Bu gün tarix TƏHQİR OLUNDU
02.06.2016 18:29 A-reaksiya 1922
Tarixin üzünə bilirsiniz nə zaman tüpürülür? Əlləri dirsəyədək qana batmış cinayətkar illər, qərinələr sonra islah olunduğunu, cinayətini etiraf etdiyini deyərək qurbanlarının ailə üzvlərinə pul ödəyəndə, maddi təzminatla və etirafla işi bitmiş sayanda, sonra da başqalarını eyni cinayətlərdə ittiham etməyə başlayanda
(Maksimilian Robespyerin Fransa Milli Konventində çıxışından, 1792-ci il)
Almaniya bundestaqında "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlı qətnamə layihəsinin əsas müəllifi Yaşıllar Partiyası olsa da, sənədə hakimiyyət koalisiyasındakı Xristian-Demokrat İttifaqı (CDU) və Almaniya Sosial-Demokrat Partiyası (SPD) tam dəstək veriblər.
Bu baxımdan qanun layihəsinin müzakirə olunduğu iclasda deputatların tam əksəriyyətinin yaxalarında bənövşə əksi ilə oturmaları təsadüfi deyildi. Bənövşə qondarma "erməni soyqırımı"nın 100 illik anımının simvoludur.
Sənəddə bildirilir: "1915-ci ildə Osmanlı Türkiyəsində yaşanmış erməni soyqırımı assuriyalılara, suriyalılara, yunanlara - ümumiyyətlə, həmin vaxt bu ölkədə yaşamış bütün xristian azlıqlara böyük zərbə vurdu, fəlakətlər yaşatdırdı. Həmin dönəmdə Osmanlı İmperiyasının hərbi müttəfiqi olmuş Almaniya İmperiyası alman diplomatlar və missionerlərin Türkiyədə dövlət səviyyəsində təşkil olunmuş sürgünlərlə və qırğınlarla bağlı verdikləri bilgilərə rəğmən, bəşəriyyətə qarşı işlənən bu cinayəti dayandırmğa çalışmayan Berlin utandırıcı rol oynadı".
Bu gün Berlində NATO-nun baş katibi Yens Stoltenberqlə görüşən Almaniya kansleri Angela Merkel bundestaqdakı müzakirələrə və səsverməyə qatılmayıb. İclasda Almaniyanın XİN başçısı Frank-Valter Ştanmayer, habelə A.Merkelin müavini, iqtisadiyyat naziri Ziqmar Qabriel də yoxdu.
Son vaxtlar miqrantlarla bağlı anlaşma və vizaların qarşılıqlı şəkildə ləğvi ilə bağlı danışıqlarda kəskin ziddiyyətlər yaşandığından Almaniya-Türkiyə münasibətlərinin indi də qondarma "erməni soyqırımı" qətnaməsi ilə gərilməsi sürpriz deyil.
Türkiyə artıq Almaniyadakı səfirini geri çağıraraq bundestaqdakı qərara sərt reaksiya verib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qətnamənin qəbul ediləcəyi təqdirdə Türkiyə ilə Almaniya arasındakı diplomatik, siyasi, ticari, hərbi və iqtisadi əlaqələrə çox ağır zərbə dəyəcəyini demişdi.
Türkiyənin baş naziri Binəli Yıldırım bundestaqın qətnaməni qəbul etməyəcəyinə ümid etdiyini demişdi.
Xatırladaq ki, Almaniya prezidenti Yoahim Qauk 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş olayları 100 illik yubileyi ilə bağlı çıxışında həmin hadisələri "erməni soyqırımı" kimi dəyərləndirmişdi.
Ötən il də alman bundestaqında "erməni soyqırımı"nın tanınması ilə bağlı qətnamə layihəsi müzakirə edilmiş, amma hakimiyyət koalisiyası Yaşıllar Partiyasının və müxalifətçilərin bu cəhdinin qarşısını almışdı.
Almaniya bundestaqı 2005-ci ildə "Osmanlı Türkiyəsində erməni qırğınları, soyqırımları, sürgünlər və etnik təmizlənmələrinin yaşanması haqqında" qətnamə qəbul etmişdi.
