Qüdrət Həsənquliyev hökuməti xaricdəki pulları ölkəyə gətirməyə çağırdı

02.12.2016 13:53     A-reaksiya     1881

“Builki büdcə müzakirələrinə ürək ağrısı ilə qatılıram. Çünki bizim 25 milyard dollarlıq büdcəmiz bu il faktiki olaraq, üç dəfə azalıb”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev bu gün Milli Məclisdə keçirilən Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

O, ötən illərdəki büdcə müzakirələrində özünün və bəzi deputat həmkarlarının Azərbaycan iqtisadiyyatının neftdən asılılığına diqqət çəkdiyini söyləyib:

“Mən hökuməti lazımı tədbirlər görməyə çağırıram. Bizə deyirdilər ki, hər şey əladır, gözlədir. Sevinc xanım (iqtisadi inkişaf nazirinin müavini – red.) o vaxt proqnozlar verməli idi ki, neftin qiyməti aşağı düşsə, bizi nə gözləyəcək. Bu gün 10 milyonluq ölkə üçün 9 milyonluq büdcə çox kiçik rəqəmdir. Baltikyanı ölkələrinin hər birində 2-3 milyon əhali var, amma 9 milyard avroluq büdcələrə sahibdirlər. Bu müqayisə çox şeyi deyir”.

Deputat müəllimlərin və həkimlərin əmək haqqlarının artırılmasını da təklif edib:

“Pensiyaları ən azı iki dəfə artırmaq lazımdır. Ön xətdəki hərbçilərin maaşını da artırmalıyıq. QHT-lərin xaricdən qrant alması sadələşdirilməldir. Bu, bizim ölkənin imicinə də müsbət təsir edər, həmçinin bu sektorun inkişafına təkan verər”.

Q.Həsənquliyev bu yaxınlarda Füzulidən olan qaçqın və məcburi köçkün ailəsinin yanaraq məhv olması hadisəsinə də toxunub:

“Mən o xəbərə baxanda ürəyim parçalandı. Qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdılması lazımdır. Bu ölkə üçün prioritet idman obyektlərinin tikilməsidir, yoxsa qaçqın və məcburi köçkünlərin normal mənzillə təmin ediməsi? Əgər dövlət öhdəsindən gələ bilmirsə, torpaq sahələri ayrılsın və güzəştli şərtlərlə şirkətlərə şərait yaradılsın. Azərbaycanda dövlət qurumlarının 30 faizini ixtisar etmək lazımdır ki, məmurlar normal maaş alsınlar”.

Deputat Azərbaycanda sahibkarlığın inkişafına dəstək verilməsinə qarşı çıxanlara da etirazını bildirib:

“Artıq Sahibkarlığa Yardım Fonduna vəsait ayırmırıq, banklar kredit vermirlər, manat da üzür. Sahibkar bilməlidir ki, manatın kursu necə olacaq. Əks təqdirdə o, vəsait xərcləməyəcək”.

Deputat xaricdəki vəsaitlərin ölkəyə gətirilməsi ilə bağlı da çağırış edib:

“Serbiyaya 350 milyon vəsaiti 15 illiyinə, 4 faizlə veririk. Amma “Azərbaycan Dəmir Yolları” QSC kredit axtarır. Mənim məlumatıma görə, həmin vəsaitlər 0,89 faiz gəlir gətirir. Gətirin 4 faizlə yerli banklarda saxlayın və vəsaitlər də ölkənin inkişafına yönəldilsin. Sabah Cavid Qurbanov gedib dəmir yolu üçün kredit götürsə, ən azı 7 faizlə alacaq. Mən iri şirkətləri də özəlləşdirməyə çağırıram. “Azərsu”, “Azəriqaz”, “Azərişıq” özəlləşdirilməsə, vəziyyət dəyişməyəcək”.

Q.Həsənquliyev maliyyə naziri Samir Şərifova da müraciət edib:

“Samir müəllim, sizə təşəkkür edirəm, gec də olsa, Beynəlxalq Bankdakı talanın qarşısının alınmasında xidmətiniz olub. Builki dövlət büdcəsindən artıq, 10 milyard vəsait talan olunub”

Şərhlər

Çox oxunanlar