Yunanıstan böhranı və “köhnə dünya”nin taleyi - TƏHLİL

10.07.2015 11:22     A-reaksiya     2438

Bir müddət öncə Avropa ölkələrini bürüyən iqtisadi böhran və kataklizmlərin fonunda baş verənlər mövcud olan bəzi məqamları real surətdə bir daha aşkar etdi. Bəhs olunan tendensiyaların “domino effekti” ilə “qoca qitə”nin aparıcı ölkələrini də cənginə alması, öz növbəsində, bütöv bir geosiyasi vahidin - Avropanın iqtisadi və siyasi təhlükəsizlik strukturunun mahiyyətini və durumunu növbəti dəfə aşkar etdi.

 

AVROPA YUNANISTANIN TİMSALINDA ÖZÜNÜ XİLAS EDƏ BİLƏCƏKMİ?

 

Yunanıstan, İspaniya, İtaliya və Portuqaliyada baş qaldıran maliyyə problemləri avrozonada böhran amilini yenidən aktuallaşdırdı. Xüsusilə də, Yunanıstanın iqtisadi böhranla qarşı-qarşıya qalması bu ölkənin taleyinə dair gərgin müzakirə və mübahisələrin yaranmasına səbəb oldu. Proseslərin kulminasiyasında ölkə əhalisi Yunanıstan hökumətinin kreditorların şərtlərinə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirdi. Vətəndaşların 60 faizindən çoxu ölkənin əsas kreditorlarla maliyyə yardımının göstərilməsinə dair sazişin imzalanmasına qarşı çıxdı. Ekspertlər isə xüsusi vurğuladılar ki, əgər Avropa İttifaqı Yunanıstanı avrozonada saxlamaq istəyirsə, özü üçün heç də asan olmayan taleyüklü qərar qəbul etməlidir. Bu isə Yunanıstana yardım paketini genişləndirməklə bağlı olmalıdır. Yunanıstan isə bunun müqabilində büdcə xərclərinin məhdudlaşdırılması sahəsində sərt siyasətə getməlidir. Amma yekun qənaət budur ki, bu tədbirlər müvəqqəti olaraq Yunanıstan böhranını yumşaltsa da, bütövlükdə avrozona və Avropa İttifaqı ciddi iqtisadi-siyasi təhdidlər qarşısındadır.

Hazırkı reallıqlar isə onu göstərir ki, Yunanıstan problemi heç də asanlıqla aradan qaldırıla bilməyəcək. Ümumi daxili məhsulunun 175 faizinə bərabər olan 315 milyard avro həcmində borcu ödəmək indiki mərhələdə iqtisadi-siyasi utopiya kimi çıxış edir. Onu da nəzərə almaq lazımdır ki, hələ 2010-cu ildən başlayaraq bu ölkənin borclarının bir qismi kreditorlar tərəfindən kömək məqsədilə silinib. Bir sözlə, proqnozlar olduqca pessimistdir...

 

REGİONAL İQTİSADİ MEXANİZM OLAN AVROPA İTTİFAQI SİYASİ GÜC MƏRKƏZİNƏ ÇEVRİLƏ BİLDİMİ?

 

Əslində, vaxtaşırı təkrarlanan bu cür böhran halları Avropanın sonunun başlanğıcı və ya tənəzzülü kimi xarakterizə edilir. Bu kontekstdə bir sıra məqamlara toxunmaq lazımdır.

II Dünya müharibəsindən sonra bütöv bir geosiyasi məkanda təhlükəsizlik, bütövlük və inkişafın təmin olunması naminə yaradılan Avropa İttifaqına (Aİ) hələ o zaman mövcud dünya düzəninin və perspektivin ən effektiv institusional aktoru kimi yanaşılırdı. Ümid edilirdi ki, modern idarəetmə sisteminə və əhəmiyyətli potensiala malik olan milli dövlətləri özündə birləşdirən İttifaq dünya siyasətinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək. Həmçinin, iddia edilirdi ki, Aİ-nin formalaşdırılması ilə Avropa ənənəvi hegemoniya mərkəzinə çevriləcək və növbəti dünya düzəni avrosentrist (avropamərkəzli) olacaq. Hətta bu istiqamətdə müəyyən nəzəriyyələr və konsepsiyalar da meydana gətirildi. Avropa Birləşmiş Ştatları ideyasının fonunda “mərkəzyönümlü”, “inteqrativ” nəzəriyyələr yaradıldı ki, bütün bunlar da Avropanın geosiyasi hegemoniyasının ideoloji əsaslarının formalaşdırılmasına xidmət edirdi. Amma hesablar reallığa çevrilmədi, ən azından, uyğun gəlmədi...

