Qırıq-qırıq Krımım - BİR KRIMLININ XATİRƏLƏRİ - FOTOLAR

13.07.2015 14:33     A-reaksiya     3158

Allah rəhmət eləsin, atam Celal Hebu ayaqlı arxiv idi sanki. Qeydlər edilmiş, zərflənmiş qoyulmuş kənara. Eşələyərkən böyük nənəmin xatirələrini tapıram və yanında da üç beş saralmış şəkil. Dünya müharibəsi illərinə dair dəyərli məlumatlar var. Sadiq qardaşa danışıram, “nə gözəl”, “xəbər etsənə!” deyir.

Nənəm çox sadə dildə yazıb, ön sözsüz mövzuya girib: Adım Gülsüm, Kırım Ağməscid ətrafındanıq. Tatarlar olaraq Çarlardan çox çəkmişdik zamanında. Komunistlər daha betər çıxdı. Bolşeviklər malımızı, mülkümüzü əlimizdən aldılar. Həyat yoldaşım müəllim idi. Dövlət idarəsində qarın doyuracaq qədər maaşa işləyirdi. Çox böyük hücum vardı, məscidləri hədəf almışdılar. Ağməsciddə məscid qalmamışdı sanki. Və Dünya Müharibəsi başladı, 1941-ci ildə almanlar Kırıma yön aldılar. Ruslar təlaşlandı, anbarları yandırıb qaçdılar. Bu zaman yoldaşıma da (o zaman 40 yaşındaydı) silah verib cəbhə xəttinə göndərdilər.

Öz yurdumda qəribdim

 Almanlar ruslar qədər baskıcı deyildi, ən azından ibadətimizə qarışmırdılar. Şəhərləri bombarduman edirdilər. Ona görə Seyyidlər rayonunun Beş Kurtqa kəndinə ata torpaqlarımıza çəkildik. Bir gün yoldaşımdan məktub gəldi. Almanlara əsir düşmüşdü: “Halsızam, xəstəyəm, uşaqları görmək istəyirəm” deyirdi. Cəld bir hinduşka kəsdirdim, sobada bişidim. Uşaqları da götürüb yola düzəldim. Qar, qış, ayaz. Burnumuzdan çıxan buxar o dəqiqə buz olurdu. Canköy az yol deyildi, gündə ən çoxu on saat piyada gedə bilsən beş gün çəkər. Axşamlar tatar kəndlərində qalırdıq, döşək sərirdilər, süfrə açırdılar. Hinduşkanı da niyə yük elədim heç bilmirəm, şüşə kimi dondu, bir də onu daşıyırdım belimdə. Alman komandir bizə iki dəqiqə vaxt verdi, soxulduq içəri. Nəzarətçilər “nayn-nayn” deyib qışqırırdılar. Qızım məftillərə qədər yaxınlaşdı, amma ona heç nə demədilər. Birdən qurd itləri uşağa hücum çəkdilər. Allah istədi ki, dişləri batmadı, əynindəki paltarlar yorğan kimi qalın idi. Nə isə, yoldaşım gəldi, ərimiş, solmuşdu. Heç qucaqlaşıb ağlaşammamışdıq ki, qurtardı, ayrılın dedilər. Biz Ağməscidə qayıtdıq, beş on gün sonra da yoldaşım gəldi. Komandir soruşub ki, “sən türksənmi, kommunistlərə qarşısanmı?” Bəli, əlbəttə deyə cavab verib. “Buraxın bunu getsin kəndinə” deyib komandir. Ancaq yolda ayaqları donmuşdu. O boyda adam ağrıdan ağlayırdı. Otları, kökləri töküb qaynatdılar, yoldaşımı onun parına oturtdular. Muncuq-muncuq tər tökdü və şükür ki sağaldı.