Qondarma "erməni soyqırımı"ının tanınması ilə bağlı qətnamələr indiyədək aralarında Fransa, Rusiya, İsveç, Hollandiya, Belçika, İsveçrə və s. ölkələrdə qəbul olunub.
Maraqlı məqamlardan biri də Almaniya bundestaqında qəbul olunmuş qətnamənin müəllifləri arasında Yaşıllar Partiyasının həmsədri Cem Özdemirin də olmasıdır.
Türkiyənin Tokat vilayətindən Almaniyaya mühacirət etmiş çərkəslərin ailəsində doğulmuş C.Özdemir ixtisasca jurnalistdir və ermənipərəst şəxs kimi tanınır. Daha doğrusu, o, ermənilərə olan rəğbətini heç zaman gizlətməyib.
Cem Özdemirin başabəla qətnamə layihəsinin müəllifləri arasında yer alması təsadüfi deyil.
Yaşıllar Partiyası türk sayılsa da, Türkiyəyə nifrətini gizlətməyən bu adam vasitəsilə erməni məsələsində Almaniyadakı türklər arasında "fikir müxtəlifliyi və plüralizm" olduğunu göstərməyə çalışır. Yəni Özdemir, əslində, Almaniyadakı çox böyük türk diasporunun azsaylı, amma erməni sevgisində hay-küylü kollaborasionist kəsimin ən fəal nümayəndələrindən biridir. Bundan başqa, C.Özdemir Almaniyada hakimiyyət koalisiyasında təmsil olunmuş partiyalarla yanaşı, media üçün "türk olsa da, Almaniyanın maraqlarını hər şeydən üstün tutan" marionetka fiqur rolunu oynayır.
Qətnamə ilə bağlı ermənilərin, Almaniyada Türkiyəyə təzyiqlərin gücləndirilməsini tələb edən qüvvələrin C.Özdemirdən və onun kimilərdən bundan sonra daha aktiv istifadə edəcəklərini asanlıqla təxminləmək olar.
Türken in Deutschland
Almaniyada yaşayan türklərə almanlar bu adı veriblər, Anadolu türkləri isə Almaniyada yaşayan soydaşlarına "kurbetçiler" və ya "Alamanya türkleri" söyləyirlər.
Onların sayı artıq 3,8 milyona yaxınlaşır.
Almaniya bundestaqında qondarma "erməni soyqırımı"nın Berlin tərəfindən rəsmən tanınmasını nəzərdə tutan qətnamə ilk baxışdan bu ölkədəki türkləri ayağa qaldıracaq, kütləvi etirazlar, hətta iğtişaşlar olacaq.
Belə olacaqmı? Yox, çünki Almaniyadakı türklərin tam əksəriyyəti yerli cəmiyyətə inteqrasiya olunan, assimilyasiyaya uğrayan şəxslərdir. Amma bununla belə, 3,8 milyon nəfər real qüvvədir və həmin qüvvə ilə Almaniyada istənilən siyasətçi hesablaşmaq zorundadır.
Təbii ki, qətnamədən sonra Almaniya-Türkiyə münasibətlərinin kəskinləşməsi, qarşılıqlı əlaqələrin intensivliyinin minimuma enməsi istisna deyil. Rəsmi Ankara ona qarşı yönəlmiş aşkar təzyiqlər kampaniyasında həmişə istifadə olunan qondarma "erməni soyqırımı" ritoriyasının aktivləşəcəyi zamanda Almaniyadakı türk diasporu indiyədək nümayiş etdirdiyi ətalətdən qurtulmalıdır.
Ümummilli məsələlərdə fərdi maraqların arxa plana keçməsi gərəkdiyindən Mehmetin Hertrudaya olan rəğbəti və ya Recepin Ditmarla dostluğu ən ümdə məsələ sayılmamalıdır.
Söhbət Türkiyəyə pressinqin indiyədək görülməmiş həddə çatdığı dövrdə özünü türk sayan və türk olan hər kəsin ana vətəni üçün minimal işlər görməsinin vacibliyidir.
