Ombudsman: “İnsan hüquqlarına hörmət Azərbaycanı miqrantlar üçün cəlbedici ölkə halına gətirib”
19.12.2016 13:51 A-reaksiya 1769
Beynəlxalq Miqrant Günü və BMqT-nin 65-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.
APA-nın xəbərinə görə, tədbir Beynəlxalq Miqrasiya Təşkilatı, Ombudsman, Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Serhan Aktoprak bildirib ki, hazırda dünyada miqrasiya kütləvi hal alıb. O qeyd edib ki, 2015-ci ildə 1 milyondan çox miqrant Avropa qitəsinə miqrasiya edib. S. Aktoprak dünyada miqrasiya zamanı ölənlərin sayının çoxaldığını da diqqətə çatdırıb.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib ki, dünyada terror, kütləvi qırğınlar artıb: “Bütün bunlar miqrasiyanın baş verməsinə səbəb olur. Əfsuslar olsun ki, bu gün dünyada insanların yaşamaq hüququ pozulur. Azərbaycanda insan hüquqlarına hörmət Azərbaycanı miqrantlar üçün cəlbedici ölkə halına gətirib. Azərbaycanın qaçqınlara, miqrantlara olan münasibəti dünyaya bir örnəkdir. Ölkəmiz 230-dan çox beynəlxalq konvensiyanı ratifikasiya edib ki, bunların da çoxu insan hüquqları ilə bağlıdır”.
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisinin müavini Pərviz Musayev dünyada 250 milyondan artıq miqrant olduğunu vurğulayıb. Bu da hər 30 nəfərdən birinin miqrant olması deməkdir.
Tədbir çıxışlarla davam edib
Şərhlər