Səfirin qətlində müdhiş sirlər - izlər hara aparır?

21.12.2016 14:13     A-reaksiya     1210

Rusiya-Türkiyə münasibətlərinə açılan atəşin pərdəarxası; Tramp “islamçı terrorçular” dedi, türklər FETÖ, ruslar isə “qisas şərəf məsələsidir” deyirlər; ekspert: “Bu, şəxsi qisas aktı da ola bilər” 

 

 
Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi son illərin ən səs-küylü terror aktı oldu. Səfir Rusiya haqqında sərginin açılış çıxışını edərkən salondakı silahlı mülki şəxsin hücumuna məruz qalıb. Xəstəxanaya götürülən Karlov az sonra dünyasını dəyişib. Hücum zamanı yaralanan 3 nəfərin isə müalicəsi davam edir.
 
Terrorçu isə sərgi salonunun yerləşdiyi binada polislərlə atışmada öldürülüb. Daxili işlər naziri Süleyman Soylu hadisə yerində verdiyi açıqlamada bildirib ki, terrorçu Çevik Polis Qüvvələrində xidmət edən, 1994-cü il təvəllüdlü Mevlüt Mert Altıntaş olub. Sərgi keçirilən binaya polis vəsiqəsi ilə daxil olan terrorçu içəridə silahlı cinayəti törədib. 
 
Hadisədən dərhal sonra terrorçunun Aydın Söke rayonunda yaşayan atası, anası və bacısı həbs olunaraq polisə aparılıb. İlkin məlumata görə, Mertin ailəsi hazırda yaşadıqları mənzilə iki ay əvvəl köçüblər. Bundan başqa, Ankarada M.Mertlə eyni mənzildə yaşayan və vəkillik fəaliyyəti göstərən şəxsin Yenimahalle ərazisindəki evində və Balqatda yerləşən hüquq bürosunda axtarışlar aparılıb. Ehtimal ki, polis həbsləri davam etdirəcək, terrorçunun yaxın münasibətdə olduğu, təsirində olduğu dairələri müəyyən etməyə çalışacaq.
 
****
 
Bu arada terrorçu polisin yüksək dövlət rəsmilərinin mühafizəsində iştirak etdiyi məlum olub. Türkiyə mediasının məlumatına görə, Mevlüt Mert 2014-cü ilin dekabrında Konya və 2015-ci ilin fevralında Bursa səfəri zamanı prezident Ərdoğanla eyni təyyarədə olub və prezidenti mühafizə edib.
 
Dekabrın 20-də Rusiyadan bir müstəntiq və iki təhlükəsizlik attaşesi, Fövqəladə Hallar Nazirliyi əməkdaşları, tibbi ekspertiza əməkdaşları və psixoloqlardan ibarət 18 nəfərlik heyət xüsusi təyyarə ilə Ankaraya gəlib. “Reuters” agentliyinə məlumat verən hökumət rəsmisi heyətin içərisində kəşfiyyat və DİN nümayəndələrinin də olduğunu, həmin şəxslərin olacağını bildirib.
 
Image result for Valentina Matviyenko
 
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko səfirə qarşı sui-qəsdi sifariş edənlərin müəyyən edilərək cəzalandırılmasının Türkiyə və Rusiya kəşfiyyat qurumları üçün bir şərəf məsələsi olduğunu bildirib. Onun fikrincə, bu sui-qəsd Hələb ətrafında yaşananlar və Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesinə qarşıdır. 
 
Avropa mətbuatı isə yazıb ki, Ankara terroru sonrası Rusiya və Türkiyə arasında soyuqluq ehtimalı aradan qalxıb. Ekspert rəylərinə əsasən, sui-qəsd hadisəsi ilk reaksiyalardan da göründüyü kimi, iki ölkə arasında düşmənçiliyi dərinləşdirməyib. Əksinə, hər iki tərəf təmkinli yanaşıb. 
 
