Ermənistanın nüvə silahı varmı?

11.05.2016 09:31     A-reaksiya     1418

 

Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan Ermənistanın nüvə silahı olduğunu deyib. O, bu açıqlaması ilə həm özünü, həm də Ermənistanı çətin duruma salıb. İndi rəsmi İrəvan hər yerdə izah etməlidir ki, onun nüvə silahı yoxdur, əks halda Ermənistan beynəlxalq aləmdə problemlərlə üzləşəcək.

Aydındır ki, Ermənistan o dövlətlərdən deyil ki, nüvə silahı olsun. Ancaq Ermənistan uran əldə edib “çirkli bomba” hazırlaya bilər. “Çirkli bomba”nın hazırlanması çətin proses deyil. Terrorçular da belə bombaya maraq göstərirlər. İndinin özündə Ermənistan ordusu Tərtər və Ağdam rayonlarının bombardmanları zamanı qadağan olunmuş “kimyəvi tozlardan – fosfordan” istifadə edir.

Ermənistanın “çirkli bomba”ya maraq göstərməsi Qərb dövlətlərini ciddi narahat etməlidir. Təsadüfi deyil ki, Avropa İttifaqı Ermənistanın nüvə silahına malik olması barədə bəyanatları araşdıracaq. Vaşinqton da Qrant Baqratyanın nüvə silahı ilə bağlı açıqlamasından narahat olub. ABŞ-ın nüfuzlu qəzetləri bu mövzu haqqında məqalələr həsr ediblər. Ermənistanın “çirkli bombaya” maraq göstərməsini həm də bir müddət öncə ermənilərin Gürcüstanla sərhəddən radiasiya komponentli maddələri keçirməyə çalışmaları göstərir.

ABŞ-dakı erməni lobbisi uzun onilliklər ermənilərin təzyiq altında olması barədə doğru olmayan rəy formalaşdırıb, Qərb ölkələrinin siyasi mərkəzlərindən müəyyən dəstək qazanıb, indi isə bir erməni deputatın “nüvə silahımız var” deməklə lobbinin “bu əməyinin” üstündən xətt çəkdi.

Əslində Qrant Baqratyanın “nüvə silahıyla Azərbaycanı və Türkiyəni durdurmalıyıq” ifadəsi həm də o deməkdir ki, Ermənistan Azərbaycanla müharibədən çəkinir, aprel döyüşlərinin təkrarlanmasından – məğlub olmaqdan qorxur, ona görə də nüvə silahı təhdidi ilə özünü “sığortalamaq” istəyir ki, Azərbaycan Dağlıq Qarabağ üzərindəki nəzarəti ələ keçirməyə çalışmasın. Ancaq Ermənistandakı mərkəzlər anlamırlar ki, İrəvanın hətta hipotetik olaraq nüvə silah olsa belə, Azərbaycan Dağlıq Qarabağa nəzarət uğrunda mübarizədən əl çəkməyəcək.

Digər tərəfdən Ermənistanın nüvə silahı haqqında məlumat sirr qala bilməzdi və belə bir məlumat həqiqətə yaxın olsaydı, Azərbaycanın nüvə silahı Ermənistandan daha öncə yaradılardı. Hindistan bir gün nüvə sınağı keçirtdi və bütün dünyaya bəyan etdi ki, nüvə silahı var, üstündən 24 saat keçməmiş Hindistanla münasibətlərində problemi olan Pakistan da nüvə sınağı keçirtdi və o da nüvə silahına malik olduğunu açıqladı. Pakistan bu addımı ilə hərbi üstünlüyün rəqib dövlətin tərəfinə keçməsinə imkan vermədi və hər iki dövlətin kəşfiyyatı, o cümlədən alimləri bilirdi ki, qarşı tərəf hansı işlə məşğuldur. Bu o deməkdir ki, bir gün Ermənistanda böyük və ya kiçik həcmli nüvə silahı və ya radiasiya komponentli “çirkli bomba” peyda olarsa, eyni və bəlkə də daha modern nüvə silahına Azərbaycan sahib olmaq məcburiyyətində qalacaq. Bəlkə də rəsmi Bakı bu haqda indidən düşünməlidir.

“Atlas” Araşdırmalar Mərkəzi

Şərhlər

Çox oxunanlar