Şaumyanın sirri - Araşdırma

12.07.2015 23:13     A-reaksiya     3879

“Bu erməni hinduşkası millətçilikdən o yana gedə bilmədi” Vladimir İliç Lenin

“Bu erməni hinduşkası millətçilikdən o yana gedə bilmədi”

                                       Vladimir İliç Lenin

 

 1989-cuildə Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru akademikPüstəxanım Əzizbəyova dövlət nümayəndə heyətinin tərkibində Hindistanda səfərdə olmuşdur. O, Vətənə döndükdən sonraAzərbaycan Televiziyasında sensasiyalı çıxışı ilə dinləyiciləri həyəcana gətirdi. Akademikin özü də həyəcanla danışırdı. P.Əzizbəyova Dehlidə Dövlət Muzeyində  “26 Bakı komissarları”nın başçısı  erməni Stepan Şaumyanın sonillərin nəşri olan irihəcmli kitabının saxlandığına şahidlik edirdi. Niyə  Şaumyanın “26 Bakı Komisssarları” ilə birgə öldürülmədiyi bu günə qədər müammalı qalsa da biz bu yazıda buna cavab axtarmağa çalışacağıq.

 

 

XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli inqilabçı və siyasi xadim olan Stepan Şaumyan  1900-cü ildən Kommunist Partiyasının üzvü olmuşdur.  31 mart 1918-ci il Bakı qırğınlarında azərbaycanlıların kütləvi şəkildə öldürülməsinə rəhbərlik etmiş şəxs olaraq erməni məsələsinin aparıcı simalarından idi.

 

Məsələnin əsas tərəfi budur ki, bütövlükdə “26 Bakı xalq komissarları” sovetinin meydana gəlməsi , elə Azərbaycan xalqının milli mənafeyi ilə daban-dabana ziddiyyət təşkil edirdi. Ona görə ki, “26-lar”ın başlıca məqsədi Azərbaycanı Rusiyanın əsas quberniyalarından birinə çevirmək idi. Onlar hər vasitə ilə Azərbaycanın müstəqilliyinin əleyhinə çıxırdılar. Məsələn, “Bakı kommunası”nın rəhbərlərindən olan S.Şaumyan açıq şəkildə bildirirdi ki, siz Azərbaycanın muxtariyyəti əvəzinə onun yalnız xarabazarlıqlarına rast gələ bilərsiniz. Sonralar da Moskvaya, həm Rusiya xalq komissarları sovetinin sədri V.Leninə, həm də İ.Stalinə vurduqları teleqramlarda çox açıq şəkildə bildirirdilər ki, əgər müsavatçılar Bakıda qalib gəlsələr, onlar Bakını Azərbaycanın paytaxtına çevirə bilərlər. Beləliklə də, Azərbaycanın Rusiyadan ayrılması zərurətə çevrilər.

2009-cu ilin yanvarın 24-26-da 26 Bakı Komissarının cəsədləri “Sahil bağı”ndan ümumi şəhər qəbiristanlığına köçürülüb. Üç gün ərzində Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi əməkdaşlarının və Tarix İnstitutunun mütəxəssislərinin iştirakı ilə orda tədqiqatlar aparılıb və orada cəmi 23 cəsədin qalıqları tapılıb.Sahil bağından çıxarılan sümüklərin 23 nəfərə aid olduğu qeyd olunur. Aşkar olunmayan 3 nəfərin hamıdan yaşlı olduğu göstərilir. 26-ların içərisində ən yaşlıları T.Amirov (45 yaş), M.Əzizbəyov (42 yaş), S.Şaumyan (40 yaş), P.Çaparidze (38 yaş), A.Amiryan (37 yaş) olublar.

