Rusiya nüvə müqaviləsinə necə baxır? - ARAŞDIRMA
24.07.2015 12:27 A-reaksiya 3011

İllərdir ki, qərb dövlətlərinin İrana doğru yürüşlərindən uğurla yayınan Rusiya üçün nüvə anlaşması kağız üzərinə böyük risklər yaradır.
Bu haqda araşdırma “dunyabulteni.net” saytında yer alıb.
Reaksiya.az həmin araşdırmanı sizə təqdim edir.
“İran nüvə danışıqlarının başa çatdırılması yeni bir prosesin qapısını açdı. Həm regional, həm də qlobal təsirlərin olacağı yeni siyasi məkanda hər qütbün davranışı fərqli olacaq. ABŞ-da bəzi dairələr, avropalılar və İranın mühüm bir hissəsi şadlanarkən Səudiyyə Ərəbistanı tamamilə zidd bir nöqtədə dayandı. İsrail müqavilənin özü üçün əhəmiyyət daşımadığına işarə etdi və mübarizəyə (!) davam dedi. Bəs, Rusiya nə etdi?
Belə ki, beynəlxalq siyasətdən uzaq düşən və çətin iqtisadiyyati vəziyyətlə üzləşən Rusiya üçün bu müqavilə ciddi bir hava dəyişikliyinə (?) səbəb ola bilər. Ən real dəyişiklik isə neft qiymətlərindən asılıdır. Uzun müddətdir ki, böhranla üz-üzə qalan Rus iqtisadiyyatı İranın neft bazarını da zəiflədə bilər. Bəllidir ki, artıq İran körfəzi bağlanmayacaq, hərbi müdaxilə ehtimalları olmayacaq, Tehran rəhbərliyinə embarqo təhdidləri gündəmə gəlməyəcək. Bu da nəticədə neftin daha asan istehsalına və satışına yol açacaq. Və neftin bir barrelinin qiyməti 50 dollardan aşağı düşə, rublun dollara nisbətdə məzənnəsi isə 70-ə qalxa bilər.
Daha makro səviyyədə isə ağlabatan iki məqam var. Birincisi, nüvə müqaviləsindən sonra İranla Rusiya bir-birindən uzaqlaşacaqmı?
Rus siyasətçilərinin və alimlərinin böyük bir hissəsi qərbdə çoxlarını düşündürən bu sualı heç də qorxunc hesab etmir: “Bəli, bu ziddiyyətli münasibətin əsasını ABŞ qoyub və o, yenə də davam edə bilər. Amma zaman içində bu münasibət çox ölçülü bir hala gəlib. Xəzər dənizinin indiyədək bölünməməsi, Suriya məsələsindəki fikir ayrılıqları baş verdi. Və müqavilə imzalanan kimi qərblə İran arasındakı münasibətlərin 15-20 dəqiqə ərzində düzəlməsi mümkün deyil. Regionda fəaliyyət göstərən Rus şirkətləri üçün rəqabət dolu bir dövr başlayır. Bəli, Rusiya çətin gündə göstərdiyi dostluğun əvəzini İrandan almağa çalışacaq və çox güman ki, müəyyən imtiyazları ticari münasibətlərdən əldə edəcək".
Ancaq uzun illər sanksiyalarla daralan İran bazarında təkbaşına görünən Rusiyanın şansı da yüksək qiymətləndirilmir. Xüsusilə enerji sahəsində Rus şirkətlərinin şansı çox aşağıdır. Çünki onlar texnologiya baxımından qərbli rəqiblərilə yarışmaq iqtidarında deyillər.
Bu ehtimallara baxmayaraq həm Putin, həm də xarici işlər naziri Sergey Lavrov müqaviləni böyük bir təriflə qarşılayıblar. Onsuz da bağlanan bu müqavilədə Rusiyanın dəstəyini ABŞ Prezidenti Barak Obama da tez-tez inkar edir.
Rus diplomatları müqavilənin niyə yaxşı olduğunu açıqlayarkən üç amili vurğulayır:
1.Bölgəyə hərbi müdaxilə ehtimalı aradan qalxıb. Bu, fəlakət ola bilərdi.
