Vətəndə döyüş qaçılmazlığı...
08.05.2016 18:27 A-reaksiya 1394
Artıq 24 ildir ki, Azərbaycan xalqı Qarabağ savaşında uduzmasının ağrılarını yaşayır. Bu illərdə torpaqlarımızın işğal olunduğu tarixləri ağlamaqla qeyd edir, sanki özünə olan inamını bərpa etməyə gücü qalmır.
Ancaq aprel döyüşləri fərqli bir görsəniş ortaya çıxardı, millətimizin ümidlərində bir gəlişməni, ruh yüksəkliyini hər birimiz izlədik. Özünə qarşı inamı itirən bu xalq özünə güvənməyə başladı. O vaxta kimi mən millətimizdə özünəxas cəhətlərə maraq görmürdüm. Bu hadisələr milli şüurda tərpəniş yaratmaqla çoxlarına mesaj verdi. Təbii ki, özünə güvənməyi bacaran bir toplum hər bir problemlərini həll etməyə qadir olur.
Bu gün Qarabağ bizim ən böyük problemlərimizdən biridir. Bu torpaq bizim milli kimliyimizi yaşadan, minillərdir dəyərlərimizə yiyə duran müqəddəs vətəndir. Onu bizim əlimizdən almaq bizi gələcəksiz qoymaqdır. Millət, şüuraltı da olsa, bu həqiqəti dərk edir. Onun ağrısı, acısı, son uğurlarından sevinməsi bu məntiqə, bu həqiqətə bağlıdır...
Qarabağın işğalı bizdə psixoloji travma yaratmışdı. Bir insan həyatında psixoloji travma aldıqda, onun bu travmanı ötməsi üçün bəzən illər gərək olur. Biz də, millət olaraq, bu travmanı, sözün əsil mənasında, illərlə yaşadıq. Ancaq yuxarıda dediyimiz kimi, milli ordumuzun ərdəmli döyüşü əsasında, 24 ildən sonra bu travmanı, az da olsa, ötə bildik. Ən əsası şüurlarda bir yenilik yarandı, artıq problemə yanaşmada mən, sən, o yoxdu, BİZ varıq – Azərbaycan var. Hər kəsin istəyi bir söz ətrafında birləşib – bu QARABAĞ sözüdür!
Bu gün ölkəmizin ayrı-ayrı sahələr üzrə problemləri var, bu qaçılmazdır. Dünyanın ən inkişaf eləmiş dövlətləri belə bənzəri problemlərdən sığortalanmayıb. Ancaq hər bir ölkənin suverenliyi onun ərazi bütövlüyündən başlayır. Azərbaycan ötən yüzilin başlanğıcından bu yana, ikinci dəfə müstəqilliyini qazanandan bəri, ərazi bütövlüyünün bərpa olunması ilə çarpışır. Biz artıq “ədalətli dünya”nın boş vədlərindən, sonucu olmayan “sülh danışıqları”ndan cana doymuşuq. Biz torpağımızı, evimizi istəyirik. Qarabağ bizim quruca ərazimiz deyil, VƏTƏNimizdir, beşiyimizdir, sonevimizdir... Bunu sözlə anlamayan erməniyə güclə anlatmağımız gərəkir. Bütün dünya da gördü ki, Azəraycanda mövzu QARABAĞ olunca, millət hər şeyi qırağa qoyub, öz ordusunun arxasında durur, halalca yurdunu, evini istəyir.
Başqa ölkələrdə bir adam öldürüləndə, evindən çıxarılanda dünya onun müdafiəsinə qalxır. Ancaq illərdir, evindən, yurdundan qovulan bir milyondan çox insanın taleyi, nədənsə, dünyanın gözünə görükmür. Deməli, biz özümüz aktiv olmalıyıq, öz problemlərimizi özümüz çözməliyik. Onda dünya bunu görəcək də, anlayacaq da. Sonuncu hadisələr də bunu sübut elədi – dünya anladı ki, bizim dözümümüz bir yerə qədərdir.
... İndi uşaq da bilir ki, biz kiminsə torpağına göz dikməmişik. Bu gün Azərbaycanın tarixi torpağı olan Qarabağı özününkü sayan ermənilərə, görünür, bir həqiqəti yenidən anlatmaq gərəkəcək: nəinki Qarabağ, sizin monoetnik respublikanızın paytaxtı saydığınız İrəvan belə, tarixi Azərbaycan torpağıdır. Biz sizə güzəştə getməyəcəyik. Qarabağımıza, Zəngəzurumuza, İrəvanımıza, Göyçəmizə, Qaraqoyunlumuza, bir sözlə, tarixi yurdlarımızın hamısına yiyə duracağıq. Bütün dünya bilir ki, Ermənistan adlandırılan o coğrafiya tarixi Azərbaycan torpaqlarıdır. Bu bizim şüurumuzda yaşayır, nə vaxtsa biz Oraya dönəcəyik.
Bizə zəfər yaraşır! İnanıram ki, bu zəfəri biz çalacağıq. Milli ordumuz bayrağımızı Şuşa qalasından asacaq. Bu yolda bir yox, min şəhid (mən və ailə üzvlərim də daxil olmaqla) verməyə hazırıq! Milli gələcəyimiz bizdən bunu tələb edir...
Zaur Qəriboğlu
“Beynəlxalq İnformasiya və
Tədqiqatlar İnstitutu”nun sədri
Şərhlər