İnteqrasiya yoxsa yamanmaq?

16.07.2015 14:42     A-reaksiya     3341

Sovet İttifaqının tərkibindən ayrıldıqdan sonra müstəqil Azərbaycan daxili çaxnaşmaları nizamlamaq, Dağlıq Qarabağ münaqişəsini həll etmək, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə sistemli daxili və xarici siyasət kursu izləməyə başladı. Beynəlxalq aktor kimi gənc dövlətin köklü institutlara inteqrasiya etmək istəyi əlbəttə, düzgün addım idi. Avropanın bir parçası olmaq istəyi, siyasi, sosial, iqtisadi, mədəni ineqrasiyanı labüd edirdi. Avropaya inteqrasiya yolunda hər sahədə uğurlu addımlar atılmış, Azərbaycanın prioritet məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli youlnda nəticə əldə etmək üçün sistemli işlər görülmüşdür. Azərbaycanın ATƏT - ə üzv olması, ATƏT-in MİNSK qrupunun yaradılması, Avropa Şurasına tam hüqüqlu üzv qəbul edilməsi, Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasətinə daxil olması münasibətlərin ikitərəfli əməkdaşlıq çərçivəsində irəliləməsinə zəmin yaratmışdır. Azərbaycan Respublikasının 24 illik müstəqilliyi dövründə əldə etdiyi iqtisadi inkişaf, siyasi sabitlik, sosial rifah onu beynəlxalq arenada güclü aktora çevirmişdir. Gənc, müsəlman ölkəsinin inkişaf qrafikinin sürətli yüksəlişi birmənalı qarşılanmamışdır. Avropa diktəsini yeritmək istədiyi gənc Azərbaycan Respublikasının müstəqil siyasəti qarşısında aciz qalmış, anti- Azərbaycan kampaniyalarını və “qara piar” ları dövrəyə buraxmışdır. Inteqrasiyanın hərfi mənasının “bərpa olunma”, “tam”, “vahid” olmasına baxmayaraq, bizə yamaq kimi yanaşılmasına, qüdrətli dövlətçiliyimizin düzgün qiymətləndirilməməsi kimi baxıla bilər. Biz nə böyük qardaş olmadan addım ata bilməyən Ermənistan deyilik nə də ki, böhran içində boğulan MDB dövlətləri. Biz hər sahədə sürətlə inkişaf edən, müstəqil siyasət yeridən respublikayıq. Böhranla boğuşan Avropaya biz sözlə deyil, rəqəmlərlə, statistikayla cavab veririk. Avropanın mötəbər tədbirlərini yüksək səviyyədə təşkil edib, dünyanı özümüzə heyran qoyan dövlətik. İnteqrasiya məqsədi ilə görülən bütün işlərin “yamanmaq” kimi təəsürat yaradılması tarixi mədəni keçmişi Avropadan üstün olan Azərbaycana haqsızlıq olar. İstər “Eurovision”, istərsə də I Avropa Oyunları çərçivəsində Azərbaycana qarşı əlində demokratiya, mətbuat azadlığı, insan hüqüqlarını bayraq tutaraq təzyiqlər etmək cəhdləri, anti-Azərbaycan kampaniyasına start verilməsi ölkəmizə açıq qərəzli mövqeyi ortaya qoydu. “Boykot” çağırışları, “qara- piara” sərf olunan milyonlar hec bir nəticə vermədi. I Avropa Oyunları ərəfəsində ardı-ardına anti-Azərbaycan qətnamələri səbr kasasını daşıran son damlalar oldu. Biz inteqrasiya olmaq istədik, “yamaq” olmaq deyil. Bu gedişata bir “dur” demək zamanı gəlmişdi. Bu proseslərə ən gözəl qiyməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verib: “Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi”. Azərbaycan Avropanın neft-qaz təminatçılarından biridir. Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində keçirilən Vilnüs Sammitində Azərbaycan Avropanın birtərəfli, şərtlər müqabilində imzalanan Assosiativ sazişinə “yox” deməklə öz mövqeyini açıqca ortaya qoydu. Artıq sizin üçün alternativ enerji mənbəyi Azərbaycan və onun strateji qaz layihələridir. Bizimlə “yamaq” kimi deyil, ancaq strateji tərəfdaşlıq platformasında əməkdaşlıq edə bilərsiniz!

Şərhlər

Çox oxunanlar