ABŞ-dakı seçkiqabağı gərginlik - Yeni "xilaskar"dan nə gözlənilir?

11.07.2015 18:18     A-reaksiya     2348

2016-cı ildə keçiriləcək ABŞ prezidentliyinə keçiriləcək seçkilərdə namizədlərin kampaniyaları artıq başlamaq üzrədir. Amerikada keçirilən hər prezident seşkisi özünəməxsus olur.

Və məsələ ancaq seçki yarışında deyil. Hər dörd ildən bir ölkədə siyasi atmosfer dəyişir və bu, səsvermənin gedişatına, nəticələrinə də təsir edir.

Görünür ki, növbəti yarış aşağıdakı faktorların təsiri altında keçəcək:

Elektorat. Amerika elekotratında davam edən tərpənişlər istər bütövlükdə, istərsə də Demokratlar və Respublikaçılar partiyalarının daxilindəki siyasi qüvvələrin yerdəyişməsinə təsir edir.  Demokratlar Partiyasının potensial elektoratının genişlənməsi (xüsusilə də ispandilli vətəndaşlar hesabına) ona qarşıdan gələn seçkilərdə mübahisəsiz üstünlük verir. Elektoratında azalma ilə üz-üzə qalan respublikaçılara nisbətən, demokratlar üçün hazırkı şərait daha münbitdir. Növbəti proseslər isə namizədlərin açıqlamalarından və kampaniyaların effektindən asılı olacaq.

Mühafizəkar tərpənişlər. Barak Obamanın 2008-ci ildəki seçkilərdə qələbəsindən sonra, ABŞ-ın siyasi səhnəsində sağ qüvvələrin fəallığı başladı və mühafizəkarlığa doğru tərpənişlər də hiss olundu. Bu tərbənişi 2009-cu ildə “Çayiçmə hərəjatı” və yerli özünüidarətmə, müxtəlif ştatlarda qubernator seçkiləri və qanunvericilik məclislərinə keçirilən seçkilərdə respublikaçıların üstünlüyü müşahidə olundu. Obamanın qıcıqlandırdığı mühafizəkar qüvvələrin yenidən hərəkətə keçməsi ABŞ-dakı seçki mühitinə az təsir etməyəcək.

Respublikaçılar Partiyasında böhran. Son 10 ildə respublikaçılar ciddi problemlərlə üzləşirlər – yeni ideyaların defisiti və prinsipial olaraq yeni gündəliyin hazırlanması bunlardan sayıla bilər. Gündəmdə olan məsələlər respublikaçılara imkan verirdi ki, yenidən aktivləşərək, 1970-ci illərin sonunda olan kimi, mühafizəkar hərəkatın fərqli cərəyanlarını, həmçinin tərəddüd edən elektorat, gənclik, artmaqda olan ispandilli azlığı bir araya toplayaraq, demokrtalara doğru meyillənmənin qarşısını alsınlar. Lakin respublikaçı liderlərin mühafizəkar əsaslara söykənən və illərdir dəyişməyən proqramı XXI əsrin dəyişən demoqrafik və digər reallıqlarınndan çox uzaqda qalıb.

Respublikaçılar Partiyasındakı islahatçı fikirlərə və islahatçı liderə ehtitacı olduğu, hazırda çox aydın görünməkdədir.

Siyasi lider faktoru. Respublikaçı və demokratlar burda da müəyyən start imkanlarına malikdirlər. Demokratların mübahisəolunmaz favoriti kimi, hələ ilkin seçkilərdən də əvvəl Hillari Klinton gündəmə gəlib. O, həm ölkə siyasətində, həm də beynəlxalq arenada yetərincə nüfuzlu şəxs kimi tanınır.

Respublikaçılara qaldıqda isə 2008-ci ildən bəri, onlar hələ də bütün mühafizəkar dairələri öz ətrafında toplamağa qadir siyasi lider yetişdirə bilməyiblər. Bu vəzifənin hödəsindən nə 2008-ci ildə Con Makkeyn, nə də 2012-ci ildə Mitt Romni gələ bildilər. Növbəti seçkilərdə isə respublikaçılar Klintonla mübarizə apara biləcək bir namizədlərinin olması ilə öyünə bilmirlər. Hətta Ceb Buş və digər iddialı respublikaçılar belə bu rola uyğun görünmür.

