İşıqla oyun - TƏHLIL

10.07.2015 10:56     A-reaksiya     3437

Ermənistanda inqilab kimə gərəkdir?

Yəqin ki, Almaniyanın "dəmir kansler"i Otto fon Bismarkın tarixi bir cümləsi hər kəsin yaddaşındadır: "İnqilabı romantiklər düşünür, fanatiklər həyata keçirir, əclaflar isə ondan bəhrələnir". 

Müasir dövrümüzdə isə, dünyanın müxtəlif guşələrində baş verən "rəngli inqilab"ları seyr etdikdə onları düşünənlərlə faydasını görənlərin eyni qüvvələr olduğunu anlayırıq. İndiki inqilabları həyata keçirənlər isə, yaxşı öyrədilmiş təxribatçılar tərəfindən istiqamətləndirilən zombiləşdirilmiş insan kütlələridir. Görəsən, Almaniyanın "dəmir kansler"i ölkədə yalançı "rəngli inqilab" səhnələşdirərək müttəfiqləri ilə manipulyasiya etməyə çalışan müasir Ermənistanın rəhbərliyini necə qiymətləndirərdi? Çünki İrəvanda baş verən, "elektromaydan" adlandırılan son hadisələr Kremli şantaj etmək, Ermənistanın guya Qərbin qucağına yönəldiyini göstərmək cəhdindən başqa bir şey deyil. Mənzərəni daha aydın təsəvvür etmək üçün hadisələrin xronologiyasına diqqət yetirək.

Hər şey Ermənistanın baş naziri Ovik Abramyanın iyunun 9-da ölkədə elektrik enerjisinin qiymətinin bahalaşaraq 6,93 drama (16%) qaldırılmasını bəyan etməsilə başladı. Qiymət artımı haqda qərarı Ermənistanın İctimai Xidmətlərin Nizamlanması Komissiyası (İXNK) qəbul etdi.

İXNK-nin tariflərin artırılması ilə bağlı iclası iyunun 17-nə təyin edilmişdi. Elə həmin gün "Daşnaksutyun"un tələbə ittifaqı şəhərdə etiraz aksiyasına çıxdı və aksiya qarşıdurma ilə, təşkilatçı fəalların həbsi ilə bitdi.

İyunun 19-da etirazlar İrəvanla yanaşı, Gümrü və Vanadzor şəhərlərini də bürüdü. Artıq kütləvi etirazlar "Vonç talanin!" ("Talana yox!") adlanırdı. Ermənistan paytaxtında küçələrə çıxmış 6000 insan İXNK-nin qərarının ləğv edilməyəcəyi təqdirdə, prezident iqamətgahına doğru yürüşə başlayacaqlarını bildirirdilər. Bir qədər sonra təşkilatçılar aksiyanın müddətsiz olduğunu açıqladılar, ərazidə çadırlar peyda olmağa başladı. Tələblər sırasına Ermənistanın enerji sektorunun ("Ermənistan elektrik şəbəkələri" QSC, səhmlərinin 100%-i Rusiyanın "İnter RAO" şirkətinə məxsusdur) milliləşdirilməsi tələbi də əlavə olundu.

Prezident Serj Sarqsyan nümayişçilərə aralarında 4-5 nəfərin seçilərək nümayəndə kimi öz igamətgahına gəlmələrini, danışıqlara başlanılması təklifini irəli sürdü. Mitinqçilər isə dialoqdan imtina etdilər və tələblərinin kifayət qədər aydın olduğunu, bu üzdən onların xüsusi izahına ehtiyac qalmadığını bildirdilər.

İyunun 23-də Ermənistan polisi su şırnaqlarından istifadə etməklə, mitinqi dağıtdı. Ən azı 237 nəfər saxlanılsa da, onların hamısı elə həmin gün sərbəst buraxıldı.

Kiyevdə 2013-cü ilin payızında yaşamış Avromaydanın ilkin mərhələsində olduğu kimi, bu dəfə də Ermənistan hüquq mühafizə orqanlarının əməlləri etirazçıların qəzəbini bir qədər də artırdı. İyunun 23-ü axşam aksiyaya artıq 10 min insan qatılmışdı. Onlar hökumət binasının yerləşdiyi Baqramyan prospektini bağlamış, zibil qutularından barrikadalar qurmuşdular.