İndi Almaniyadakı türklər "dönərçilik" psixologiyasından qurtulmalı, yeni geosiyasi savaş əsnasında mənsub olduqları etnosun hədəfə alındığını dərk etməlidir.
Əks təqdirdə Hertruda yenə sarışın saçları və mavi gözləri ilə Mehmeti buyruq quluna döndərəcək, Ditmar isə Recepə "dostumsan sən" deyərək "dost" dediyi adamı merkantil maraqlarının qurbanı edəcək.
Almaniya rəhbərliyi "ölkədəki türklərə həmişə sevgi ilə yanaşmışıq" deyə bilər. Amma lütfən - məşhur jurnalist Günter Valrafın "Dibdə" sənədli romanını Angela Merkel və Almaniya prezidenti Yoahim Qauk oxuyublar axı, o romanda almanların "gəlmə türklər"ə olan münasibətlərinin əks olunduğu səhnələri qiraət ediblər axı...
Tarixi yada salaq?
Lap uzaqlara yollanıb tarixin dolanbac yollarında alman cəngavərlərin Şərqi Avropadakı slavyanlara tutduqları divanları, milyonlarla insanı qətlə yetirmələri, Prussiyadan tutmuş, Şlezviq-Qolşteynədək olan ərazilərdə "qeyri-alman" millətlərin məruz qaldıqları qırğınları, təqibləri, sürgünləri xatırlamayaq.
Heç Yaroslav Qaşekin "Ötkəm əsgər Şveykin macəraları"nda almanların macarlara, fransızlara, italyanlara, ispanlara, ingilislərə, finlərə, portuqallara, slovenlərə, çexlərə, slovaklara, rumınlara - bir sözlə, Avropada yaşayan və alman olmayan hər kəsə yuxarıdan aşağı, ikrahlı münasibətini də yada salmayaq.
Amma İkinci Dünya Müharibəsi ərəfəsində və o savaş illərində Almaniyanın slavyanlara, yəhudilərə, müsəlmanlara, qaraçılara tutduqları divanları, soyqırımları unutmaq niyyətində deyilik.
Almaniya bundestaqı indi qəflətən ermənilərə zooloji, hətta troqlodit sevgisini nümayiş etdirə bilər.
Amma...
İkinci Dünya Müharibəsi illərində "qeyri-almanlar"ı, yəni ikrahla "untermenşlər" ("ikinci dərəcəli insanlar") adlandırılan milyonlarla zavallının qətlə yetirildiyi 42500 ölüm düşərgələrini...
Avropadakı yəhudilərin 60 faizinin, dünyadakı yəhudilərin 1/3 hissəsinin, yəni 6,2 milyon yəhudinin Holokostda işgəncələrlə, kütləvi şəkildə öldürülməsini...
Avropadakı qaraçıların 3/4 hissəsinin məhv edilməsini...
Polyakların 10 faizinin öldürülməsini...
3 milyon sovet əsirinin amansız işgəncələrlə məhv olunmasını...
Ruhi xəstələr və əlillərin qətlə yetirilməsini...
İnsanlar üzərində vəhşicəsinə "tibbi eksperimentlər" aparılmasını...
"Barbarossa" planının 4-cü hissəsinə uyğun olaraq, sabiq Sovetlər Birliyinin "müsəlman respublikaları"nın işğal edilməsindən sonra yerli əhalininin 95 faizinin məhvini, yerdə qalanların da kölə kimi yaşayışa məhkum edilməsini nəzərdə tutan "Müsəlmanlarla iş və fəaliyyət" planını...
Yaxın Şərq ələ keçirilərsə, oradakı bütün (!) məscidlərin darmadağın edilməsini və müsəlmanların sayının minimum 29 dəfə azaldılmasını nəzərdə tutan "Böyük Şərq" planını...
unutmamışıq, unutmaq niyyətində də deyilik.
Əvvəl Prussiya, sonra Veymar Respublikası, daha sonra "3-cü Reyx", sonucda da "Federativ və Demokratik respublikalara bölünmüş iki Almaniya" nisgilini Almaniyada ifrat sağçılarla yanaşı, özlərini "yaşıllar" və ya "solçular" adlandıranların unutduğunu sanmırıq. Revanşizm insan şüurundan asanlıqla çıxan bəla, mərəz deyil.