Rusiya-Amerika münasibətlərindəki böhran. ABŞ-da gözlənilən seçkilər öncəsi daha bir ciddi amil də Rusiya ilə münasibətlərdir.

“Yeni dünya nizamı” adlandırılan sistem soyuq müharibənin birməsindən sonra özündə yeni dünya sistemi barədə köhnə quruluşdan qalma qeyri-müəyyənliklər və əməkdaşlığın prinsipial olaraq fərqli xarakterini ehtifa edirdi. “Sovet irsi”ndə yaranan “vakuum”un Qərbin institutları  (NATO və ÜTT– Ümumdünya Ticarət Təşkilatı)ilə doldurulması, NATO-nun sərhədlərini Şərqə doruğu genişləndirməsi, nüvə silahlarının yayılmaması ilə bağlı problem, Rusiyanın BRİCS-də (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) aktivləşməsi, 2008-ci ildə Cənubi Osetiyadakı hadisələr, Viktor But işi və digər ziddiyyətli məsələlər iki supergüc arasındakı münasibətlərdə kritik kütlə yaratmışdı və bu, özünü gec-tez göstərməliydi.

Bu hadisələrdə qopma nöqtəsi isə Ukrayna böhranı oldu. Proseslərin Rusiya üçün təhlükəli ssenaridə inkişaf etməsi, Moskva tərəfindən də qəti addımlara (Krımın ilhaq olunması, Ukraynada qiyamçıların dəstəklənməsi və s.), Rusiya əleyhinə sanksiyalara və rus rublunun kursunun düşməsinə yönələn iqtisadi siyasətin təzahürünə səbəb oldu.

Münasibətlərdəki hazırkı gərgin vəziyyətin kökündə çoxdankı etimad böhranı və tərəflərin dünya barədə fərqli təsəvvürləri durur. ABŞ-Rusiya rəqabətindəki münaqişəli xarakter hələ Versal sistemində, XX əsrin ikinci yarısında formalaşıb.

Bununla yanaşı, unutmaq lazım deyil ki, soyuq müharibədən sonra nüvə sahəsində silahlanmamaq və kütkəvi-qırğın silahlarından çəkinmək barədə konsepsional razılaşma münasibətlərdə nəinki tarazlıq yaradır, əksinə, mümkün tərəfdaşlığın istənilən formasını çətinə salır.

Əksinə, hər iki tərəfin ekspertləri tərəfindən uzun illər boyu formalaşdırılan silahlanmaya nəzarət sistemi süquta uğradı. Bunda elitaların dəyişməsi əsas rol oynadı: ABŞ-da qarşılıqlı mənfətə amilinə önəm verən siyasi realistləri xarici siyasətdə “qırğı”lar – Rusiyaya qarşı sərt siyasətin tərəfdarları əvəzlədi.

Yaxın Şərqdə böhran. ABŞ-ın hazırkı prezidenti hələ qoşunları Əfqanıstandan və İraqdan tam çıxarmamış İraqda və Suriyada ciddi bir problemlə üzləşdi. Bəşər Əsədin qısa müddətdə devriləcəyinə ümid edən Barak Obama İŞİD faktoru ilə mübarizə aparmağa məcbur qaldı. Hazırda ABŞ “İslam dövləti” qruplaşmasına qarşı beynəlxalq koalisiya yaradıb, terrorçulara havadan zərbələr endirilir, lakin hələ də konkret nəticəyə varılmır, əksinə İŞİD gündən-günə daha da güclənir. ABŞ-ın narazı vətəndaşları isə bu əməliyyatların ancaq silah istehsalçılarını varlandırmağa xidmət etdiyini deyirlər. Belə ki, İraq və Suriyada atılan bir “Tomahawk” bombası ABŞ vergi ödəyicisinə 1,59 milyon dollara başa gəlir. İranla münasibtlər də gözlənildiyinin əksinə olaraq yaxşılaşmağa doğru getmir və ABŞ müttəfiqi İsraili və anti-İran əhval-ruhiyəsində olan Səudiyyə Ərəbistanını nəzərə alaraq, bu istiqamətdə ehtiyatla davranır, Tehrana qarşı sanksiyaları aradan qaldırmağa tələsmir. Bu məsələdə Konqresdə də ciddi fikir ayrılıqları var və Omaba təzyiqlərdən ehtiyat edərək, Yaxın Şərq məsələsində hər hansı konkret addım atmağa çətinlik çəkir.

