“Ermənilər Nizami küçəsinin tinində toplaşırdı” - 31 Mart soyqırımı ilə bağlı yeni - FAKTLAR - FOTOLAR

30.03.2016 20:29     A-reaksiya     1465

 

“31 Mart azərbaycanlılara qarşı soyqırımı aktının törədildiyi gündür. Həmin tarixdə Bakıda və müxtəlif bölgələrdə daşnaklar və bolşeviklər azərbaycanlıları, müsəlmanları amansız olaraq məhvetmə əməliyyatı həyata keçirib. Hamilə qadınların qarınlarına süngülərin vurulması, qocaların, qadınların, uşaqların kütləvi şəkildə məhv edilməsi, təndirə atılaraq yandırılması, su quyularına doldurulması, əzalarının kəsilməsi, insanların təhqir olunması. Bütün bunlar XX əsrin əvvəlində törədilən soyqırımı aktı idi”.



Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri professoru Musa Qasımlı deyib.


Onun sözlərinə görə, 31 Mart soyqırımının törədilməsinə əvvəlcədən xüsusi olaraq hazırlıq gedib: “Burada biz çarizmin isti dənizlərə çıxış əldə etmək siyasətini diqqətdən qaçırmamalıyıq. Çar Rusiyası isti dənizlərə çıxmaq siyasətini reallaşdıranda bu regionda özünə arxa olan bir xalqı axtarmağa başladı. Həmin xalq ermənilər idi. Onlar bu regionda heç vaxt yığcam halda yaşamamışdılar. Azərbaycan işğalçı müharibələr nəticəsində bölüşdürüldükdən və şimal hissəsi Çar Rusiyasının işğalı altına girdikdən sonra çarizm azərbaycanlı torpaqlarına Osmanlı və İrandan erməniləri köçürməyə başladı. Bu köçürmənin bir sıra məqsədləri var idi. Demoqrafik vəziyyəti dəyişdirmək, Cənubi Qafqazı daha çox Rusiyanın müstəmləkə siyasətinə və mərkəzə bağlamaq məqsədləri güdürdü. Bu işğallara qədər Cənubi Qafqazda təxminən 300 min erməni yaşayırdı. Onlar yığcam halda yaşamırdılar. Amma çarizmin köçürmə siyasəti nəticəsində I Dünya müharibəsinə qədər ermənilərin sayı təxminən 1 milyona çatdı. Beləliklə onların sayı 1 milyon 300 min nəfər oldu. Bu rəqəmlər həm Çar Rusiyasının köçürmə siyasəti ilə məşğul olan məmurları tərəfindən yazılıb, həm də Daşnaksütyun partiyasının sənədləri arasında var”.
 


Tanınmış professor qeyd edib ki, təkcə 1904-1905-ci illərdə Cənubi Qafqaza 45 min erməni köçürülüb.

 

“Ermənilər Azərbaycanın Türkiyə və İranla sərhədlərində olan ərazilərinə yerləşdirilir, münbit torpaqlardan gəlirlər götürür, azərbaycanlıların hesabına varlanır, azərbaycanlıları tədricən sıxışdırır və nəticədə milli və dini ziddiyyətlər kəskinləşir, ən böhranlı anlarda isə erməni silahlı dəstələri türk-müsəlman əhalisinə qarşı kütləvi soyqırımları həyata keçirməyə başlayırlar”, - deyə millət vəkili bildirib.

 

