Bakıda qarovulçunu döydürən “Range Rover”li qadın: ad açıqlandı - FOTOLAR

04.10.2016 17:29     A-reaksiya     1677

Bakının Zərifə Əliyeva küçəsi, 53 ünvanında, “Marriott Absheron” otelinin arxasında yerləşən elit yaşayış kompleksinin həyətində qarovulçu işləyən gənci az qala ölümcül döydürən “Range Rover”li qadın əhvalatı ilə bağlı yeni, maraqlı və eyni zamanda müəmmalı nüanslar üzə çıxıb.
 
Virtualaz.org bu olayın izi ilə gedərək döyülən şəxsin kimliyini, habelə onu döydürən qadın və qadının qarovulçunu döyən əri barədə maraqlı məlumatları öyrənə bilib.
 
Hadisə necə olmuşdu...
 
Xatırladaq ki, əhvalat bir neçə gün əvvəl baş verib. ....003 dövlət nömrə nişanlı “Range Rover”lə gələn qadın həmin küçədə parklanma üçün ayrılmış ərazidə boş yer tapmadığından avtomobili yaşayış kompleksinin mühafizə olunan həyətinə sürüb. Qarovulçuya yaxınlıqdakı “Room” mebel mağazasına dəyib qayıdacağını deyib, ancaq oradan çıxıb gözəllik salonuna gedib və gec qayıdıb. Hadisənin şahidlərindən biri virtualaz.org-a danışıb ki, görünür qadın gec qayıtdığından qarovulçu ona irad tutub, yaxud nəsə xoşagəlməz söz deyib.
 
Bundan sonra qadın kiməsə zəng vurub və çox keçmədən “AA” seriyalı avtomobillə gələn şəxs-qadının əri qarovulçunu xüsusi amansızlıqla və qəddarcasına döyüb, aldığı zərbələrdən qarovulçu küçənin ortasında huşunu itirib. Yaxınlıqdakılardan heç kim müdaxilə etməyib, ancaq təcili yardım çağırılıb. Ağır vəziyyətdə olan qarovulçu xəstəxanaya aparılıb.
 
 
Döyülən qarovulçu-26 yaşlı Gülüşov Famil Fazil oğlu
 
Hüquq-mühafizə orqanları bu hadisə barədə məlumat yaymayıblar. Hadisə barədə DİN-in rəsmi xronikasında da məlumat yoxdur. Baxmayaraq ki, şahidlərin bildirdiyi kimi qarovulçu xəstəxanaya aparılandan sonra hadisə yerinə polislər gəlib, ətrafdakı videomüşahidə kameralarının görüntüləri götürülüb. Səbael rayon 39-cu polis bölməsindən belə hadisənin baş verdiyini təsdiqləsələr də nə zərərçəkənin, nə onu döyənin kimliyi açıqlanmayıb.
 
İndi virtualaz.org öz mənbələri vasitəsilə dəqiqləşdirib ki, hadisə sentyabrın 23-də, saat 16 radələrində baş verib. Döyülən şəxs 26 yaşlı Famil Gülüşovdur. O, təcili yardım briqadası ilə Bakıdakı 1 saylı Klinik Xəstəxanaya (“Semaşko”) çatdırılıb. Xəstəxanada onun ağır kəllə-beyin travması və digər xəsarətlər aldığı müəyyən edilib. Lakin nədənsə bu cür ağır xəsarətlər almış şəxsi ertəsi gün xəstəxanadan çıxarıblar, “ev şəraitində müalicəyə” göndəriblər.
 
 
Cərrahiyə şöbəsinə qəbul olunub, ertəsi gün isə...
 
Xəstəxananın qəbul şöbəsindən virtualaz.org-a bildirdilər ki, həqiqətən döyülən Gülüşov Famil Fazil oğlu ağır bədən xəsarətləri ilə cərrahiyyə şöbəsinə yerləşdirilib, durumu orta-ağır qiymətləndirilib. Sentyabrın 24-də isə “öz istəyi” ilə xəstəxanadan çıxıb gedib. Lakin xəstəxanadan bildirdilər ki, həmin şəxs barədə əlavə məlumatları ancaq yazılı sorğu əsasında təqdim edə bilərlər.
 
Bəs Gülüşovu acınacaqlı duruma salan həmin şəxs və olaya səbəbkar olan “Range Rover”li qadın kimdir? Hadisə barədə cinayət işi qaldırılbmı və günahkarlar saxlanılıbmı?
 
Bu suallarla DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadəyə müraciət etdik. DİN rəsmisi bildirdi ki, mətbuat hadisəni şişirdib, “ucuz sensasiya” düzəltməyə çalışıb.
 
 
DİN rəsmisi: “Qadın göz yaşları içində ərinə zəng vurub...”
 
“Müəyyən olunub ki, həmin binanın həyətində qeyri-rəsmi mühafizəçiliklə məşğul olan şəxs qadına qarşı kobudluq edib, ona qarşı təhqiramiz ifadələr işlədib. Qadın da ağlayaraq göz yaşları içində ərinə zəng vurub. Əri öz dostunun maşınında hadisə yerinə gəlib, orada onunla mühafizəçi arasında xuliqanlıq zəminində mübahisə baş verib. Mühafizəçinin ağır xəsarətlər aldığı haqda deyilənlər doğru deyil, əks halda onu bir gün sonra xəstəxanadan buraxmazdılar. Hadisə barədə istintaq davam edir. Hadisə yerinə baxış keçirilib, tərəflərin izahatları alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb” - Orxan Mansurzadə bildirib.
 
“Ailədə hətta professor da var!”
 
Lakin bütün israrlarımıza baxmayaraq DİN rəsmisi istintaqın getdiyini əsas gətirərək qarovulçunu döyən şəxsin kimliyini açıqlamadı. Orxan Mansurzadə ancaq onu dedi ki, qadın və əri ziyalıdır. Qadın elmlər namizədidir, əri də alimdir, Bakıdakı ali məktəblərdən birində dərs deyir. 
 
“Ailədə hətta professor da var! Ziyalı ailədir, istəmirlər ki, adları mətbuatda hallansın” - Orxan Mansurzadə bildirdi.
 
Bəs həmin alim ər qarovulçu ilə “xuliqanlıq zəminində münaqişəyə” görə saxlanılıbmı? O.Mansurzdə bu suala cavab verərkən istintaqın davam etdiyini, hadisəyə hüquqi qiymət veriləcəyini bildirdi.
 
Əgər qarovulçunu döyən alimdirsə o zaman “AA” dövlət seriyalı maşında niyə gəzir? DİN rəsmisi bildirdi ki, avtomobil həmin şəxsin dostuna məxsus olub. Dostun adı isə təbii ki, açıqlanmadı...

Şərhlər

Çox oxunanlar