Azərbaycanla müqaviləyə xəyanət: Ermənistana pul niyə verildi? - FOTOLAR

20.10.2016 18:36     A-reaksiya     1690

Küveyt dövlətinin Azərbaycanın işğal olunmuş ərazilərində müsəlmanlara qarşı qətliam törədən ermənilərə yardımı ortaya çıxıb.

Reaksiya.az Publika.az-a istinadən xəbər verir ki, Küveyt və Ermənistan mediasında bu haqda məlumatlar yayılıb.

Məlumatlara görə, 2016-cı ilin avqust ayında Ermənistanın sosial təminat naziri Ardem Asaturyanla Küveytin bu ölkədəki səfiri Bəssam əl-Qəbəndi arasında saziş imzalanıb. Sazişə əsasən,Küveyt Ermənistana qocalar evlərinin, ahıllar üçün reabilitasiya və sağlamlıq mərkəzlərinin təşkil olunması məqsədi ilə 1,5 milyon ABŞ dolları vəsait ayırıb.

Hər iki ölkənin mediası bunu “Küveytin Ermənistan xalqına olan hörmətinin nümunəsi” kimi təqdim ediblər.

Ən maraqlı məqam odur ki, ahıllar üçün reabilitasiya və sağlamlıq mərkəzlərinin təşkili layihəsinin əvvəlcə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, 2016-cı ildə Küveyt Dövlətində bu ölkənin xeyriyyə təşkilatı olan Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında birgə fəaliyyət haqqında Memorandum imzalanıbdır.

Memorandum əsasında tərəflər Azərbaycanda müxtəlif sahələri əhatə edən layihələrin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında razılıq əldə ediblər. Belə layihələrdən biri də Bakı şəhərində ahıllar üçün reabilitasiya və sağlamlıq mərkəzlərinin tikintisinin həyata keçirilməsi olub.
Lakin Küveyt bu layihənin Ermənistanda həyata keçirilməsi üçün yardım ayırıb.

20 ildir Azərbaycanla sıx əməkdaşlıq edən, İslam Əməkdaşlıq Təşkilatında birgə təmsil olunan, ən əsası da müsəlman ölkəsi olan Küveytin bu addımı təəssüf doğurur.

Qeyd edək ki, Küveyt bundan əvvəl Suriyadan qaçaraq Ermənistana gələnlərə yardım etmək niyyətində olduğunu də açıqlamışdı.

Şərhlər

Çox oxunanlar