“Erməni baharı” Serjin sonunu gətirir - ən son gəlişmə/analiz

23.07.2016 12:04     A-reaksiya     1522

Ermənistan çalxalanır. İrəvan küçələri həftələrdir ki, döyüş meydanına çevrilib. Ölkənin siyasi həyatındakı gərginlik mövcud iqtidarın kürkünə birə salıb. Ermənistan ictimaiyyəti Sərkisyan hökumətindən qurtuluş üçün ayaqdadır .

Politika.Az-ın araşdırmalarından məlum olur ki, düşmən ölkədə “erməni baharı”nın qığılcımları müşahidə edilir. Səfilyanın azad olunması üçün Ermənistanda başladılan terror hadisəsi hakimiyyətin özü üçün də gözlənilməz olub. 

Adətən etiraz aksiyaları ilə qarşılaşan Sərkisyan hökuməti bu dəfə siyasi repressiyasına cavab olaraq terrorla üzləşib. Hökumət son dərəcə həyəcan içərisindədir. Ermənistanda baş verən silahlı qiyamın Türkiyədə hərbi çevrilişə cəhdlə eyni vaxta təsadüf etməsində bir siyasi yaxınlaşma olmasa da, bu coğrafiyanın qaynar qazanın olduğunu görmək olar. 

Məlum olduğu kimi, bir qrup silahlı Ermənistan polisinin komendant polku ərazisinə daxil olublar və silah təhdidi ilə oradakı şəxsləri həbs ediblər. Bir qrup silahlı şəxs tərəfindən İrəvanda Daxili Qoşunlar və polis binasının ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Girov götürülən 5 nəfər içərisində Ermənistan polisinin rəis müavini Vardan Yegizaryan və Yerevan polisi rəhbərinin müavini Valeri Osipyan da var. 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı bəyanata əsasən komendantlığı ələ keçirənlərlə danışıqlar aparılır. Erebunidəki Patrul-mühafizə polkuna hücum edənlər “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Səfilyanın tərəfdarlarıdır. Onlar Səfilyanın azadlığa buraxılmasını və Ermənistan hakimiyyətinin istefa verməsini tələb edir. 

Hazırda silahlı mübarizə yolunu seçən Səfilyan tərəfdarlarının qalib gələcəyi görünmür. Güc strukturları bu qüvvəni məhv etməyə qadirdir. Lakin proseslərin gedişatı və polis vəzifəlilərinin girov götürülməsi belə nəticə çıxarır ki, Ermənistanda heç də hazırlıq yüksək səviyyədə olmayıb. 

Digər tərəfdən Serj iqtidarından narazı elektoratın etirazları səngimir. Belə vaxtda silahlı şəxslərin tələf olunması və ardınca onlara yaxın fəalların kütləvi həbsi narazıları daha da radikallaşdıra bilər. Sərkisyan heç zaman olmadığı qədər dilemma arasında qalıb. Lakin o da bəllidir ki, “erməni baharı”nın böyüməsi Azərbaycanın Dağlıq Qarabağ siyasətinə stimul verə bilər. 

Ermənistan prezidenti Serj Sarkisyan bu gün güc strukturlarının rəhbərlərinin iştirakı ilə xüsusi müşavirə keçirib. Ermənistan saytlarına istinadən xəbər verir ki, Serj Sarkisyan həmin müşavirədə bəyanatla çıxış edib. O hadisənin səbəbləri barədə danışımaq istəmədiyini, lakin bundan dərs çıxaracaqlarını söyləyib.

Sarkisyan əsas narahatlıqlarının bir sıra insanların məsələlərin güc və zorakılıq yolu ilə həll olunmasında görməsi olduğunu bildirib. Ermənistan prezidenti insidentin dinc yoll həll edilməsinə çalışacaqlarını təkrar edərək, polis alayının binasını ələ keçirən şəxsləri sakit olmağa, silahlarını yerə qoyaraq əllərindəki girovları buraxmağa çağırıb.

Serj Sarkisyan ölkədə narazıların sayının çox olduğunu da etiraf edərək bunu ölkənin əsaslarını sarsıtmaq üçün bəhanə olmadığını söyləyib. Sarkisyan bütün intiqam və revanş cəhdlərinin qanun yolu ilə qarşısının alınacağnı bildirib. Sarkisyan hüquq-mühafizə orqanlarının məsələnin dinc yolla çözülməsi üçün tədbirlər görməyə çağırıb.

“Biz cəmiyyətimizin bu həyəcanlı situasiyanın girovuna çevrilməsinə imkan verə bilmərik. Düşünürəm ki, bu bizim gözlədiyimizdən də uzun çəkir. Apreldən hələ çox vaxt keçməyib ki, bizim cəmiyyət olan-bitəni unutsun" deyə o, çıxışında bildirib. Sonda Emrənistan prezidenti hər kəsi sakitlik nümayiş etdimrəyə çağırıb.

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, siyasi şərhçi Natiq Miri isə hesab edir ki, İrəvanda silahlı qiyam Dağlıq Qarabağ münaqişəsinin həllində tormozlayıcı hadisədir. Ekspertin fikrincə, Səfilyan işğal olunmuş bir metr torpaqların belə geri qaytarılmasına qarşı çıxan siyasi gücdür. 

Bu arada isə Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələli həllini dəstəkləyirik. 

Z. Əsgərov bildirib ki, Azərbaycan ikinci süni erməni dövlətinin yaradılmasına imkan verməyəcək: “Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Amma biz onlara Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu, bizim birdəfəlik mövqeyimizdir”.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar