İran dəyişə bilərmi?
10.07.2015 15:54 A-reaksiya 3883

1925-ci ildə iqtidara gələn Farsların Şah İranında Ölkə Kəşfiyyat və Təhlükəsizlik Təşkilatının qısaldılmış adı olan SAVAK İsrail və ABŞ tərəfindən dəstəklənən bir quruluş kimi 1967-ci ildə qurulub. İranlı kəşfiyyatçılar bu iki ölkə kəşfiyyat mütəxəssisləri tərəfindən təlimlərə cəlb olunublar. Xomeyni inqilabından sonra bütün Şah tərəfdarları bu təşkilatdan təmizlənib və təşkilatın hüquqi statusu nazirlik kimi dəyişdirilib. Vəzarət-i Ettela'at Və Amniyet-i Kisvar-VEVA (Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi) qurulub. "Vavan" adı verilən bu yeni təşkilatda Xomeyni tərəfdarı gənclər kilid yerlərdə vəzifə tutublar. Bu gənc inqilabçıların çoxusu Şah dövründə təqaüdlə ABŞ və İngiltərədə akademik təhsil alıb və Xomeyninin xaricdə təbliğatını həyata keçiriblər. İnqilabdan sonra İran kəşfiyyatının bu ilk İslamçı nəsli bu gün ölkənin reformist siyasi axınını təşkil edirlər və əhəmiyyətli simaları Xamenei tərəfdarları tərəfindən həbsə atılıblar.
Gənclik illərində inqilabın yaratdığı psixologiyanın təsirində olub ABŞ səfirliyini işğal edən və bu işğal nəticəsində ABŞ-İran əlaqələrinin qopmasına səbəb olan bu nəsil bu gün ABŞ-İran əlaqələrinin yenidən qurulmasını istəyir. Bu gün Tehran Evin həbsxanasında İnqilaba müxaliflik günahından həbsdə olan və İran inqilabının ilk illərində ABŞ səfirliyi işğalında əhəmiyyətli rol üstlənən və daha sonra İran kəşfiyyat mərkəzlərində əsasən müdir və strateg vəzifələrində çalışan Mustafa Taczadə ötən illərdə həbsxanada yazdığı bir yazıda İranın bugünkü bərbad vəziyyətə düşməsinin əsl səbəbini inqilabın ilk illərində İran türklərinin lideri Ayətullah Şəriatmədari üsyanının yatırılması qarşısında reformistlərin susması ilə başlandığını iddia edib.
İnqilab öz balalarını yedi!
1979 –cu ildə baş verən İran İnqilabından sonra İran Kəşfiyyat Nazirliyi öz içində bir çox enişli- yoxuşlu yollardan keçib və nəticədə hazırda kilid vəzifələr Xameneyi tərəfdarlarının əlindədir. Bu gün dünyada bir çox kəşfiyyat hərbi zehniyyətdən vətəndaş zehniyyətinə keçdiyi bir zamanda İran Kəşfiyyat Nazirliyi ikitərəfli yolu izləyərək İran içində polis təşkilatı kimi hərbi düşüncə ilə çalışdığı halda, xarici siyasətdə vətəndaş zehniyyəti prioritet təşkil edib. Bunun üçün davamlı İran xarici siyasətində İran İnqilab Mühafizləri Ordusu ilə ziddiyyətlər yaşayırlar.
Necə effekt alırlar?
İran Kəşfiyyat Nazirliyinin heyətli işçi seçimi olduqca qeyri - adidir. Mərkəzi İranın Sari şəhərində olan İmam Məhəmməd Baqi Fakültəsi Kəşfiyyat Nazirliyi heyətlərini yetişdirir. Bu fakültənin tələbə qəbulu sistemi ümumi imtahan balıyla həyata keçirilir və bakalavr və magistr ixtisasları ilə şagird qəbul edirlər. Bu fakültə adını şiələrin beşinci İmamın adından alıb. Baqiyül-Ulüm adı ilə məşhur olan İmam Məhəmməd Baqinin xüsusiyyəti yaxşı yetişmiş bir alim olmasıdır. Ayrıca Baqiül Ulüm ərəbcədə elmlərin qapısı mənasına gəlir. İmam Məhəmməd Baqinin digər bir xüsusiyyəti məzarı ilə əlaqədardır və Kəşfiyyat Nazirliyinin təhsil mərkəzinə bu adın verilməsinin özünün simvolik mənası var. Belə ki, İmam Məhəmməd Baqinin məzarının digər şiə İmamların məzarları ilə fərqi onun təkcə məzar daşından ibarət olmasıdır.
Ərəbistanının Mədinə şəhərində digər iki şiə İmamın məzarlarının yanında olan İmam Məhəmməd Baqinin məzarının türbəsi olmadığından çətin seçilir və bir çox insan məzarın İmam Məhəmməd Baqiyə aid olduğunu belə bilmir. İmam Məhəmməd Baqi Fakültəsinin rektoru Əhməd Behişti icra edir. İran siyasətində adı heç eşidilməsə də, Xamneyinin yaxın ətrafındandır və 70 cild Quran-ı Kərim təfsiri kitabı yazıb. Bu fakültə əsasən magist və doktorantura təhsilinə tələbə qəbul edir. Kəşfiyyat Nazirliyinin digər bir əhəmiyyətli təhsil mərkəzi isə İmam Hadi fakültəsidir. İmam Hadi şiələrin 11 - ci imamı və Həzrəti Mehdinin atasının adıdır. Bu fakültə ali dini ruhani tələbələrini yetişdirir və bu kadrların kod adı İmam Mehdinin Adsız əsgərləridir.
İran Kəşfiyyat Nazirliyinin ümumi 12 şöbəsi və 64 regional ofisi var. İran-İraq müharibəsinin sonuna kimi reformist olaraq bilinən kəşfiyyatçılar bu nazirlikdə olduqca böyük təsir qüvvəsinə malik idilər. Lakin müharibədən sonra sağçılar yaxud mühafizəkarlar kimi bilinən siyasi axın mənsubları bu nazirlikdən çoxalmağa başladılar və 1994- cü ilə kimi reformistlərin böyük əksəriyyəti nazirlikdən təmizləndi.
Sağçıların ən əhəmiyyətli xüsusiyyəti dini lider Xameneyi tərəfdarı olmalarıdır. 1994-ci ildə reformistlərin nazirlikdən təmizlənməsindən sonra insan resursları baxımından problem meydana gəldi. Haşimi Rəfsəncaninin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra baş verən bu problemi həll etmək üçün hökumət dövlət məmurları ilə bağlı qanunda dəyişiklik etdi və "Xidmətə xoş" əlavə qanunu bu qanuna əlavə olundu. Bu əlavə qanun İnqilab mühafizi heyətlərinə nazirliklərə bağlı təşkilatlarda çalışmağa icazə verdi. Dövlət məmuru qanununun bu cür yenilənməsi sayəsində bir çox İnqilab mühafizlərinin şəxsi heyəti Kəşfiyyat Nazirliyinə keçdi və bu nazirlik tamamilə İnqilab mühafizləri təşkilatı təsirinə düşdü. Bu prosesin nəticəsində isə Hüseyn Şəriatmədari İnqilab mühafizləri Kəşfiyyat şəbəsinin sədrliyindən Kəşfiyyat Nazirliyi Xüsusi institutunun rəhbərliyinə təyin edildi və Əmir Məsud əsnadə Əşəri, İnqilab mühafizləri İmam Hüseyn Universiteti Kəşfiyyat şöbəsi komandanlığından Kəşfiyyat Nazirliyinə aid İmam Hadi Fakültəsində reformistliyi ilə bilinən Məhəmməd Rza Tacikin yerinə təyin olundu. Dövlət ənənəsinə uyğun olaraq təmizlənən kəşfiyyatçılar da dövlətin başqa strukturlarında işə alındılar.
