təhlükəsi yenidən artır. Erməni daşnak qoşun birləşmələri martın 21-dən 22-nə keçən gecə Xankəndidə yerləşən Cavanşir piyada alayının kazarmalarına basqın edir, daha sonra Əsgəran yolunu bağlayırlar. 22 mart tarixindən etibarən Xosrov bəy Sultanovun başçılığıyla erməni generalı Dronun qoşunlarına qarşı Əsgəran bölgəsində şiddətli döyüşlər baş verir. 2 aprel 1919-cu ildə Dronun qoşunları məhv edilir. Firudin bəy həmin döyüşlərdə də igidliklə vuruşur.

28 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğrayıb bolşeviklərin işğalına məruz qaldıqdan bir müddət sonra Xosrov bəy Sultanov bolşeviklər tərəfindən həbs olunur. Firudin bəy həmin vaxt Şuşada Qubernatorluq binası üzərində dalğalanan üçrəngli Azərbaycan bayrağını doğma kəndi Təzəkəndə gətirib ailəsinə əmanət edir.

 

Bayrağın taleyi...

 

Firudin bəyin həmkəndlisi Arif Feyzullayev bildirir ki, həmin bayraq uzun illər gizli saxlanılır. Çox sonralar, 1988-ci ildə Xalq hərəkatı başlayan zaman üzə çıxarılır. Ancaq təəssüf ki, bayraq 1992-ci ildə Laçın rayonu işğal olunan zaman ailənin bütün əşyalarıyla birgə Laçında qalır.

 

Firudin bəy Daryal ailə üzvlərilə vidalaşıb yenidən Azərbaycan Cümhuriyyəti ordusunun süvari alayına qoşulur. 24 may 1920-ci ildə başlayan Gəncə üsyanında iştirak edir. Cümhuriyyətin 2-ci ildönümünə təsadüf edən və minlərlə insanın həlak olmasıyla nəticələnən üsyan 31 may 1920-ci ildə “Qızıl ordu” tərəfindən qəddarlıqla yatırılır. Firudin bəy Azərbaycan Cümhuriyyəti ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərlərilə birgə, polkovnik Nuh bəy Sofiyevin və polkovnik Səməd bəy Rəfibəylinin (Sayqın) rəhbərliyi ilə Araz çayını keçib İran ərazisinə daxil olur. İran hökumətinin silahları təhvil vermək tələbini yerinə yetirmədikləri üçün hücuma məruz qalırlar. Araz çayı boyunca Türkiyəyə doğru hərəkət edir, lakin tabeliklərində olan ağır səhra toplarını apara bilmədikləri üçün həmin topların çaxmaqlarını çıxararaq yollarına davam etmək məcburiyyətində qalırlar.

 

Azərbaycan və Türkiyə ordularının birləşməsi

 

Türkiyə ərazisində Əhməd Ağaoğlunun Atatürkə müraciətindən sonra 1200 nəfərlik Azərbaycan süvari və piyada alayının əsgər və zabit heyəti, Kazım Qarabəkir paşanın komandanlıq etdiyi şərq ordusunun sıralarına qəbul olunur. Azərbaycan hərbi birliklərinin Türkiyə ordusuna qoşulacağıyla bağlı xəbəri 8 iyul 1920-ci il tarixdə TBMM-də ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət İnönü verir. Sənədlərdən məlum olur ki, Azərbaycan birliyi 31 iyul 1920-ci ildə Həsənqalaya gəlir və yanlarında Türkiyə ordusunun böyük ehtiyac duyduğu səhra topu çaxmaqları da olur.

 

Atatürkün verdiyi mükafat

 

Firudin bəy Daryal 56-sı zabit olan 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində Türkiyənin istiqlal savaşına qoşulur. 15-ci süvari alayda bölük komandiri vəzifəsini icra edir. 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən təmizlənməsilə sona çatan doğu hərəkatında igidliklə vuruşur. Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında iştirak edir. Savaşdan sonra Mustafa Kamal Atatürk tərəfindən “İstiqlal” ordeni ilə təltif olunmaqla bərabər, İstanbul şəhərində Ali hərbi təhsil alır, Azərbaycan Cümhuriyyəti ordusunda birgə xidmət etdikləri bir neçə zabitlə orduda qalaraq xidmətlərini davam etdirirlər. Sonralar həmin zabitlərdən Səməd bəy Sayqın (Rəfibəyli), Cahangir Bərkər, Hüseyn Turqut general, Yunus Xəzərli, Məhəmməd Ağpolad, Aslan Berkan, Baba Behbud, Saleh Aksoy, Vəli Yadigar, Osman Kazak albay (polkovnik) rütbəsinədək yüksəlir.

