Elman Nəsirov: İsrail Baş nazirinin Azərbaycana səfərinin İranı narahat etməsinə səbəb yoxdur

21.12.2016 11:32     A-reaksiya     1360

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin İran tərəfini narahat etməsinə səbəb yoxdur.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, İranın bu səfərə belə qısqanclıqla yanaşmasını başa düşmək çətindir:

"İran dövləti bilir ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ 2006-cı ildə Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfəri zamanı həm Ağ Evdə keçirdiyi görüşdə, həm də Ağ Evin qarşısındakı brifinqdə jurnalistlərə açıqlamasında bildirdi ki, Azərbaycan ərazisindən heç bir zaman İrana qarşı təzyiq göstərmək üçün icazə verilməyəcək. Azərbaycan bu günə kimi də mövqeyini saxlayıb və bütün təzyiqlərə baxmayaraq İrana qarşı beynəlxalq sanksiyalara qoşulmayıb. Bu prosesdə Azərbaycanın hansı təzyiqlərə tuş gəldiyini də İran dövləti yaxşı bilir. İran tərəfi bilməlidir ki, bizim İsraillə münasibətlərimizin inkişafı heç bir halda üçüncü tərəfi, konkret desək İranı hədəfə almayıb, bu addım İrana qarşı yönəlməyib. Əgər İran bundan narahatdırsa, baxmalıdır ki, Azərbaycan İsrailin heç istəmədiyi addımı atır, Azərbaycan Fələstin dövlətinin yaranmasını müdafiə edir".

E.Nəsirov hesab edir ki, İran tərəfinin bu yanaşması qərəzlidir: "İranda müəyyən siyasi dairələr əslində çalışır ki, Azərbaycan-İran münasibətləri gərginləşsin. Bu, ikitərəfli münasibətlərə xələl gətirmək cəhdidir".

 

Şərhlər

Çox oxunanlar