Sabiq Almaniya Demokratik Respublikasının mərhum lideri Erix Honekker 1976-cı ildə Leypsiqdə olanda demişdi: "Biz almanların üzərinə xüsusi məsuliyyət düşür, çünki ittihamlarla çıxış etməzdən əvvəl bir anlıq öz tariximizi göz önünə gətirməliyik".
Angela Merkelin həmin "mərhum" respublikada doğulduğunu, hətta gənclik illərində "komsomolçu" olduğunu nəzərə alsaq, o, Honekkerin sözlərini xatırlasa, pis olmaz.
Bundan sonra nə olacaq?
Almaniya bundestaqında bu gün qəbul olunmuş qətnamə sırf simvolik səciyyə daşıyır və heç bir halda erməni iddialarının tammiqyaslı legitimləşməsinin sürətləndirilməsi deyil.
Olay Ermənistanın və erməni diasporunun təqdimatında olduğu kimi "böyük erməni uğuru" isə heç deyil.
Almaniya Türkiyəyə təzyiq vasitələrinin birini də artırıb və bu, şübhəsiz ki, ümumilikdə Avropa Birliyi ilə Türkiyə arasındakı proseslər çərçivəsindəki aksiyadır.
Məqsəd sadə, bəllidir: rəsmi Ankaranı Avropa Birliyinin şərtlərini tam miqyasda, bütünlüklə yerinə yetirməyə sövq etməkdir.
Həmin 72 şərtin yerinə yetirilməsi Türkiyədə insan haqlarına riayət, demokratik institutların möhkəmlənməsi, vətəndaş cəmiyyətinə dəstək kimi qələmə verilsə də, əslində, Türkiyənin müstəqilliyinin və suverenitetinin əhəmiyyətli dərəcədə sıxılmasıdır.
Daha sadə yazsaq, Türkiyədən tələb olunur ki, daxili və xarici siyasətində "AB kriteriləri"ni reallaşdırmaqla suverenliyinin bir qismindən könüllü vaz keçsin.
Bu şərtlər yerinə yetirilərsə, Türkiyəni gözləyən problemlər arasında ən kiçiyi ölkənin federallaşması, Anadolunun şərq, şimal-şərq və cənub-şərq vilayətlərində "Kürdüstan Muxtariyyəti"nin yaranması prosesinə təkan verilməsi, daha sonra ölkədəki "milli və etnik azlıqların hüquqlarının müdafiəsi" pərdəsi altında Konstantinopol Pravoslav Yeparxiyası, Antoxiya Yunan Arxiyepiskopluğu və Kilikiya ("Qərbi Ermənistan") Qriqorian Kilsəsinin "hüquqlarının tam bərpası"na başlanması, 1915-ci ildə olduğu iddia edilən qondarma "erməni soyqırımı"nın qurbanlarının hüquqi varisləri kimi ortaya düşəcək erməni klounların toplam həcmi 320 milyard dolları keçəcək "maddi təzminat" iddialarının təminatı və s. var.
Perspektivdə, üfüqdə isə ermənilərin "Qərbi Ermənistan" adlandırdıqları, əzəli türk torpaqları olan Türkiyə əraziləri ilə bağlı müzakirələrə başlamaq tələbləri olacaq.
Türkiyə bundestaqın qətnaməsindən sonra geri çəkilən deyil. Bu, aprior məsələdir.
Amma Almaniya bugünkü qətnamə ilə özünü bundan sonra üzləşəcəyi hansı probemlərə tuş gətirdiyinin fərqindədirmi?
Ən azı Türkiyə kimi etibarlı, dayanıqlı, məntiqli müttəfiqi ilə əlaqələri sərinlətməyə başlamış Berlin doğrudanmı Ankaranın "alman yeri"ni dolduracaq yeni tərəfdaş tapa bilməyəcəyini düşünür?
Belədirsə, Berlinin davranışlarına, sadəcə, təəssüflənmək olar.
Şərhlər