Ermənistanın siyasi həyatı üçün xarakterik olmayan maraqlı hadisələr də ölkədə, elə məhz bu məqamdan cərəyan etməyə başladı. Hüquq mühafizə orqanları nəinki mitinqçilərin dağılışması üçün heç bir addım atmır, əksinə, özlərini çox ədəbli aparırdılar. Güc strukturlarının rəhbərlərinin bəyanatlarında hətta üzr notları belə, hiss olunurdu. Üstəlik, nümayişçilərə Ermənistan şou-biznesinin nümayəndələrindən, ölkənin siyasi elitasından ard-arda dəstək gəlməyə başladı. Onlar polislə mitinqçilər arasında canlı baryer yaradırdılar. Maraqlıdır ki, Baqramyan prospektində ölkənin müxalifət partiyalarından heç birinin təmsilçiləri görünmürdü. Hökumətin məsələ ilə bağlı ortaya mövqe qoymaması da son dərəcə maraqlı idi.

Prezident və baş nazir uzun müddət idi susur, sanki nəsə gözləyirdilər. Əvəzində diasporadan bəyanatlar özünü çox gözlətmədi. 

 

Amerikalı musiqiçi, erməniəsilli roker Serj Tankyanda gözlənilmədən iqtisadçı istedadı peyda və o bu "istedadını" işə salaraq ölkənin çoxdan Rusiyaya verilmiş bütün enerji şirkətlərinin milliləşdirilməsini tələb etdi. Qərb ölkələrinin diplomatik missiyaları və Avropa strukturları həmişəki "narahatlıqlarını" dilə gətirirdilər. Prezident Sarqsyan isə ölkədə çətin daxili siyasi vəziyyətdə susması azmış kimi Belçikaya səfərə yollandı. İlk baxışda bunu kifayət qədər qəribə addım saymaq olardı. Lakin bu səfəri onun, iyunun 25-də Belçikada Avropanın demokratik partiyalarının sammiti çərçivəsində daha çox Qərb dünyasının təmsilçilərilə məsləhətləşmək cəhdi olaraq qiymətləndirmək olardı.

Sarqsyan, ölkəsində baş verən hadisələrə münasibətini də yalnız Belçikadan qayıtdıqdan sonra bildirdi. Prezident, bunu Rusiya və Ermənistanın iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri, Rusiyanın nəqliyyat naziri Maksim Sokolovla görüşdə etdi.

Hər şey Ermənistan prezidentinin "İrəvan maydanı"nın antirusiya xarakterli olmasının inkar etməsilə başladı. Daha sonra o, elektrik enerjisinin qiymətinin artırılmasını milli valyutanın inflyasiyası ilə əsaslandırmağa çalışdı, Rusiyanın Ermənistanın bir nömrəli investoru olduğunu (başqa sözlə, Rusiyanın Ermənistanda cüzi də olsa iqtisadi maraq kəsb edən bütün sahələrə nəzarət etdiyini) söylədi. Sonda Sarqsyan əsas məqamın üzərinə gəldi və Kremlin investisiyalarının qorunmasının Ermənistan rəhbərliyinin marağında olduğunu bildirdi. Bununla yanaşı, o, Rusiyanın da bu məsələyə öz şirkətlərinin sosial məsuliyyəti nöqteyi-nəzərindən yanaşmasının daha doğru olacağını söylədi. Erməni prezident bildirdi ki, "İnter RAO"nun törəmə şirkəti olan "Ermənistan elektrik şəbəkələri" QSC-də vətəndaş cəmiyyətinin iştirakçıları və ekspertlərin iştirakı ilə auditin keçirilməsi yaxşı olardı. Və əgər bu yoxlamanın sonunda qiymət artımının əsassız olduğu üzə çıxarsa, elektrik şəbəkələrinin milliləşdiriləcəyi istisna deyil. Hələliksə, hökumət qiymətdəki fərqi ödəməyi öz üzərinə götürür. Bəs, o bunu hansı mənbələr hesabına etmək fikrindədir? Əlbəttə ki, Rusiyanın ermənilərə elə rus hərbi texnikasının alınması üçün ayıracağı 200 milyon dollarlıq kreditin hesabına.