Həmin vaxt Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin və Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin aparıcı mütəxəssislərinin iştirakı ilə aşkar edilmiş insan cəsədlərinə məxsus skelet sümüklərinin məhkəmə-tibbi kriminalistik tədqiqatı aparıldı. Nəticədə bunlar müəyyən olundu:

– eni 710 sm, uzunluğu 760 sm və hündürlüyü 167 sm olan, yuxarı hissəsi 60 sm-lik betonla örtülmüş yerdə aşkar edilmiş tabutlar əsas etibarilə çürüyüb;

– tabutlardakı insan skeleti sümükləri kişi cinsindən olan 23 şəxsə məxsusdur;

– skelet sümüklərinin məxsus olduğu şəxslərdən 11-nin yaş həddi 20-29, 10-unun yaş həddi 30-39 arasında, 2-nin yaş həddi isə 40-dan yuxarıdır;

– skelet sümüklərində aşkar edilmiş çoxsaylı xəsarətlər həmin şəxslərin iki növdən olan odlu silahlarla qətlə yetirildiyini göstərir.

“26-lar”ın güllələnməsi barədə o illərdə Cənubi Qafqazda çıxan “İskra”, “Znamya Truda”, “Narodnı Znamen” və başqa qəzetlərdə yazılar verilmişdir. Lakin yazıların heç birində Mərkəzi Kaspi Diktaturasının Aşqabad türməsində saxladığı 26 komissarın və onlarla birlikdə həbs etdiyi başqa bolşevik liderlərinin taleyi barədə doğru-düzgün məlumat verilmirdi. Məqalələr Krasnovodskdan gələn və ağızdan-ağıza gəzən xəbərlər əsasında tərtib edilirdi. Dövri mətbuatda bir-birini tutmayan, rəngarəng məlumatlar həqiqəti olduğu kimi verə bilmədi. Çünki o yazıların bir qismində komissarların “izsiz yox olmalarından”, bəzisində onların “güllələnmələrindən”, digərlərində bolşevik liderlərinin “Hindistan”a aparılmaları ətrafında söz-söhbətdən başqa heç bir rəsmi sənədə söykənilmirdi.

Arxiv sənədlərində yazılır ki, Həştərxanda Şaumyanın apardığı siyasət Stalinin qəzəbinə gəlir və dərhal əmr verir ki, Bakıda hakimiyyəti müsəlmanlara verib özü oranı tərk eləsin. Bu isə ermənilərin marağına xidmət etmirdi və onlar Bakıda müsəlmanların olmaması üçün ingilislərlə danışığa gedib tarixdə “26 Bakı Komissarı” faciəsi kimi qalan əməli planlaşdırırlar. (ЦГАОР, Азерб. ССР, ф. 970, оп.1, д.42, лл.10, 14)

1918-ci ilin sentyabrın 20-də Türkmənistan ərazisində o vaxtkı “Axça-Kuyma” və “Pereval” dəmiryol stansiyaları arasındakı yolun 207-ci kilometrliyində güllələnmiş komissarların siyahısı belə idi: Boqdasar Hayvazyan, Stepan Şaumyan, Məşədi Əzizbəyov, Tatevos Əmirov, Arsen Əmiryan, Meer Basin, Eyjen Berq, Anatoli Boqdanov, Solomon Boqdanov, Armenak Boryan, Mirhəsən Vəzirov, İvan Qabışev, Prokofiy Caparidze, Yakov Zevin, Mark Koqanov, Qriqoriy Korqanov, Aram Kostandyan, İvan Malıgin, İrakli Metaksa, İsay Mişne, İvan Nikolayşvili, Suren Osepyan, Qriqori Petrov, Vladimir Poluxin, Fyodor Solntsev və İvan Fioletov. Onların üç nəfərinin isə həqiqətən də Bakıda dəfn olunmadığını Anatoli Boqdanovun nəvəsi Dmitri Boqdanov əməkdaşımıza verdiyi açıqlamasında təsdiqlədi: “Bəli, mən də qohumlarımdan və xüsusilə də atamdan eşitmişdim ki, Bakıda komissarların hamısı basdırılmayıb.

Akademik Y. Mahmudov yazır ki,  sözügedən sənəd çox ciddi tapıntıdır.. Onun sözlərinə görə, Bakı Sovetinin arxivində saxlanılan başqa bir sənəddə isə qeyd olunur ki, 1934-cü ildə Ermənistan hökuməti Krasnovodskda “26-lar”a abidə qoyulması üçün 150 min manat vəsait ayırıb: “Bu faktlar dolayısı ilə sübut edir ki, “26-lar”la bağlı tarixin dolaşdırılması üçün Ermənistan tərəfindən həmişə iş aparılıb. İlkin araşdırmalarımız sübut edir ki, bu işi dolaşdırmaq üçün Moskvada böyük işlər görülüb”.

