Almaniyanın Türkiyə xəyanəti - Əliyevin gözlənilən səfərinə necə təsir edəcək?
02.06.2016 19:35 A-reaksiya 2197
Xəbər verdiyimiz kimi, Almaniya Bundestaqı qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnamə qəbul edib. Türkiyənin etirazına baxmayaraq, mütləq səs çoxluğu ilə qəbul edilən qətnamədə “soyqırım” sözü 4 dəfə işlədilib. Qətnamə “101 il əvvəl Osmanlı imperiyasında erməni və digər xristian azlıqların soyqırımı barədə xatirə” adlanır.
Millət vəkili Zahid Oruc AzNews.az-a sözügdən qətnaməni şərh edib. O, Almaniya Bundestaqının verdiyi qərarların parlamentarizmin prinsiplərinə zidd olduğunu bildirib: “Bu qərarın qanunverici orqanın səlahiyyətlərinə heç bir aidiyyəti yoxdur və etapların özünün də siyasi hakimiyyətlərin, icra orqanlarının layihələrinə qoşulduqlarını ortaya qoyur. Etiraf edək ki, Almaniyanın əksər siyasi elitası Türkiyəyə qarşıdır. Yəni, gördüyümüz kimi hakim partiya təmsilçiləri, Sosial demokratlar hamısı harmonik bir şəkildə vahid mövqedən çıxış edərək qətnamə veriblər. Sual oluna bilər: bu, hansı hüquqi nəticələr doğuracaq? Gerçəkdən də Türkiyənin “soyqırım”a görə mühakiməsi mümkündurmü?
Məlumdur ki, ölkə Avropa Birliyində çəkiyə malikdir. Həm iqtisadi, həm də siyasi imkanları kifayət qədər böyükdür. Bu ölkə iki dünya müharibəsində əsas rol oynayan dövlətlərdəndir. O cümlədən, indiki qərarın verilməsinin başqa bir tarixi kökləri var. Əgər parlamentlər tarixçilərin işini mənimsəyirsə, özlərini həm də hakim yerinə qoyurlarsa, bu o deməkdir ki, məsələnin içərisində çox məkrli bir siyasət var. Niyyət ondan ibarətdir ki, Türkiyəni təkləsinlər, onun xarici siyasətini cilovlasınlar, Ərdoğanın ipə-sapa yatmayan nəhəng iddialarını neytrallaşdırsınlar, bu ölkənin üzərinə yeriməklə onu asılılıqda saxlasınlar”.
Z.Oruc əlavə edib ki, Almaniya kansleri Angela Merkel Ərdoğanla diplomatik birgəlik nümayiş etdirsə də, arxada başqa əməliyyatlar aparır:
“Merkel Ərdoğanla birlikdə şəkil çəkdirir, xeyli diplomatik birgəlik nümayiş etdirir, amma xalçanın altından başqa əməliyyatlar edir. Onlar istəyir ki, Bundestaq vasitəsi ilə Türkiyəni vursunlar. Şübhəsiz ki, bu məsələ üzərindən kimsə deyəcək ki, Fransa tanıdı, nə oldu ki? Türklər fransız kosmetikasından imtina edib, bununla türk xanımları nəsə itirdilər, ya fransızlarmı qazandılar? Bəli, nəticə oldu ki, iqtisadi əlaqələr bərpa olundu. Hər hansı bir diplomatik tanımazlıq, yaxud da ki, səfirlərin geri çağırılması baş vermədi. Ola bilsin ki, ilkin dövrdə Türkiyə parlamentində oxşar cəhdlər olsun.
Suallar var ki, erməniləri “soyqırım” a məruz qaldığı xalq kimi tanımaq doğrudanmı onların xeyrinə işləyir? Həqiqətənmi Ermənistan bu qərarlardan faydalanıb Türkiyənin əleyhinə hüquqi-siyasi dava aça bilər?
Qətiyyən. Artıq 2 milyonluq bir ölkə gəlib Türkiyəni mühakimə edəsi deyil və onu Beynəlxalq məhkəmələr qarşısında dayanmağa vadar edə bilməz. Nə Ərdoğan, nə də ondan sonrakı prezidentlər və baş nazirlər erməni məsələsinə görə, gedib beynəlxalq tribunal qarşısında cavab verəcək. Osmanlı dövrünün bütün hadisələrini müasir Türkiyənin qarşısına itələmək olmaz. Əgər elədirsə, onda Osmanlının bütün ərazisini bərpa eləsinlər, Türkiyə həmin dövrə qayıtsın və onda ancaq cavabdehlik məsələlərinə baxıla bilər”.
Z.Orucun fikrincə, Bundestaqın bu qərarı onun ATƏT-in Minsk Qrupundakı yerinə, fəaliyyətinə zərbə vurur:
“Düzdür, onlar həmsədr deyillər. Prezident İlham Əliyev Almaniya səfəri qarşısındadır. Düşünürəm ki, bütün bu məqamlar Azərbaycanı da narahat edir. Türkiyə əleyhinə xüsusilə erməni məsələsi üzərindən yürüş edənlərin qarşısında birgə dayanır. Bundestaqın bu qərarı ola bilsin ki, 5-10 gündən sonra unudulsun. Mən hesab edirəm ki, ən yaxşı cavab reaksiyası ermənilərin başının üstündən yumruğu əksik etməməkdir”.
Şərhlər