Artıq Ermənistan prezidenti rəsmi olaraq Rusiyadan beynəlxalq yoxlanışa, sözügedən kreditə və daha bir hədiyyəyə "hə" cavabı alıb: rusiyalı hərbçi Valeri Permyakovun Gümrüdə 7 nəfərin öldürülməsilə bağlı istintaq işinə Ermənistanda baxılacaq. Sarqsyanın fikrincə, bu qərar Rusiya-Ermənistan münasibətlərində "tərəfdaşlıq və qardaşlıq ruhunun göstəricisidir".

İrəvanda keçirilən etiraz aksiyasının iştirakçıları baş verənləri sevinclə qarşılayıb, "qələbə"ni bayram etsələr də ilk eyforiya arxada qaldıqdan onlar daha sonrakı fəaliyyətləri haqda düşünməyə başladılar. Aksiyanın təşəbbüs qrupu Baqramyan prospektindən imtina edərək Azadlıq meydanına keçdi, sonda isə oranı da tərk etdi. Meydanda qalan nümayişçilərin sayı tədricən azalıb və bu məqalənin qələmə alındığı saatlarda Baqramyan prospektində yalnız marginal elementlər qalmışdı.

"İrəvan maydan"ı sönüb, yaxud sakitləşib. Lakin, o, ortaya bir çox suallar çıxarıb. Başlıca sual bundan ibarətdir: bu, nə idi və kimə lazım idi?

Əlbəttə ki, erməni xalqının "Qarabağ klanı"nın ölkəyə rəhbərliyinə gəldikdən sonra tüğyan edən talandan bezməsi heç kəs üçün sirr deyil. Ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətini, bütün sahələrin ya xarici şirkətlərə (əsasən Rusiya şirkətlərinə) satıldığını, yaxud bir qrup oliqarxın əlində olduğunu hər kəs bilir. Bu oliqarxların fəaliyyətlərini 90-cı illərin kriminal ənənələrinə uyğun qurduqları da, demək olar ki, hər kəsə bəllidir. Rusiya şirkətlərinin əsasən qaranlıq sxemlərlə işlədiyi, bunu Ermənistan rəhbərliyilə razılaşdıraraq etdiyi də məlum faktdır. Ermənistanda elektrik enerjisi tarifləri MDB-nin əksər ölkələrində olduğundan xeyli yüksəkdir. Bununla yanaşı, İrəvanda yaşananlardan bir az əvvəl ölkənin enerji və təbii resurslar naziri Yervand Zaxaryan "Vorotan kaskad SES"in 182 milyon dollar qarşılığında Amerikanın "Contour Global Hydro Cascade" şirkətinə satıldığını bəyan etmişdi. Üstəlik, Ermənistan rəhbərliyi qarşıdakı 3-4 il ərzində amerikalılara tarifləri 166% qaldırmaq icazəsi verib. Amma bu informasiya nədənsə ictimaiyyətdə hiddətə səbəb olmadı. Əksinə, xəbər kifayət qədər sakit, müəyyən mənada isə hətta müsbət qarşılandı.

Kütləvi etiraz aksiyalarının əvvəlindən erməni ictimaiyyətinin nümayəndələri, xüsusilə onların Rusiya ilə sıx əlaqələrə malik olanları, hər kəsi aksiyanın sırf iqtisadi xarakter daşıdığına inandırmağa çalışır, hər hansı antirusiya əhvalından söhbət belə, getmədiyini iddia edirdilər. Lakin erməni "analitikləri"ndən başqa hər kəs İrəvanda yaşananlarla "rəngli inqilab"lar arasında müqayisə aparmaqda, oradakı bənzər məqamları tutuşdurmaqda idi. Ədalət naminə qeyd edək ki, belə qənaətə gəlmək üçün amillər də az deyildi. Birincisi, Qərb Rusiya sərhədinə yaxın ərazidə növbəti gərginlik ocağı yaratmağa, postsovet məkanında daha bir çevriliş təşkil etməyə, hakimiyyətə aşkar antirusiya əhvallı qüvvələri gətirməyə maraqlıdır. Yaşananlar çoxlarına ilin əvvəlində Ermənistanın Gümrü şəhərində baş vermiş hadisələri xatırladırdı. Məlum olduğu kimi, o zaman rus əsgərinin erməni ailəsini qırması ölkədə ciddi gərginlik yaratmış, insanlar "Ruslar, rədd olun!" tələblərilə küçələrə çıxmışdılar.

