Q.Paşayeva Kahramanmaraş Büyükşehir Qəzeteçilər Cəmiyyətini Qarabağ həqiqətlərinin yayılmasında fəallığı artırmağa çağırıb
04.11.2016 20:23 A-reaksiya 1332
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Kahramanmaraş Büyükşehir Qəzeteçilər Cəmiyyətini ziyarət edib. Azərbaycan millət vəkili Qənirə Paşayeva ilə görüşdə Büyükşehir Qəzetəçilər Cəmiyyəti Başkanı Abid Vanlı rəhbərlik etdiyi qurumun Azərbaycanın müvafiq media qurumları ilə əməkdaşlıq etmək niyyətində olduğunu deyib. Kahramanmaraş Azərbaycan Təhsil, Mədəniyyət və Dayanışma Dərnəyinin rəhbəri Tural Şahbazlının da iştirak etdiyi görüş zamanı millət vəkili Qənirə Paşayeva jurnalist kimi uzun müddət çalışdığını qeyd edərək, mətbuat və medianın dövlət qurumlarının, habelə parlament üzvlərinin səsinin topluma duyurulmasında önəmli bir yer tutduğunu bildirib. Büyükşehir Qəzetəçilər Cəmiyyətinin Azərbaycanın müvafiq media qurumları ilə əməkdaşlığının ortaq problemlərimizin işıqlandırılması baxımından vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva Ermənistanın Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə danışıb və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , – deyib. Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd etdi. Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib və hər iki qardaş ölkənin mətbuat və media qurumlarının üzərinə böyük vəzifə düşdüyünü deyərək, bu sahədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Büyükşehir Qəzetəçilər Cəmiyyəti başqanı Abid Vanlı və təşkilat üzvlərini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları Qəzeteçilər Cəmiyyyəti üzvlərinə hədiyyə edib. Millət vəkili onların suallarını da geniş cavablandırıb və bildirib ki, Kahramanmaraşlı jurnalist və yazarların Azərbaycanı Kahramanmaraşda daha geniş tanıdan yazılarının artacağına ümid edir.
Şərhlər