Səfir Karlovun qətli ilə bağlı Rusiyaya, xüsusən də XİN-ə dəstək açıqlamaları davam edir. Rusiya XİN yaydığı açıqlamada nazir Lavrovun sıx proqramı səbəbindən səfirin qətli ilə bağlı başsağlığı mesajlarının və zənglərinin hamısına müsbət cavab verə bilmədiyi qeyd olunur.
 
***** 
 
Image result for Andrey Karlov
 
1954-cü il Moskva təvəllüdlü Karlov 1976-cı ildən diplomatik fəaliyyətdə çalışıb. Şimali və Cənubi Koreyada diplomatik vəzifədə işləyib. Rusiya XİN Konsulluq İdarəsində müdir vəzifəsində çalışıb. 2013-cü ildən isə Ankarada Rusiyanı təmsil edib. Karlovun fəaliyyət dövrü Türkiyə-Rusiya münasibətlərinin ən həssas dönəminə təsadüf edir. Türkiyə və Rusiya arasında yaxınlaşma, qaz müqaviləsinin imzalanması, daha sonra təyyarə vurulması və barışıq prosesinin əsas simalarından biri Karlov olub. Türkiyəli jurnalistlər Karlovu yüksək intellektə malik, mehriban insan kimi xarakterizə ediblər. Artıq bəyan olunub ki, səfirin vurulduğu sərgi salonu və səfirliyin yerləşdiyi küçə onun adını daşıyacaq. 
 
Misirli hərbi analitik Mahmud Halyaf terror hücumunun Suriyada məğlub olan qüvvələrin sifarişi adlandırıb. Ekspert deyib ki, terrorçuların Suriyanı ələ keçirmə planının pozulması, Rusiyanın uğurları son nəticədə bu sui-qəsdə səbəb olub. Onun fikrincə, Ankara terroru məğlubiyyətdən doğan qəzəb olub.
 
Türkiyə hökumət rəsmiləri bildirib ki, dekabrın 20-də Ankara Hava Limanında keçirilən mərasimdən sonra səfirin nəşi Moskvaya yola salınacaq.
 
Ötən gün yerli media ədliyyə tibb hesabatını açıqlayıb. Analizlərə görə, qatilin açdığı 11 atəşdən 9-u səfirə dəyib. Bu isə ölümcül yaralanma deməkdir, bu səbəbdən də təcili tibbi yardım yalnız ölmüş səfirə süni nəfəs verməklə həyata qaytarmağa çalışıb. Şahid ifadələrinə görə, terrorçu atəş açdıqdan sonra “Hələbi unutmayın, Suriyanı unutmayın” qışqırıb, təkbir deyib. 
 
Rusiya prezidenti səfirin öldürülməsi ilə bağlı istintaq başladıldığını və bu çərçivədə Türkiyəyə səfər edəcəyini bildirib. Putin deyib ki, bu qətl hadisəsi provokasiyadır, Türkiyə-Suriya əlaqələri ilə Suriyadakı sülh prosesini pozmağa hesablanıb.
 
Image result for Andrey Karlov
 
ABŞ-ın yeni prezidenti Donald Tramp isə qətlin radikal silamçılar tərəfindən törədildiyini bildirən açıqlama yayıb. Sitat: “Radikal islamçılar tərəfindən öldürülən Rusiyanın Türkiyə səfiri Andrey Karlovun ailəsinə və sevdiklərinə başsağlığımı bildirirəm. Bir səfirin qətli mədəni dünyanın bütün qanunlarının tapdanması anlamına gəlir və bu səbəbdən də dünya tərəfindən qınanmalıdır”.
 
Prezident Ərdoğan da terroru provokasiya adlandırıb və bu mövzuda Putinlə fikir ayrılığının olmadığını deyib. Qeyd edək ki, iki lider arasında qətldən bir neçə saat sonra telefon danışığı olub.
 