Bəziləri "rəngli çevriliş"lərin "xaç anası", ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Ermənistana səfərini, onun İrəvanda qapalı qapılar arxasında Ermənistanın QHT təmsilçilərilə apardığı danışıqları da yada salırdılar. Qərbin Ermənistanda "rəngli inqilab" törətmək niyyətini amerikalı publisist, ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın məsləhətçilərindən olmuş Pol Kreyq Roberts də söyləyirdi. Erməni jurnalistləri "maydan"ın xəzinədarını da tapmışdılar - onların fikrincə, Gümrüdən olan jurnalist Levon Barseqyan, İrəvandakı nümayişləri ərzaqla təmin edilməsi üçün ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzdən 10 milyon dram alıbmış. Beləliklə, etirazçılara ərzaq paylanması ilə bağlı bayağı təşkil edilmiş səhnələr, Hollivud təbəssümü ilə polislərə çiçək paylanılması, nümayişçilərin su şırnaqları ilə dağıdılması zamanı nümayiş olunan davranışlar və yuxarıda sadalanan məqamlar "İrəvan maydan"ında Qərbin izlərini görmək arzusunda olanların fərziyyəsini gücləndirmişdi.

İrəvan hadisələrində Qərb strukturlarının epizodik də olsa, rol oynadıqlarını istisna etmək olmaz. Bəlkə də, onlar bununla gələcəkdə öz dividendlərini əldə etmək məqsədi güdüblər. Lakin, fikrimizcə, bu "maydan şousu"nun əsas ssenaristi, rejissoru və aktyoru məhz Ermənistan prezidenti Serj Sarqsyan idi. Niyə? Bunun üçün onun səbəbləri, motivləri nə birdir, nə iki.

İyulda Ermənistanda Konstitusiya islahatları layihəsinin yekun variantı hazır olacaq. Bundan sonra öklədə daxili siyasi həyatın tam yeni müstəviyə keçəcəyini söyləmək olar. Ermənistanın siyasi qüvvələri Sarqsyanla görüşdən sonra bildiriblər ki, yeni Konstitusiyada Silahlı Qüvvələrə rəhbərlik baş nazirə həvalə oluna bilər. Yəni bu, orduya nəzarətin parlamentdəki çoxluğa keçəcəyi deməkdir. Əvvəllər Serj Sarqsyanın özünü hakim Respublika Partiyasının dəyişməz lideri saydığı haqda yazmışdıq. O, ölkə parlamentində mütləq çoxluğu ələ keçirmək niyyətindədir. Bu isə böyük ölçüdə Sarqsyanın partiyadakı mövqeyinin nə qədər güclü olmasından asılıdır. İrəvanda ötən ay baş vermiş olaylara bənzər istənilən laxlama Sarqsyan üçün komandasının, o cümlədən siyasi, iqtisadi elitanın ona sadiqliyini yoxlamaq imkanı verir. Etirazlar və "xalq qəzəbi" isə illərlə erməni xalqını istismar edərək kapital toplamış insanlar üçün ən yaxşı qorxu vasitəsidir. Bu, onların xalqın qisas hissindən qorxaraq Sarqsyanı daha ciddi dəstəkləmələrinə yol açır.