 

Qorxusuz, dəlisov, mərd zabit

 

Firudin bəy Daryal 1925-ci ilin fevral ayında Türkiyədə başlayan Şeyx Səid üsyanının yatırılmasında, kürd əşirətlərinin başlatdığı üsyanlara qarşı, 1926-cı ildə 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı, 1930-cu ildə 3-cü Ağrı hərəkatında, 1937-ci ildə Seyid Rzanın başlatdığı “Dersim üsyanı”nın yatırılmasında iştirak edir. Sonralar yazar olan Əli Çaxmaq adlı keçmiş bir zabit Türkiyənin güney doğusunda baş verən üsyanlar haqqında “Cümhuriyyət” qəzetinin 10 mart 1981-ci il buraxılışında yazdığı məqalədə Firudin bəy Daryal haqqında xatirələrini yazaraq, onun qorxusuz, dəlisov, mərd bir zabit olduğundan və atın üzərində qeyri-adi hərəkətlər etdiyindən bəhs edir.

 

O, xidməti dövründə bölük, tabor, sonralar alay komandiri, İzmir və İstanbul şəhərlərində isə hərbi komendant vəzifələrini icra edir. 1950-ci illərdə Kağızmanda Tuqay komandirliyi vəzifəsində çalışır. 1965-ci ildə təqaüdə çıxır və İstanbulda yaşayır. 1936-cı ildə “Qafqaz almanaxı”, 1953-cü ildə isə “Qaf dağı” adlı əsərlərini yazır. Azərbaycandan və Şimali Qafqazdan olan mühacirlərlə sıx əlaqələr quran Firudin bəy, həm də Qafqaz dərnəyinin fəaliyyətlərində yaxından iştirak edir.

 

Firudin bəy Daryal birinci dəfə İstanbulda hərbi təhsil alarkən ailə həyatı qurur. Həmin nikahdan bir oğlu və bir qızı dünyaya gəlir. Qızı Leyla Daryal Şimali Qafqaz mühacirlərindən birinin oğluyla evlənir. O, 1985-ci ildə vəfat edib. Oğlu Prof.Dr Əli Murad Daryal Türkiyədə tanınmış ilahiyyatçı alimdir. Firudin bəy ikinci nikahını çox sonralar, 1952-ci ildə qurur. Lakin həmin nikahdan övladı olmur.

 

Generalın ölümü

 

1933-cü ildə Xosrov bəyin Firudin bəyə yazdığı qeyddən də görünür ki, Firudin bəy İstanbulda olarkən Cümhuriyyət mühacirlərilə, xüsusən də Xosrov bəy Sultanzadə ilə sıx əlaqədə olur. Mərhumun oğlu Əli Murad Daryal Doktor Xosrov bəylə Taksimdə bir məhəllədə yaşadıqlarını, həmin dövrdə uşaq olmasına rəğmən, Xosrov bəyi və yoldaşı Lena xanımı xatırladığını bildirdi. Firudin bəy Daryalın yaxın qohumu Səlim Səlimbəyli 1986-cı ildə uzun axtarışlardan sonra əmisini tapır və onunla tez-tez telefon əlaqəsi qurur.

 

O, 1989-cu ildə 88 yaşında vəfat edir. Cənazəsi xüsusi mərasimlə, böyük hörmət və ehtiramla Qaraca Əhməd məzarlığında dəfn edilir. Vəfat etməzdən öncə baş daşına İstiqlal savaşı qazisi, süvari albay olması, 1901-ci ildə Şuşa şəhərinin 25 kilometrliyində yerləşən Təzəkənd kəndində doğulması və “Dost, başın taclı, altın taxtlı olsa da, millətin, vətənin olmadan bədbəxtsən!” sözlərinin yazılmasını vəsiyyət edir.

 

Qeyd: Məqalə üçün verdikləri dəyərli məlumatlara görə Arif Feyzullayevə, mərhumun oğlu Əli Murad Daryala, Əli Murad bəylə əlaqə qurmağıma köməklik etdiyi üçün qohumu Cem Ormana, fotolar üçün isə Səlim Səlimbəyliyə təşəkkür edirəm.

Axar.az

Şərhlər

Çox oxunanlar