ABŞ-ın məqsədi qlobal təhlükəsizlik deyil, qlobal hakimiyyətdir - POLİTOLOQ

24.07.2015 13:19     A-reaksiya     2745

"ABŞ qlobal təhlükəsizliyin qorunması əvəzinə qlobal hakimiyyətinin güclənməsilə məşğul olur".

 
Reaksiya.az xəbər verir ki, bu sözləri polşalı siyasətçi Tomasz Jankowski İranla “5+1” ölkələrinin bağladığı müqaviləyə və ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemi yerləşdirmək planlarından imtina etməməsinə münasibət bildirərkən deyib. 
 
Onun sözlərinə görə, ABŞ Prezidenti Barak Obama daha əvvəl İranla razılığa gəlinəcəyi halda Avropada belə bir sistemə ehtiyac qalmayacağını açıqlamışdı. Lakin ABŞ Dövlət Departamentinin köməkçisi Con Heffern müdafiə sistemləri yerləşdirmək planlarında dəyişikliyə səbəb olmayacağını deyib.
 
Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində Heffern bunları bildirib: "Tehranla bağlanan anlaşma raketləri əhatə etmir. Bu üzdən raket təhdidi hələ də davam edir. Başqa sözlə, İran hələ də nüvə başlıqlı olmayan raketlərdən istifadə edə bilər".
 
Polşanın şimalındakı Redzikowo qəsəbəsində inşa ediləcək raket əleyhinə müdafiə sistemlərinin 2018-ə qədər başa çatdırılması planlaşdırılır.
 
Digər tərəfdən, Moskva rəhbərliyi buna ciddi reaksiya verdi. 
 
“Vaşinqtonun mövqeyi Moskvanı narahat edir” sözlərini deyən Rusiyanın Avropa Birliyindəki (Aİ) nümayəndəsi Vladimir Çijov belə bir suala cavab tapmağa çalışır: "İran artıq təhdid təşkil etmirsə, raket əleyhinə müdafiə sistemi niyə və kimə qarşı qurulur?”.
 
Diplomat sualın cavabını elə özü tapır: “ABŞ-ın bu mövzudakı bəlli mövqeyi qayğılarımızı haqlı çıxarır".
 
Rəsmi Moskva hesab edir ki, İran təhdidi ortadan qalxdığı halda, sərhədlərin yaxınlarına yerləşdiriləcək raket əleyhinə müdafiə sistemləri milli təhlükəsizliyə hədə kimi görsənir.
 
Polşalı siyasət Tomasz Jankowski isə vurğulayır ki, ABŞ özünə tabe olmayacaq bir təhlükəsizlik sistemini qəbul etmir:
 
“Bu səbəbdən Rusiyanın təklifinə cavabı müsbət deyil. Bundan başqa, Vaşinqton Avropanı özünün strateji tərəfdaşı hesab edir və hərbi, iqtisadi cəhətdən güclü olan ölkələri özünə rəqib kimi görür. Bunu xatırlamaqda fayda var. 2-ci Dünya Müharibəsindən sonra ABŞ Rusiyadan fərqli olaraq Avropadakı əsgərlərini geri çəkmədi. Hazırda Avropada təxminən 80 min Amerika əsgəri var və ABŞ bunu bölgədəki təsir dairəsini genişləndirmək üçün edir".
 
Jankowskiyə görə, Vaşinqton rəhbərliyinin Rusiyanın təqdim etdiyi raket əleyhinə layihəsinin ləğvi və kollektiv təhlükəsizlik sistemi yaradılması təkliflərini rədd etməsinin digər bir səbəbi də var:
 
"Moskvanın təkliflərini ABŞ rəhbərliyi və lobbiləri Amerikanın hərbi hegemonluğuna bir təhdid olaraq qəbul edir. Bu baxımdan onlar qlobal sülhə xidmət edə biləcək təkliflərə qarşı çıxırlar. Bildiyimiz kimi, ABŞ-ın milli hərbi doktrinasında sülhün əsasını ABŞ-ın hərbi hegemonluğu təşkil edir”.
 
Ukrayna böhranı səbəbindən Rusiya ilə NATO arasında gərginliyin qalxmasından və hər iki tərəfin hərbi güclərinin artırılmasından danışan polşalı mütəxəssis "Əgər yaxın perspektivdə heç bir şey dəyişməsə, Ukrayna böhranı dünyanı bürüyəcək və yeni bir Soyuq Müharibə başlayacaq.  Bu da münaqişə bölgələrində silahlanma yarışı ilə nəticələnək və istər-istəməz bir çox ölkələrin təhlükəsizliyi sual altında qalacaq" sözlərini deyib.

Şərhlər

Çox oxunanlar