Sarqsyan isə "xalq qəzəbi"ndən yalnız silahdaşlarına qarşı deyil, həm də "strateji mütəffiqi" olan Kremlə qarşı istifadə etmək qərarına gəlib. Məsələ ondadır ki, son zamanlar Rusiya ilə Azərbaycan arasında münasibətləri yüksək səviyyədədir. Vəzifəli şəxslərin çoxsaylı səfərləri, iki ölkənin mövqelərinin bir çox məsələlərlə bağlı yaxınlaşması, birinci Avropa Oyunları zamanı Moskvanın Bakıya verdiyi dəstək, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın artıq neytral mövqe tutduğuna dair çoxsaylı fikirlər Ermənistan rəhbərliyində narahatlıq yaratmaya bilməzdi. Çünki Qarabağ münaqişəsi, daha dəqiqi, Azərbaycan torpaqlarının işğalı bu gün Ermənistan hakimiyyətinin ölkənin başında qalmasına imkan verən yeganə amildir. Münaqişə zonasında status-kvonun cüzi də olsa dəyişməsi İrəvanda "Qarabağ klanı"nın nüfuzunu tamamilə itirməsi ilə nəticələnəcək. Ermənistanın Rusiyanın dəstəyi olmadan Azərbaycana bir gün belə, müqavimət göstərə bilməyəcəyi də bəllidir. Ermənistanın daim Qərbin qılığına girməsi, Rusiya ilə münasibətlərdəki qeyri-səmimilik və etibarsızlıq göstərməsi rəsmi Moskvanı bu ölkə ilə münasibətlərə yenidən baxmağa məcbur edib. Analitiklərin fikrincə, Kreml bir müddət əvvəl Sarqsyana əvəz axtarmağa da başlayıb. Ölkənin sabiq prezidenti Robert Koçaryan müəyyən mənada "vurulmuş fiqur" sayılır və Moskva, çətin ki, seçimini onun xeyrinə etsin. Sarqsyanın yerinə namizədin hazırkı müdafiə naziri Seyran Ohanyanın ola biləcəyi haqda fikirlər isə çoxdan dolaşmaqdadır: "Qarabağ klanı"nın üzvü olan bu şəxs Moskvaya sadiq fiqur kimi tanınır. Ohanyan isə ikinci olmağa razılaşacaq şəxs deyil və bu, Sarqsyanın planlarına uyğun gəlmir. Ohanyanla Ermənistanın iki qəzeti arasında bu yaxınlarda yaşamış qalmaqalı da unutmaq olmaz. Xatırladaq ki, qalmaqala qəzetlərin nazirin həyat yoldaşı ilə bağlı kompromatlar dərc etməsi səbəb olub. Qəzetlər həmin məqalələri Ohanyanın prezidentliyə namizədliyi məsələsinin gündəmə gəlməsindən dərhal sonra dərc edib.

Bütün bunların fonunda Ermənistan prezidenti va-bank gedərək, millətçilərin asanlıqla "Rusiya, rədd ol!", "Ermənistan ermənilər üçündür!" kimi şüarlar səsləndirəcəyi idarəolunan maydan təşkil etmək qərarına gəldi. O, eyni zamanda ölkə daxilindəki silahdaşlarını da yoxlamağı, Moskvadakı "rəhbərlərinə" isə özünün ölkədəki rıçaqları nə qədər əlində tutduğu bacarığını nümayiş etdirməyə cəhd etdi.

Ermənistan prezidenti qumar oyunlarını çox sevir. Deyilənə görə, o, həm də şahmatçıdır. Beləliklə, Sarqsyan böyük oyunda böyük riskə getmək fikrinə düşüb, lakin bu zaman Viktor Yanukoviçin başına gələnləri unudub (və ya onun başqa yolu qalmayıb). O, unudub ki, Moskva qarşısında mövqelərini gücləndirmək, böyük güzəştlər əldə etmək üçün bir zamanlar Yanukoviç də Avropaya inteqrasiya tərəfdarları ilə oyun oynamaq fikrinə düşmüşdü. Hələ ki Sarqsyanın bəxti daha çox gətirə bilər. Amma o, zəif strateqdir. Taktik kimi isə o, "şahmat taktiki"dir, yəni şahmat taxtasındakı 64 hücrə ilə fikirləşir. Böyük siyasətdə bu hücrələrin sayı xeyli çoxdur. Şahmat taxtasından danışırıqsa, oyunun başladığı fiquru, yəni piyadaları unutmaq olmaz. Burada söhbət küçələrə çıxaraq iqtisadi, sonradan isə siyasi azadlıqlarını tələb edən nümayişçilərdən gedir. Bəli, partiya onlarla başlayır. Lakin "iztirablı xalq"ın təcrübəsi göstərir ki, bu oyunlarda xalq elə piyada kimi başlayır və piyada kimi də qalır. Proses boyunca o, heç zaman vəzirə çevrilmir. Ermənistan prezidentinin ssenarisi belədir. Amma, o, belə primitiv kombinasiyalar qurarkən faktiki olaraq işıqla deyil, odla oynadığını anlamır.

Şərhlər

Çox oxunanlar