Cənubi Qafqazdakı münaqişələr, Türkiyə ilə münasibətlərin pisləşməsi. ABŞ hazırda öz mövqeyini Gürcüstanda möhkəmlətsə də, Azərbaycanla bağları qopma təhlükəsi qarşısındadır və həll olunmamış münaqişələr, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardakı səmərəsiz vasitəçiliyi, habelə Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllində Rusiya ilə “dil tapa bilməməsi” onun regiondakı reytinqinə də mənfi təsir göstərir. Digər tərəfdən, ABŞ-dakı siyasi dairələrin erməni lobbisini məmnun etmək naminə Rusiyanın  forpostu olan Ermənistana yumşaq davranması və hətta sərhədləri açmaq, uydurma “soyqırımı” tanımaq üçün Türkiyəyə edilən təzyiqlər, Türkiyədə “paralel yapı” əməliyyatında adı keçən şəxslərin ABŞ-la əlaqəsi Ankaranı da narazı salıb. Hazırda Türkiyənin NATO-da əməkdaşlığı davam etdirməsinə baxmayaraq, Ankara-Vaşinton münasibətlərində gərginlik çox yüksək həddədir. Təsadüfi deyil ki, son illər Türkiyə Rusiya ilə əməkdşalığını gücləndirir və hətta BRİCS-in növbəti görüşünə ev sahibliyi edir.

Rusofobiya. ABŞ-da növbəti rpezident seçkiləri Rusiya ilə münasibətlərdəki böhran fonunda keçiriləcək və bu gün amerikalıların 80 faizi Rusiyaya düşmən dövlət və ya dost olmayacaq bir ölkə kimi yanaşır. KİV-in təbliğatı sayəsində ABŞ-ın sıravi vətəndaşlarında RF prezidenti Vladimir Putin barəsində çox mənfi təsəvvür yaradılıb. Qeyd etmək lazımdır ki, rusofob əhval-ruhiyyə özünü həm elitada, həm də sadə seçicilər arasında göstərməkdədir.

Rusiya ilə ABŞ-ın rəqabəti, qarşılıqlı etimadın defisiti şəraitində ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün ciddi səylərə ehtiyac var. Xüsusilə də, ABŞ-da hakimiyyətə ididalı olan yeni qüvvələrin həm Rusiya ilə münasibətlərə, həm də Şərqdəki münaqişələrə fərqi yanaşma göstərməsi çox əhəmiyyətli olacaq.

Həm siyasi, həm elmi, həm də mədəni əlaqələrin inkişaf etdirilməsi ABŞ-ın regiondakı sadə insanlar arasındakı reytinqinə də təsir göstərəcək.

Bununla yanaşı, iqtisadi əlaqələrin yaxşılaşması həm də amerikanın iri maliyyə oyunçularının da maraqlarına cavab verə bilər.

Ona görə də, hazırda Amerika mətbuatında ən çox müzakirə olunan mövzulardan biri də “növbəti prezidentin Putinlə münasibətləri”dir. ABŞ-ın "yeni xilaskarı" kimi ortaya çıxacaq siyasətçi artıq reytinq toplamağa yox, illərlə yığılıb qalan problemləri bir-bir aradan qaldırmağa məhkum olacaq.

Reaksiya Analitik Qrupu

Reaksiya.Az

Şərhlər

Çox oxunanlar