İŞİD sərhəd təhlükəsizliyi problemi olmaqdan artıq çıxıb - MÖVQE

24.07.2015 12:03     A-reaksiya     3318

Türkiyənin İŞİD yaraqlılarının ölkəyə keçidinin qarşısını almaq məqsədi ilə Suriya sərhədinə yerləşdirməyi planlaşdırdığı 2 milyard lirəlik  “Sərhəd Təhlükəsizlik Sistemi”ni Reaksiya.az üçün dəyərləndirən XXI Əsr Türkiyə İnstitutunun Yaxın Şərq bölməsinin sədri Serhat Erkmen bu tədbirin heç də yetərli olmayacağını bildirib. Serhat Erkmen dəyərləndirməyə bir sualla başlaylb: "Hər iki tərəfdən keçidləri azaltdılar, bəs Türkiyənin içindəki İŞİD – çilər nə olacaq? Bir  şeyi başa düşməliyik ki, bu problem sərhəd təhlükəsizliyi problemi deyil. Suriyadakı proseslər Türkiyə üçün sərhəd təhlükəsizliyi problemi olmaqdan çoxdan çıxıb, Türkiyə üçün milli təhlükəsizlik problemi halına gəlib. Ona görə də sərhəddə görəcəyimiz tədbirlər ümumilikdə görəcəyimiz tədbirlərin bir hissəsi kimi planlanıbsa əlbəttə işə yarayacaq, amma sərhədə divar hörüb bunun sizin problemlərinizi həll etməsini gözləyirsinizsə daha çox gözləyəcəksiniz"

“Niğdədə polisi öldürən İŞİD – çilər hanı?”

Serhat Erkmen Suriya -Türkiyə sərhədində belə tədbirin alınmasının sərhəd keçidlərini çətinləşdirəcəyini, ancaq təhlükəsizlik problemini aradan qaldırmayacağını  bildirib. İŞİD ilə mübarizə aparmaq üçün Türkiyənin daha qərarlı və uzunmüddətli bir siyasət izləməli olduğunu ifadə edən Erkmen qeyd edib ki, bunun bir terror təşkilatı olduğunu, terror təşkilatı olduğuna görə də bununla qətiyyətlə mübarizə aparmağın vacibliyi mövzusunda fikir birliyinə gəlməyimiz əsas şərtdir: “Belə baxdığınız zaman hamı İŞİD terror təşkilatıdır, onunla mübarizə aparmaq lazımdır deyir, amma Niğdədə polisləri öldürən İŞİD –çilər hanı, məhkəmələri başa çatıbmı? Xeyr".

İŞİD - in ümumilikdə terror probleminin bir parçası kimi yanaşılmasının vacib olduğunu bildirən Serhat Erkmen qeyd edib ki, biri ilə mübarizə aparıb digərini görməməzlikdən gələ biləcəyiniz dövr sona çatıb.

Şərhlər