M.Qasımlı qeyd edib ki, soyqırımının ilk aktı 1905-07-ci illərdə olub: “Növbəti mərhələ isə I Dünya müharibəsi illəridir. I Dünya müharibəsi illərində çarizmin Cənubi Azərbaycanda və Anadoluda olan hərbi komandanları və konsullarının rəhbərliyi altında erməni silahlı dəstələri hazırlandı. İmperatorluğun müxtəlif yerlərindən ermənilər Cənubi Qafqaza gəldilər, onlar Tiflisdə Qriboyedov küçəsi 28-də, Bakıda isə indiki Nizami küçəsi ilə Qorki küçəsinin tinində toplanırdılar. Bundan sonra ilk soyqırımı hadisələri törədildi. Soyqırımların coğrafiyası həddindən artıq genişdir. Bu soyqırımı halları Cənubi Azərbaycanı, Şərqi Anadolunu, Borçalını, İrəvan Quberniyası və indiki Azərbaycan Respublikasının ərazisini əhatə edirdi. İrəvan Quberniyasında 1918-ci ilin martına qədər 199 azərbaycanlı kəndi tamamilə yerlə-yeksan edildi. Qafqaz cəbhəsi dağıldıqdan sonra geri çəkilən rus ordusu öz silahlarını erməni birləşmələrinə verdilər və onlar Anadoluda törətdikləri kütləvi qırğınları bu dəfə Cənubi Qafqazda həyata keçirdilər. Onun da ən zirvə nöqtəsi Bakıda oldu. Bakıda törədilən soyqırımının əsas məqsədi Azərbaycanın istiqlalının qarşısını almaq, Bakı və Abşerondan azərbaycanlıları tamamilə qovub çıxarmaq, Bakını bolşevik Rusiyasının təsiri altında saxlamaq idi. Həmin dövrdə Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti hakimiyyətdə idi. Amma real güc Şaumyanda deyildi. Bakı Sovetinin qüvvələri kifayət qədər olmadığından o, daşnak qüvvələrinə arxalanırdı və daşnak qüvvələri ilə bolşeviklər 1918-ci ilin martında Azərbaycanın müxtəlif yerlərində türk əhalini kütləvi şəkildə qırmağa başladılar. Lənkəranda, Hacıqabulda, Kürdəmirdə, Şamaxıda, Qubada əhali amansızlıqla məhv edildi. İnsanları məscidlərə doldurub yandırdılar, müxtəlif işgəncələr verdilər. Nəhayət, bu hadisələr Bakıda da xüsusi amansızlıqla həyata keçirildi”.


Görkəmli alim bildirib ki, SSRİ zamanı bu hadisələr vətəndaş müharibəsi kimi qələmə verilir və faktlar təhrif olunurdu: “Lakin Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanına əsasən 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olundu və bununla bağlı geniş araşdırmalara start verildi”.

 

M.Qasımlı 31 Mart soyqırımı ilə bağlı Moskva və Tiflis arxivlərində apardığı araşdırmalarda maraqlı faktlarla qarşılaşdığını diqqətə çatdırıb: “Bu faktlar “Erməni soyqırımı: gerçək tarix axtarışında (1724-1920)”  adlı monoqrafiyamda yer alıb. Deməli, Rusiya və Gürcüstan arxivlərində çoxlu sayda fotoşəkillərlə qarşılaşdım. Bu fotolar çarizm orqanları tərəfindən çəkilib. Burada ermənilərin törətdikləri soyqırımı göstərən faktlar istənilən qədərdir. Və xüsusilə o diqqət çəkir ki, ermənilərin azərbaycanlılara qarşı qətliamları 1905-1906-cı illərdə deyil, XIX əsrin 80-ci illərində İrəvanda başlayıb”.
 


O, Gürcüstan arxivlərində rastlaşdığı bir fotoşəkilin həmin dövrün hadisələri fonunda xüsusi diqqət çəkdiyini deyib: “Fotonun aşağı hissəsində fotodakı şəxslərin ad və soyadları var. Şəkildə birinci yerdə Stepan Şaumyanın oğlu Levon Şaumyan dayanıb. Bu cür şəkli biz çəkməmişik. Ən maraqlı şəkillərdən biri də Moskva arxivlərindən götürülüb. Bu, 1918-ci ildə erməni qırğını nəticəsində dağıdılmış Azərbaycan kəndinin fotosu idi. Qeyd etdiyim iki fotoşəkil ermənilərin törətdiyi soyqırımı üzə çıxarmağa imkan verir. Amma arxiv sənədləri istifadə edilmədikdə bir neçə ildən sonra yenidən tərtib olunan zaman istifadədən çıxarılır. Bu vəziyyət bizi düşünməyə vadar etməlidir. Hesab edirəm ki, bizim müvafiq qurumlarımız Rusiya, Gürcüstan və digər ölkələrdə olan arxivlərlə əlaqəni genişləndirməlidirlər. Ölkəmizdə bu yöndə işlər aparılır. Əlbəttə, bu barədə hər şeyin araşdırıldığını söyləmək düzgün olmazdı

 

Şərhlər

Çox oxunanlar