Həsən Ruhani və İran
Hatəmi dövründə İran Milli Təhlükəsizlik Şurasının sədri İranın bugünkü prezidenti Həsən Ruhani idi. Rəfsəncani təklifi ilə bu qrupa mənsubdur və Nizam Səlahlarını təyin Şurası Araşdırma Mərkəzinin sədri Şahin Dəhdəh, Ruhaninin baş müşaviri oldu. İran Hatəmi dövründə bəzi ictimai açılımları təcrübə etsə də, Hatəmidən sonra İran dini lideri, Xameneyi və İran İnqilab mühafizlərinin tam dəstəyinə arxalanan həddindən artıq mühafizəkar Mahmud Əhmədinejad İranın yeni prezidenti oldu. Əhmədinejad İran-İraq müharibəsində özlərini Rəfsəncani qrupunun tərəfindən istifadə edildiyini hiss edən bir axını təmsil edirdi. Bu axının fikrincə Rəfsəncani və qrupu siyasətdən özlərinə rant təmin etmiş və ABŞ ilə əlaqələrin yenidən qurulmasına çalışmaqla inqilab prinsiplərinə xəyanət etmişdilər.
Əhmədinejad prezident olanda Nizam Səlahlarını təyin etmə Şurası Araşdırma Mərkəzinin rəhbəri və Həsən Ruhaninin baş müşaviri Şahin Dəhdəh İngiltərəyə casusluq ittihamı ilə İran Kəşfiyyatı tərəfindən nəzarətə alındı və məhkəmə tərəfindən 20 il həbs cəzasına məhkum edildi. Şahin Dəhdəh Tehran Evin Həbsxanadan dini lider Xameneyiyə yazdığı əfv ərizəsində İngiltərə Kəşfiyyatı Mİ6 ilə əlaqəni və əməkdaşlığı qəbul edib ancaq bu əlaqədən İran Kəşfiyyatının bəzi üst səviyyəli rəsmilərin xəbəri olduğunu irəli sürdü. Dəhdəh bu əlaqənin İran kəşfiyyatının Bəhram əməliyyatı çərçivəsində olduğunu iddia etdi. Əhmədinejad dövründə iqtidardan uzaqlaşdırılan islahatçılar təkrar iqtidara dönmeği planladılar. Lakin Ahmedinijad dövründə İran Məclisi və Hökumət, Xamenei tərəfdarları əlinə keçmiş və buna görə də İran İnqilab mühafizləri İranın bütün güc strukturlarını ələ keçirməyi bacardı. İqtisadiyyat sahəsində İran Məclisi Konstitusiyanın 44 - cü maddəsinə əsaslanaraq yeni bir iqtisadi modeli həyata keçirdi. Beləcə İran İnqilab mçühafizləri iqtisadi özəlləşdirmə qanunu sayəsində İran iqtisadiyyatının şah damarlarına sahib oldu.
Bu gün İran Kəşfiyyat Nazirliyi deyilən təşkilat tamamilə İran İnqilab mühafizlərinin alt qurumu kimi fəaliyyət göstərir. İranda son otuz ildə müxtəlif üsyanlar baş verib, ancaq heç biri müvəffəqiyyətli olmayıb. İran daxili siyasətində Şimali Koreya kimi siyasət yürüdür. Belə olan halda rəhbərliyin ən əhəmiyyətli silahı İnqilab mühafizləridir. Bəzi mütəxəssislərə görə İranın artıq daxildən dəyişməsi ilə bağlı bütün ümidlər tükənib, tək çarə kimi hamı xaricdən hər hansısa bir əlin müdaxiləsini gözləyir. Bu düşüncə isə əslində çox da sağlam bir nəticə doğurmayacaq.
İranda demokratiya insan hüquqları və hüququn aliliyi prinsipi davamlı gündəmdə saxlanılmalıdır.
Şərhlər