Səfir: "Azərbaycan Bolqarıstan üçün mühüm strateji tərəfdaşıdır"
07.11.2016 12:51 A-reaksiya 1481
Bolqarıstanın Azərbaycanda və Türkmənistandakı səfiri Maya Hristova "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktorunun rəhbərliyi ilə "Caspian Energy"nin nümayəndə heyətini qəbul edib.
"APA-Economics" xəbər verir ki, görüş zamanı səfir "Caspian European Club" və "Caspian Energy" çərçivəsində informasiya əməkdaşlığının inkişafının vacibliyini qeyd edib.
"Azərbaycanla bizim aramızda dərin ənənəvi əlaqələr mövcuddur. Biz iqtisadiyyat, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdiririk", - deyə M. Hristova qeyd edib.
Səfir qədim Veliko-Tırnova şəhərinin bərpasında göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib: "Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Keçirdiyimiz hissləri sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Bu, sidq ürəklə görülmüş işdir. Mən Azərbaycan xalqına və şəxsən Mehriban xanım Əliyevaya bolqar xalqının böyük sevgisini çatdırıram".
Xəzər regionu dövlətləri ilə əməkdaşlıq imkanlarına toxunan diplomat vurğulayıb ki, ölkələrimizin enerji sektorunda əməkdaşlığı strateji xarakter daşıyır: "Bolqarıstan Azərbaycanın "Şah Dəniz" konsorsiumu ilə danışıqlarda göstərdiyi böyük dəstəkdən məmnundur. Məhz bunun sayəsində "Şah Dəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsindən etibarən 2020-ci ildən başlayaraq ildə 1 milyard kubmetr təbii qazın Bolqarıstana tədarükü ilə bağlı uzunmüddətli müqavilə imzalanıb".
O, 2009-cu il noyabrın 13-də Sofiya şəhərində iki dövlətin energetika nazirlikləri arasında energetika sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq, bundan bir qədər əvvəl isə SOCAR ilə "Bulqartransqaz" arasında qarşılıqlı anlaşma memorandumlarının imzalandığını qeyd edib: "Bolqarıstan və Azərbaycan arasındakı birgə neft və qaz işçi qrupu ölkələrimizin enerji əməkdaşlığının inkişafı üçün mühüm və uğurlu vasitədir. Həmin qrupun tərəfləri qismində Bolqarıstanın Energetika Nazirliyi, Bolqarıstanın energetika holdinqi və SOCAR çıxış edir".
M. Hristova Bolqarıstanla Türkmənistan arasında siyasi və iqtisadi əməkdaşlığın intensiv dinamikasını vurğulayıb: "2015-ci ildən 2016-cı ilədək olan dövr ərzində iki ölkə arasında mühüm dövlət səfərlərinin mübadiləsinin aparıldığı məmnunluqla qeyd edilməlidir. Bu səfərlər müntəzəm dialoqun dəstəklənməsinə və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verib".
Bolqarıstan qaz habının təşkilindən danışan səfir bunları vurğulayıb: "Habın təşkili zamanı qaz mənbələri çox olmalıdır. Rusiyadan, Yunanıstan interkonnektoru və bu haba birləşə biləcək digər enerji terminallarından qaz tədarükü həyata keçirilməlidir".
İki dövlət arasında 60-dan çox ikitərəfli sənədin imzalandığını vurğulayan səfir Azərbaycanla Bolqarıstanın hökumətlərarası komissiyalarının uğurlu işini qeyd edib.
Görüşün sonunda səfir "Caspian Energy" jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə toxunub, enerji bazarının, turizm sektorunun və enerji əməkdaşlığının inkişaf perspektivlərindən danışıb.
Şərhlər