Azay Quliyev: “Bu gün bizim birliyə daha çox ehtiyacımız var”
30.11.2016 17:17 A-reaksiya 1537
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak edir. Azay Quliyev bu gün ATƏT Parlament Assambleyası adından, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasında çıxış edib.
ATƏT PA-nın vitse-prezidenti hazırda dünyada təhlükəsiziklə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, regionun bütün vətəndaşları üçün sülh və firavanlığın təmin olunması istiqamətində ATƏT Parlament Assambleyası ilə QDİƏT PA-nın birgə əməkdaşlığına əvvəlki dövrlərdən daha çox ehtiyac duyulduğunu deyib: “Biz, hər tərəfdən problemlərin meydana gəldiyi çətin bir zamanda yaşayırıq. Həll olunmamış münaqişələr, terror aktları, qaçqın məsələləri, miqrant böhranı, müəyyən ölkələrdə mövcud olan humanitar fəlakət, din haqqında yayılan yanlış təsəvvürlər, sülh və təhlükəsizlik üçün bir çox digər maneələr həssas və kövrək dünyamızda mövcudluğunu davam etdirir. Bizim üzləşdiyimiz problemlər qlobal xarakter daşıyır və çoxtərəfli, kompleksli və strateji cavab tələb edir, bu səbəbdən birlikdə əməkdaşlıq etməyimiz olduqca vacibdir”.
Azay Quliyev mövcud çətinliklərlə mübarizədə parlament diplomatiyasının xüsusi rolunu vurğulayaraq təmsil etdiyi təşkilatla QDİƏT PA arasında əməkdaşlığın 5 mühüm məsələni diqqət mərkəzində saxlamasının zəruri olduğunu bildirib: “İlk sırada təhlükəsizlik məsələləri dayanır. Təəssüf ki, dünya fundamental və çoxşaxəli təhlükə rolunu oynayan beynəlxalq terrorizm tərəfindən ciddi təhdidlə üzləşir. İnsan hüquqları və hüququn aliliyi standartlarına uyğun olaraq biz, hər hansı bir gecikmə olmadan terrorizmə qarşı mübarizə aparmalı və hüquqlarımızı və həyatımızı müdafiə etməliyik. ATƏT PA hökumətləri terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə və terror təşkilatlarının maliyyələşdirilməsinə qarşı addımlar atmağa çağırır”.
Azay Quliyev çıxışında digər məsələ kimi ölkələrin qaçqın və miqrant probleminin həllində uğur qazana bilmədiyini qeyd edib: “Bu problemin həll yolunu tapmaq getdikcə daha da çətinləşir. Parlamentarilər olaraq, təşkilatlarımızın və yerli parlamentlərimizin tam gücündən istifadə edərək miqrant problemini gündəlikdə ön plana çəkməliyik. ATƏT PA bu böhranın həllinə böyük önəm verir. Ötən fevral ayında təsis olunan ATƏT PA-nın Miqrasiya məsələləri üzrə “Ad hoc” Komitəsi Parlament Assambleyasının bu mövzuda işini koordinasiya edir və biz artıq ATƏT-in üzv dövlətlərinə miqrant probleminin həllinə dair təkliflərimizi göndərmişik”.
ATƏT PA-nın vitse-prezidenti həll olunmamış və uzadılmış münaqişələrin Avropanın təhlükəsizlik və stabilliyinə böyük təhdid olduğunu bildirib: “Hər birinizin bildiyi kimi, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna həll olunmamış münaqişələrin nəticələrindən böyük zərərlərə məruz qalmışdır. Faciəli və ağrılı nəticələr doğuran bu münaqişələr minlərlə insanın həyatını məhv etmişdir. Bu çətinliklərin həlli üçün sürətli və asan çıxış yolları mövcud deyil, lakin düşünürəm ki, Helsinki Yekun Aktı ruhunda ümumi bir yanaşma metodu hazırlanmalıdır. İnanıram ki, ATƏT regionunda münaqişələrin həlli yolunda parlament diplomatiyasının, qarşılıqlı etimadın və dialoqun mühüm əhəmiyyəti var”.
Azay Quliyev 2015-ci ildə Helsinkidə ATƏT PA-nın qəbul etdiyi “ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamənin mühüm əhəmiyyətini vurğulayaraq adıçəkilən sənəddə ATƏT PA-nın münaqişələrin, o cümlədən Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazisindəki münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığı ilə bağlı prinsiplər əsasında həllinə çağırdığını bildirib.
Azay Quliyev digər vacib məsələ olan parlament diplomatiyasının vasitəsi ilə parlamentarilər arasında dialoq və əməkdaşlığın dövlətlərarası gərginliyi azaltmağa, etimad mühiti yaratmağa və mürəkkəb problemlərin mümkün həll yollarının tapılmasına müsbət töhfə verəcəyini bildirib.
Azay Quliyev ATƏT PA, AŞPA və ATƏT DTİHB və digər əsas tərəfdaşların seçkiləri izləmək üçün Seçki Müşahidə Missiyası kimi mühüm təcrübədən istifadə etdiyini deyib: “Bu çərçivənin köməkliyi ilə, biz tərəfdaş təşkilatlarla əməkdaşlıq edərək seçkilərin müşahidə prosesinin effektivliyini artırılmasına çalışırıq. ATƏT PA seçkiləri müşahidə mövzusunda önəmli təcrübəyə malikdir və bu sahədə əməkdaşlığa məmnuniyyətlə hazırdır. ATƏT PA QDİƏT PA-da olan həmkarla əməkdaşlığı davam etdirməkdən məmnunluq duyur”.
Şərhlər