Almanlar rus əleyhdarlarına torpaq verirdi, bizə də bir parça düşdü. O il qarğıdalı əkdik, qarpız, yemiş aldıq yaya. Təxmini iki il keçdi, bu dəfə də rus hücumları başladı. Gecə atışma başlayır, səsləri eşidən kimi sığınacaqlara qaçırdıq.

Çətin seçim

Rusların Kırımı ələ keçirəcəyi bəlli oldu. Almanlar geri çəkilməyə başladılar. Qərarsızdıq. Nə etsəydik görəsən? Ani qərarla almanlara qoşulduq, heç nə götürmədən yola çıxdıq. Vətənimdə ölmək istəyirəm deyənlər də arzularına nail olammadılar. Stalin bir gecədə onları topladı və Orta Asiya buzlaqlarına sürgün etdi. Uşaq-böyük, heyvan vaqonlara yığıblar. Bir tək süpürgə toxumu veriblər yeməyə. O da dəhşət ishala səbəb olur, zavallılar əriyib solurlar. Meyidləri bir-bir vaqonlardan aşağıya atırlar.

Nə isə. Ukraynanın Odessa limanına gəldik. Bizi bir kənarda topladılar. Şaxta, külək qılınc kimi kəsirdi. Gəmilər tərpənirdi, amma minmək mümkün deyildi. Edige Krimov adlı biri gəmiyə minməyə kömək etdi.

Nəhayət ki, qazanlar qaynadı, xələtlər yığıldı və macəra başladı. Haraya aparılmağımıza dair heç bir məlumatımız yox idi. Bir əlamətə minmişdik qiyamətə gedirdik. Yan yörəmizə gup-gup bombalar düşürdü, gəmi o yan bu yana yatırdı. Köstencə limanına yaxınlaşdık, bizi bir sahəyə yığdılar. Ətrafımızda tikanlı tellər, qüllələr, nəzarətçilər. Almanlar bizi yük vaqonlarına yığdılar, birələr bulud kimi üstümüzə daraşırdı. Yorğançalara bükülüb büzüşdük, hələ də haraya aparıldığımızı bilmirdik. Zaman-zaman yol bağlanırdı, saatlarla gözləyirdik. Yerə düşüb ocaq yandırır, təlaşla yemək bişirməyə çalışırdıq. İnsanlar yaşayan məhəllələrdə dayananda çörək, süt, pendir alırdıq. Qiymətlər bahalaşmışdı, ərzağa pulumuz çatmırdı. Almaniya deyərkən Rumuniya, Macarıstan, Avstrya... demək asandı, dayana-dayana bəlkə də bir ay getdik. Və axırı ki, adı ....heim-lə bitən bir ərazidə düşürtdülər bizi. Yolda çox çirklənmişdik, hətta bitlənmişdik.

Guya ki, köləlik qaldırılmışdı

Bizi DDT ilə fırçalayıb hamamlara saldılar. Qışlaq kimi bir yer idi, isti yorğançalar, təmiz yatacaqlar. İlk dəfə yatırdım, yuxudaydımmı görəsən? Ertəsi günü bizi ferma sahiblərinə payladılar. Adamlar işin bilənini, kürəyi geniş, biləyi yoğun olanları seçirdilər. Oğlumla məni Tizis kəndinin kəndxudası götürdü, balaca bir otaq verdi. Fikirləşin ki, özümüzə aid bir damımızın olması necə böyük nemət idi. O hissləri heç vaxt anlada bilmərəm. Yoldaşımla qızımı götürən fermer yatmağa yer verməmişdi, axırlara sığınmışdılar. Xahiş elədim onlar da yanımızda qaldılar. Sabah tezdən durub gecə yarısına qədər işləyirdik. Təkcə inəklərin yemini verməklə, südünü sağmaqla, altını təmizləməklə bitmirdi işimiz. Oduna gedirdik, kartof çıxardırdıq, hinlərə baxırdıq.

Köləydik sanki, bir dəyər verən yox idi, söyülüb döyülürdük yeri gələndə.

