“Bakı Qarabağın azadlığı üçün...” - Kremlin gizli planı ilə bağlı - PROQNOZLAR
26.05.2016 19:13 A-reaksiya 1993
“European Council on Foreign Relations” nəşri Rusiyanın 2030-cu ildəki vəziyyəti ilə bağlı proqnozlar dərc edib.
Publika.az xəbər verir ki, məqalədə Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı məqamlar yer alıb.
Federik Vesslau və Endrü Uilsonun həmmüəllifi olduğu məqalədə deyilir ki, qarşıdakı 14 il ərzində Rusiya Moldova, Ukrayna və Gürcüstanda mübarizəsini davam etdirəcək: “Azərbaycan, Belarus və Ermənistanda təsir dairələrini gücləndirməyə çalışacaq. Lakin bu mütləq şəkildə davam etməyəcək”.
Rusiya “sülhməramlıları” Qarabağa girir
Məqalədə bildirilir ki, Rusiya digər separat bölgələrdən fərqli olaraq, Dağlıq Qarabağda yaradılan qondarma rejimi dəstəkləmir: “Lakin sülh razılaşması çərçivəsində o, “sülhməramlılarını” regiona daxil edə bilər. Rusiya sonrakı dövrdə vəziyyəti olduğu kimi saxlamağa çalışacaq, lakin Azərbaycan və Ermənistanı bu yolla təsir dairəsində saxlamaq çətin olacaq. Ermənistan Rusiyadan çox güclü səviyyədə asılıdır. Azərbaycanın hərəkətləri isə müxtəlif variantlara bağlıdır. Xüsusilə Yaxın Şərq, Türkiyə və Avropa Birliyini birləşdirən siyasi tektonik lövhələrin yerdəyişməsində onun potensial müttəfiqlər dairəsi genişlənir”.
İrəvan Rusiyanı satacaq
Müəlliflər vurğulayır ki, önümüzdəki illərdə Belarus və Ermənistan Rusiya orbitindən çıxmağa çalışacaq: “Bu gərginliyi artıracaq. İrəvan Qərb tərəfinə keçəcək, Minskdə isə millətçi qüvvələr aktivləşəcək”.
Bakı ABŞ və Çinlə əməkdaşlığı böyüdəcək
Azərbaycana gəlincə, müəlliflər Bakının xarici siyasətdə şaxələndirilmiş istiqaməti davam edəcəyini düşünür.
“Azərbaycan ABŞ-a meylli olan dövlət kimi, Avropa Birliyi, Türkiyə, hətta Çinlə əməkdaşlığını davam etdirəcək. Bu müddət ərzində Azərbaycan Ermənistan tərəfindən zəbt edilmiş Dağlıq Qarabağın geri qaytarılması istiqamətində planlarını işə salaraq, ciddi addımlar atacaq. Ermənistanda isə ciddi etiraz aksiyaları başlayacaq. 2015-ci il etirazları da bunu göstərdi. Bu ölkənin iqtisadiyyatı daha da zəifləyəcək”, - deyə məqalədə bildirilir.
Dağlıq Qarabağda sülh
Məqalədə Dağlıq Qarabağ münaqişəsində sülhün ola biləcəyi də qeyd olunur: “Lakin Ermənistan və Azərbaycanın sülh imzalaması Rusiyanın regionda təsirlərini azalda bilər. Buna görə də Rusiya nizama salma prosesi çərçivəsində öz əsgərlərini regiona yerləşdirməklə, bunun qarşısını almağa çalışacaq”.
Qərb nə etməli?
Müəlliflər Qərbin regionda atmalı olduğu addımları da sadalayıb.
“Avropa Azərbaycan və Belarusa dəstək verməlidir. Lakin bu ölkələrlə müqayisədə Ermənistana hansısa dəstək vermək çox çətindir. Cənubi Qafqazda istənilən qeyri-sabitlik Qərbin maraqlarına ziddir. Ona görə də Qərb siyasi elitası Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almalı və nəzərə çarpan rol oynamalıdırlar”, - deyə müəlliflər bildirib.
Şərhlər