2.Müqavilə olmasa idi, körpülər yandırılardı və nəhəng bir silahlanma yarışı regionu bürüyərdi. Səudiyyə Ərəbistanı da nüvə silahına malik olmaq üçün hərəkətə keçəcəkdi. Körfəzdəki bütün ölkələr də bu küləklə birlikdə ağır şəkildə silahlanardı. Bunun qarşısı alındı.
3.Qlobal raket əleyhinə müdafiə sistemi üçün İranın nüvə fəaliyyətləri əsas göstərilirdi. Halbuki bu müqavilə ilə məsələ dəyişdi. İran artıq nəzarətə açıqdır və əlindəki zənginləşdirilmiş uranı da verir. O halda bu qlobal raket problemini bir daha oturub danışmaq lazımdır. Əsas odur ki, bunun üçün komandanlığın mərkəzi ABŞ-da yerləşməsin. Yeni bir silahlanma yarışına yol açmayan formulu birlikdə tapmaq lazımdır.
Müqavilə ilə doğan nikbin hava da Rusiyanın müqaviləyə baxışını real edəcək gücdə deyil.
Belə ki:
1.İrana müdaxilə bəlkə də olmayacaq, amma hazırda Suriyadan İraq və Yəmənə qədər olan bölgə onsuz da ağır müdaxilə altındadır. Bu müdaxilənin daha da böyüməsi, yaxın zamanda sona çatmasından daha güclü bir ehtimala bənzəyir.
2.Buna baxmayaraq nə etmək lazımdır? İsrail onsuz da müqaviləyə qarşıydı. İsrailin baş naziri Netanyahu razılaşmadan öncə demişdi ki, İran ən geci 15 il ərzində nüvə silahına malik olacaq. Səudiyyə Ərəbistanı “bu müqavilə regionu daha təhlükəli hala gətirir” dedi. Obama Səudiyyə Ərəbistanının Kralı Salman Bin Abdulazizi axtararaq "Fikir verməyin, biz tərəfdaşlarımızı tək qoymarıq" fikrini bildirib. Qətər və Küveyt müqaviləni müsbət qarşıladı. Lakin İraq və Suriyada vəziyyət qarışıqdır. Həm də çox qarışıqdır. Bəşər Əsəd sevindi. Lakin müxaliflər üçün bunu demək çətindir.
3.Nəticədə nə olacaq? Ruslar bu sualı dilə gətirərkən onun mümkünsüzlüyünü də çox yaxşı bilir. Lakin "qlobal təhlükəsizlik sistemi sizə qarşı deyil" fikrini səsləndirməyən ABŞ-ın bu "riyakar" mövqeyini ifşa etmək istəyirlər. Rəsmi Vaşinqton elə öncədən komandanlığın özündə və müttəfiqlərində olacağını elan etdi. Digər versiyaları isə qəbul etmədi. Bəli, İran təhdiddən kənarda qaldı, amma bu vaxt ərzində yeni təhdid kimi görünən Rusiya oldu? Seçkilərə hazırlaşan prezident namizədləri daha çox səslərini Rusiyaya qarşı səsləndirdikləri bəyanatlarına görə alacaqlar. Belə bir halda qlobal raket sisteminə Rusiya necə daxil edilə bilər?. Qərbli liderlər "çılğın" kimi gördükləri Putinin əlinə bu sistemin pultunu verərmi? Bu da çox mümkünsüz görünür.
Müqavilə öncəsi və danışıqlar zamanı Rusiya böyük töhfələr verdi. Amma əsas iş bundan sonra başladı. Çünki İranın əlindəki zənginləşdirilmiş uranı təbii uranla dəyişdirəcək dövlət yalnız Rusiyadır. Yenə də Rusiya böyük rol oynayır. Əslində İran da müqaviləni imzalayan zaman Kremlə güvənmişdi. Rəsmi Moskva isə qərblə yaşadığı bu uyğunsuzluğa görə özü üçün sərfəli bir nəticə əldə etməyə çalışacaq. Təbii ki, İranla münasibətlərində də yeni prosesə başlayacaq".
Şərhlər