O zamandan bu günə qədərki ərəfədə dünya siyasətində və bəhs edilən geosiyasi məkanda baş verənlər göstərdi ki, Aİ nəinki dünya siyasətində hegemon güc mərkəzinə çevrilə bilmədi, hətta öz daxilində mürəkkəb ziddiyyətlər mənbəyinə çevrildi. Doğrudur, Aİ-yə üzv dövlətlər arasında praqmatik iqtisadi münasibətlər sistemi formalaşdırıldı, amma siyasi mexanizm defisiti (çatışmazlığı) Avropa ölkələrinin İttifaq halında inkişafına mane oldu.

 

HEGEMON GÜC MƏRKƏZLƏRİNİN SİYASİ AMBİSİYALARI İQTİSADİ DİRÇƏLİŞİ İSTİSNA EDİR

 

Bu gün bəhs edilən məkanda baş verənlər isə Aİ-nin siyasi və iqtisadi bütövlüyü məsələsini, region dövlətlərinin vahid strukturda inkişafını inkar etmiş oldu. Son olaraq “köhnə dünya”da baş verən maliyyə kataklizmləri hər nə qədər sırf iqtisadi problem kimi səciyyələndirilsə də, məhz bir o qədər siyasi baxımdan Aİ-nin institusional böhranı kimi dəyərləndirilməlidir.

Böhranın fonunda ortaya çıxanlar aşkar etdi ki, Avropa İttifaqı özünün iqtisadi strukturu və mexanizmləri ilə bütöv bir geostrateji vahid kimi səciyyələndirilsə də, İttifaq çərçivəsində ciddi siyasi pərakəndəlik mövcuddur. Bunu göstərən sadə nümunə isə böhranın ortaya çıxması ərəfəsində və ona qarşı mübarizə çərçivəsində Aİ-nin aparıcı ölkələrinin fərqli və korporativ mövqe sərgiləməsidir. Böhrana qarşı ümumi olaraq müxtəlif xarakterli tədbirlər görülsə də (maliyyə ayırmalarının həyata keçirilməsi, xərclərin azaldılması və s.), siyasi vahidliyin və həmrəyliyin təmin olunmaması avrozonanı ənənəvi surətdə mürəkkəb durumla qarşı-qarşıya qoydu. Bu məqamda ekspertlər isə, əsas etibarilə, iqtisadi problemlərin daha çox Avropada hegemonluq fəlsəfəsi əsasında çıxış edən Almaniyanın siyasi ambisiyalarından və “qoca qitə” ölkələrinə münasibətindən qaynaqlandığını bildirirlər. Məhz bu ölkənin Yunanıstana iqtisadi yardım qarşılığında qoyduğu şərt və tələblərin tənəzzülə səbəb olması əsas fakt kimi vurğulanır.

Beləliklə, bütün bunlar Avropa ölkələrinin İttifaq çərçivəsində siyasi təhlükəsizlik sisteminin “kağız üzərində” olmasına dəlalət etdi...

 

AVROPANIN “AXİLLES DABANI”, YAXUD PROQNOZLAR OLDUQCA PESSİMİSTDİR

 

Nəticə etibarilə, bütöv bir iqtisadi vahid kimi səciyyələndirilən Avropa İttifaqı gözlənilənlərin əksinə olaraq, siyasi birlik simvoluna çevrilə bilmədi. Sözügedən geosiyasi məkanda praqmatik iqtisadi münasibətlər sistemi formalaşdırılsa da, siyasi vahidlik və bütövlüyə nail olunmadı. Ona görə də, Aİ bundan sonra da vahid geostrateji məkanda kollektiv inkişafın formulu və ya modeli kimi çıxış edə bilməyəcək. Çünki İttifaq çərçivəsində siyasi və iqtisadi mexanizmlərin bir-birini istisna etməsi və çatışmazlığı sabit inkişafın qarşısını alan faktor qismində çıxış edir. Beləliklə, siyasi uzlaşma, həmrəylik və bütövlüyün təmin oluna bilməməsinin fonunda ortaya çıxan institusional böhran Avropanın “Axilles dabanı”nı təşkil edir.

Şərhlər

Çox oxunanlar