O dövrdə Bakı komissarları haqqında məsələləri araşdırmaqla məşğul olan V.Çaykin, 1919-cu ildə general Tomsona komissarların güllələnməsinə dair şahidlərin olduğunu bildirsə də, 1922-ci ildə nəşr etdiyi “Rusiya inqilabının tarixinə dair” kitabında Bakı komissarlarının Hindistana aparılması fikirlərinin sübuta yetirilməsinə səy göstərmişdir.

Mərhum akademik Ziya Bünyadov yazır: “Dehlidə beynəlxalq ticarət mərkəzindən bir az aralı Videlqarden parkı yerləşir, orada 20 adsız qəbir var. Nədənsə bu qəbirlər ancaq Ermənistan SSR-dən gələn turistlər tərəfindən ziyarət olunur! Sualdır! Başqa bir sual: S.Şaumyanın və A.Mikoyanın oğulları Hindistana nəyə görə getmişdilər? Üçüncü sual: Suren Şaumyan 40-cı illərin sonunda Bakıya nəyə görə gəlmişdir və Azərbaycan KP MK-nın o zamankı katibi onu niyə 24 saat ərzində Bakıdan qovmuşdur? Dördüncü sual: A.Mikoyanın Bakıdakı fəaliyyəti ilə bağlı sənədlər Bakı arxivlərindən nə vaxt və necə yoxa çıxdı?

“Sentrokaspi Diktaturası”nın qərargahında kargüzarlardan biri olmuş, sonra İkinci Dünya Müharibəsi illərində alman bombardmanlarında həlak olmuş fransız Fransua Mirreyin xatirələrində də bəhs olunur: “Onlardan üçünü güllələmədilər, apardılar. Apardıqları yeri bilmirəm, çünki sirrdi”. Hindistanın Bombey şəhəri yaxınlığında 1953-cü ilin aprelin 4-də isə “Stepi Şaumi” adlı bir şəxsin ürəktutmadan ölməsi barədə xəbər isə “The Bombay Herald” qəzetində dərc olunmuş başsağlığı sayıla bilər. Dəfn mərasiminin “Maharaştra” səmtindəki xristian kilsəsində olacağı, S.Şauminin də elə oradakı “Veyc” qəbristanlığında basdırılacağı bildirir.

Yaqub Mahmudov  Şaumyanın sağ qalmasının səbəbini onun özünün dəyişdirilməsi barədə təklif edilməsində görür: “Leninə Şaumyanın təşəbbüsü ilə onun dəyişdirilməsi təklif olunub. Şaumyan sağ qalıb, Hindistanda yaşayıb. Rəşid Behbudov Hindistanda olarkən ona bir nəfər Şaumyanın dəfn mərasimi ilə bağlı kaset də verib. Qarabağ hadisələri başlayanda Rəşid Behbudov Qarbaçovla mübahisə edib, həmin kaseti də ona təqdim edib. Rəşid Behbudov Kremlin nəzarətindəki xəstəxanaya yerləşdiriləndə də həyat yoldaşına deyib ki, onu xəstəxanada öldürəcəklər, öldürüblər də”.

S.Şaumyanın və digərlərinin Hindistana gedişi başqa bir sənədlə də təsdiqlənir. 1919-cu il fevralın 26-da Gürcüstanın diplomatik nümayəndəsi Tiflisdən Azərbaycan Respublikasının xarici işlər nazirinə belə bir teleqram göndərib: “Tiflis radiostansiyası Astraxandan Sokolovun (güman ki, senatorun) adına göndərilən, hərbi əsirlərin – Şaumyan və başqalarının müttəfiq missiyanın həbs edilmiş üzvləri ilə dəyişdirilməsinə aid radioteleqram tutub. Özü də teleqram aşağıdakı sözlərlə bitir: “Tezliklə Bakıda görüşənədək” (Ziya Bünyadov)

 

Şərhlər

Çox oxunanlar