*****
 
Təbii ki, terror hadisəsindən sonra əsas diqqət bu qətli kimin və ya kimlərin sifariş etməsinə yönəlib. Türkiyənin hakimiyyət dairələri rəsmi olmasa da, sui-qəsdin FETÖ tərəfindən sifariş verildiyini deməyə başlayıb. Ankara meri Melih Gökçek deyib ki, səfirin qətlini sifariş edənlərlə Rusiyanın təyyarəsinin vurulmasını sifariş edənlər eyni adamlardır. Bu isə FETÖ anlamına gəlir. Çünki rəsmi dairələr təyyarə olayının arxasında Qərbi və onun icraçısı kimi FETÖ-nü ittiham edirlər. 
 
“Reuters” Agentliyinə açıqlama verən yüksək səviyyəli təhlükəsizlik məmuru səfiri öldürənin Gülən camaatı ilə bağlı olmasına dair əllərində “çox güclü” dəlillərin olduğunu bildirib. Eyni zamanda bildirib ki, hazırda istintaq bu yöndə çalışır. Ancaq Gülənin müşaviri agentliyə bu iddianı təkzib edib və Gülənin bu terroru qınadığını bildirib.
 
Terrorla bağlı bir sıra versiyalar var. Sui-qəsdin sifarişçisi olaraq ABŞ, Avropa Birliyi, İran, Səudiyyə Ərəbistanı kimi ölkələrin adı hallanır. İcraçının kimliyi və hansı qrupa mənsub olması ilə bağlı da bir sıra versiyalar mövcuddur. FETÖ ilə bağlı iddialar Türkiyədə hakimiyyətə yaxın, islamçı mediada hallanır. 
 
Image result for Andrey Karlov
 
Bundan başqa, qatilin səfiri güllələdiyi an təkbir səsləndirməsi, Hələb və Suriya olaylarından bəhs edərək qisasdan danışması və nəhayət, sol əlinin şəhadət barmağını islamçı terrorçular kimi yuxarı qaldırması onun radikal islamçı qruplardan birinin üzvü olması iddialarına səbəb olub. Məsələ ondadır ki, həftələrlə media üzərindən kəskin kampaniya aparılıb, Suriya hökumət qüvvələrinin, o cümlədən İran və Rusiya silahlı qüvvələrinin Hələbdə dinc insanları qətlə yetirdiyi, fəlakətə sürüklədiyini göstərən materiallar yayımlanıb. Hətta nüfuzlu yazarlar, din adamları belə Rusiya, İran əleyhinə çağırışlar edib. Qatilin bu çağırışların təsirinə düşməsi də mümkün ehtimal kimi səsləndirilir. 
 
*****
 
Siyasi analitik Elxan Şahinoğlu bu terrorun əsas məqsədinin Türkiyə-Rusiya münasibətlərini yenidən gərginləşdirmək olduğunu düşünür. Ekspertə görə, bunda bir neçə tərəf maraqlı ola bilər: “Türkiyə-Rusiya münasibətlərinin yenidən gərginləşməsində maraqlı olan dövlət və güclər bəllidir: ABŞ, Fətullah Gülən, PKK, YPG, PYD, DAİŞ”.
 
Ancaq eyni zamanda analitikə görə, insan amilini də unutmaq olmaz. E.Şahinoğlu terrorun şəxsi qisas aksiyası ola biləcəyini də istisna etmir: “Polisdə işləyən Mert Altıntaş hər gün ölkəsinin televiziya kanallarının xəbərlərində Hələbdəki dəhşəti, uşaqların qətlini, Rusiyanın bombardmanlarını və Ankarada Rusiya səfirliyi qarşısında etirazı izləyirdi. Beyin dözməyib. Polisdə çalışsa da Mert Altıntaşda psixoloji pozğunluq əmələ gəlib və o qərara alıb ki, intiqam almaq lazımdır və onun üçün ən əlçatan iş Rusiya səfirini öldürməkdir”.
 
Kənan RÖVŞƏNOĞLU
Musavat.com

Şərhlər

Çox oxunanlar