Yoldaşım balaca cılız idi, yaxşı bir fəhlə sayılmazdı. Ferma sahibi bir gün bağıra-bağıra üstünə gəlir, vurmaq istəyəndə qızım girir araya. Mənə qarşı gəlirsənmi deyərək əl boyda uşağa düz 13 araba gübrə yüklətdirir. Düz dörd il tər tökdük, amma adamlara yarınamadıq.

Berlin, Münhen

Yoldaşım bir yolunu tapıb komisarın qəbuluna gedir, baş verənləri danışır. Mən təhsilli insanam, bir neçə dil bilirəm, böyük şəhərlərdə daha yararlı ola bilmərəmmi deyə soruşur. Uyğun görüb  bizi Berlinə yolladılar. Orada tatarların çıxartdığı bir jurnalda asanlıqla iş tapdı.

Yenidən Berlin bölündü. Baxdıq ki, ruslar yenə də yanımızdadır, narahat olduq. Bu dəfə Münhenə getdik. Və müharibə bitdi, Kırım, Qafqaz, Poloniyadan olan qaçqınları Mittenvald düşərgəsində topladılar. Bura ABŞ-ın öhdəliyindəydi. Bir növ qışlaq kimi idi, otaqlarda iki-üç ailə. Yeməklər qutularda Amerikadan gəlirdi. İstifadə olunmuş paltar da paylayırdılar. Amma qızım üçün bir şey tapammadıq. Qəribim köhnə geyimlərində gəlin oldu. Düşərgədə bir Qaraçay gənci ilə ailə qurdu. Hər şey talonla verilirdi, paxla, konserv, yağ, duz, şokolad. Bunlar bizimçün əla idi. Alman kəndliləriylə dəyişib, əvəzində meyvə-tərəvəz alırdıq. Mən mətbəxdə çalışırdım. Kartofların qabığını qalın soyurdum, yığıb evə gətirirdim. Yuyub uşaqlara yemək bişirirdim. Düşərgədə yemək var idi, amma donuz əti qatırdılar.

Evli evinə, kəndli kəndinə

1948-ci ildə artıq hər kəs yerinə yerləşirdi. Bundan sonra Kırıma qayıda bilməzdik. Ən yaxşısı türkük demək idi ki, Anadoluya göndərsinlər. Yeznəm bacarıqlı gənc idi. Türk tələbələrdən məlumat toplayıb senari yazmışdı ki “güya bu vilayətdənik, bunlardanıq falan”. Bəli, soruşsalar belə biriləri vardı. Ancaq sənəd istədiklərində ümidimiz üzüldü. Yeznəm oturub sənəd hazırladı. Kartofdan möhür düzəldib kağızlara vurdu. Almanlar diqqətcildir, güya ki inandılar. Bəlkə də gözardına vurdular. Ausburqdan İtalyaya gəldik, Napolidən gəmilərə minib dənizə çıxdıq. Dəniz o qədər çox dalğalı idi ki, qorxudan içimiz çölümüzə çıxdı sanki. Dörd gün sonra Tuzlaya çatdıq. O gecə dənizdə gözlədik, dalğadan sahilə yaxınlaşammırdıq. Bizi İzmirdə saxladılar, qızımı isə Əskişəhərə Çiftələrə göndərdilər. O qədər ölkə gəzdim ki, amma Türkiyənin yeri başqaydı. Burada nə qədər xoşbəxt olduğumu anlada bilmərəm.

Bəli, xatirə beləcə bitir. Nənəmə bir fatihə oxumuşsunuz mütəq.

Hilalsız olmaz

Mittenvald düşərgəsində oğlum və dostları. Uşaqlar ərimədilər, ənənələrindən qopmadılar. O qədər işimizin arasında Ay Ulduz tikirdik formalarına.

 

Tərcümə: Rumiyyə Miraslan

Şərhlər

Çox oxunanlar