Yunanıstanın Rusiya hücumu bir nəticə verəcəkmi? - TƏHLİL

08.07.2015 12:58     A-reaksiya     2680

Yunanıstanın qarşısında olduqca ağır bir borc təqvimi var. BVF 448 milyon avronun ödənilməsini gözləyir, Aİ, Avropa Mərkəzi Bankı və BVF – dən gələn 240 milyard avroluq xilas paketində uzatmaya getməklə danışıqlar davam edir. Yunanistanın baş naziri Tsipras xilas paketlərində vaxtın uzadılmaması halında, ölkədə nağd pulun tükənəcəyini irəli sürür. Aİ isə, yunan hökumətinin islahat proqramının yetərli və tətmin edici olmadığını müdafiə edərək vaxtın uzadılmasını düşünmür.

Bu dalana dirənmələrə tez – tez tətil keçirənləri, aksiyaları əlavə edəndə Yunanıstan hökumətinin çox pis hala qaldığını deyə bilərik.

İqtisadi böhranla yanaşı, borc böhranı da yaşayan Yunanıstan, çıxmazdan xilas olmaq məqsədi ilə demək olar ki, bütün variantları gözdən keçirir və ən güclü çarə kimi də Rusiya ilə yaxınlaşmanı görür. Rusiya həm iqtisadi dəstək təmin edə biləcək, həm də Aİ - nin, xüsusilə də Almaniyanın təzyiq edə bilməyəcəyi gücdə bir ölkədir. Buna görə də Yunanıstanın gözlərini Rusiyaya çevirməsi o baxımdan olduqca rasionaldır. Digər tərəfdən Yunanıstan ilə əlaqələri möhkəmləndirmək Rusiya üçün təkcə rasional yox, sanki hədiyyə formatında realist bir seçimdir.

Tsipras-Putin görüşü

Tsiprasın iki gün əvvəl Rusiyaya etdiyi səfər, Yunanıstanın sıxışdırılmasının bir nəticəsi olmaqla yanaşı, eyni zamanda daha böyük bir müzakirənin başlanğıcını da meydana gətirir.

Danışıqlara dair verilən rəsmi açıqlamalardan tərəflərin maliyyə yardımı mövzusunda müzakirə aparmadıqları məlum olur. Ancaq uzlaşılan məsələlərə baxanda görürük ki, Tsiprasın açıqca Putindən kömək istəməyə getdiyi aydın olur. Rusiya layihələrə kredit verməyi qəbul etdiyi kimi ayrıca əkinçilik və qida məhsulları ticarətində də qapıların açılacağını bildirib. Yunanıstan baxımından bu başlıq içinə girən əhəmiyyətli maddələrin biri pomidor ixracıdır. Qısacası, Rusiya Yunanıstandan faraş meyvə-tərəvəz ala biləcəyini qeyd etməklə Yunanıstana dəstək də vermiş olur.

Ancaq məsələ sadə ticarətdə əldə olunan razılaşma məsələsi deyil. Yunanıstan qida məhsullarını Rusiyaya satdığı anda, Aİ tərəfindən Rusiyaya tətbiq olunan embarqo deformasiyaya uğrayacaq. Başqa bir deyişlə, Yunanıstan Aİ ortaqlarının tətbiq etdiyi siyasətə uyğun gəlmədiyini ortaya qoymuş olacaq. Buna görə də Yunanıstan Aİ-dən gördüyü təzyiqə cavab olaraq Krımın ilhaqına qarşı Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda iştirak etməyəcəyini də bəyan edəcək.

Digər tərəfdən Rusiyanın da barmağını oynatmadan Aİ sanksiyalarını yerləbir edəcəyi qeyd olunmalıdır.

Aralıq dənizi yolu

Putinin uzadacağı əlin Yunanıstanı iqtisadi böhrandan çıxarmağa çatıb çatmayacağı hələ ki, şübhəlidir. Ancaq Yunanıstanın Rusiya ilə yaxınlaşaraq Aİ-nin etdiyi təzyiqə müqavimət imkanı əldə etdiyini, hətta Aİ - ni Rusiya ilə təhdid etdiyini deyə bilərik. Rusiya isə, hər iki baxımdan üstünlük əldə etmiş olur. Birincisi, Ukrayna xəttindən bağlanan Avropa yolunun Yunanıstan üzərindən açılma ehtimalının artması, ikincisi isə, Aralıq dənizində Ortodoks xəttinin gücləndirilməsidir.

Tsiprasın Moskva səfəri Aİ strukturlarında və üzv ölkələrdə elə - belə maraq oyandırmayıb. Bunun ən əhəmiyyətli səbəbi Rusiya ilə Aİ arasında yaranan gərginliyin yaranabiləcək böhrana görə daha da böyümə ehtimalının yüksək olmasıdır. Yunanıstanın satacağı meyvə - tərəvəzlə  Rusiya iqtisadiyyatında ciddi dönüşlərin yaranacağını, ya da Rusiyanın edəcəyi yardımlarla böyük qazanclar təmin edəcəyini düşünmək absurddur. Ancaq rus-yunan yaxınlaşmasının siyasi böhranlar və Aİ-Rusiya əlaqələrində yeni gərginlik səbəbləri üçün zəmin hazırlayacağını indidən proqnozlaşdırmaq mümkündür.

Nəticə etibarilə Suriyadan yox, Yunanıstandan Aralıq dənizinə qovuşmaq imkanı verilən Rusiyanı da hər halda Avropaya məsafəli davranmaqla bağlı razı salmaq daha asan ola bilər.

 

Reaksiya.az Analitik Qrupu

Şərhlər

Çox oxunanlar