Davos Forumunun saytında Azərbaycan prezidentinin məqaləsi yerləşdirilib

13.01.2017 14:42     A-reaksiya     1617

"Azərbaycanın bugünkü uğuru onun bir neçə ildə həyata keçirdiyi hərtərəfli, konkret və hədəflənmiş səylərinin nəticəsi ilə bağlıdır".

 

Reaksiya.az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Davos Forumunun saytında yayımlanmış “2017-ci il üçün Azərbaycanın iqtisadi prioritetləri” adlı məqaləsində deyilir.

 

Məqalədə bildirilir ki, iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən enerji sahəsində qlobal şəkildə əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsi Azərbaycanı nəinki güclü edir, həmçinin regional və beynəlxalq əməkdaşlığı asanlaşdırır: “Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi vasitəsi ilə Azərbaycan qazının dünya bazarına çıxarılması Avropanın enerji təhlükəsizliyinə davamlı təkan verəcək. Bu layihə çərçivəsində “Şahdəniz-2” qaz kondensat yatağının işlənməsi ilə bağlı işin 87 faizi, Cənub Qafqaz boru xəttinin genişləndirilməsi ilə bağlı işin 72 faizi, TANAP layihəsinin tikintisinin 60 faizi, TAP layihəsi ilə bağlı işlərin isə 30 faizi başa çatıb. Qeyd etmək lazımdır ki. “Şahdəniz” 1,2 trilyon kub metr qaz ehtiyatı ilə dünyanın ən böyük qaz yataqlarından biridir”. 

 

Azərbaycan prezidenti məqaləsində Azərbaycanın tranzit potensialının gücləndirilməsi sahəsində də böyük layihələrə başlandığını qeyd edib: “Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinin bu il başa çatdırılması nəzərdə tutulub. Bu layihənin həyata keçirilməsi Çindən Avropaya məhsulların daşınmasını 25-30 gündən 12-15 günədək azaldacaq. Bununla yanaşı Şimal-cənub nəqliyyat dəhlizinin Azərbaycan seqmentində tikinti işləri ötən il başa çatıb. Bununla da Azərbaycan aparıcı nəqliyyat mərkəzinə çevrilir. Bu gün iqtisadiyyat üzrə prioritetlərimiz iqtisadiyyatın gələcək diversifikasiyası, eyni zamanda qeyri-neft sektorunun inkişaf etdirilməsidir”.

 

Məqalədə bildirib ki, sənaye sektorunun inkişaf etdirilməsi məqsədi ilə Azərbaycanda sənaye parkları və zonalarının tikintisi davam etdirilir. “2018-ci ildə təxminən 2 milyard dollar investisiya ilə Sumqayıt Kimyəvi Sənaye Parkında bir sıra zavodlar açılacaq. Pambıq, tütün, fındıq, barama və digər ixrac məhsullarının istehsalı inkişaf etdiriləcək, aqro-parkların və geniş fermaların sayı artırılacaq. İnformasiya sektorunun inkişaf etdirilməsi məqsədi ilə xidmətlərin keyfiyyəti və informasiya tranzit dəhlizi kimi ölkənin potensialı gələcəkdə də inkişaf edəcək. Elektron viza təşəbbüsü və “Tax-free” sisteminin təqdim edilməsi, o cümlədən Avropa Oyunları, “Formula 1” kimi geniş miqyaslı tədbirlərə ev sahibliyinin edilməsi ölkədə turizmin inkişafını əhəmiyyətli dərəcədə artırır”.

 

Məqalədə qeyd olunub ki, Azərbaycanın nailiyyətləri hiss olunur, lakin ölkə çətinliklərlə də üzləşir: “Davam edən qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına da təsir edib, gəlirlərin azalmasına və ötən il milli valyutanın 10,1 faiz devalvasiyasına səbəb olub. Buna baxmayaraq, müvafiq tədbirlər görməklə, uğurlu şəkildə bu çətinliklərin öhdəsindən gəlirik. Daha dayanıqlı inkişafı təmin etmək üçün Strateji Yol Xəritəsi qəbul olunub, hərtərəfli strukturlu, institusional, maliyyə, pul və digər islahatlar davam etdirilib, vergi və gömrük idarəçiliyi inkişaf etdirilib, bütün sahələrdə şəffaflıq təmin edilib. Buna misal olaraq ötən ilin 10 ayında ticarət dövriyyəsinin azalmasına baxmayaraq, gömrük yığımları 53 faiz artıb”.

 

Məqalədə o da vurğulanıb ki, Azərbaycan gücü tək onun iqtisadiyyatında deyil, Azərbaycan həm də  multi-etnik ölkədir: “Müxtəlif etnik və dini  qruplar burada əsrlər boyu sülh şəraitində, qarşılıqlı anlaşma və dialoq şəklində yaşayırlar. Tolerantlıq ruhu ölkəmizdə hər zaman üstün olub. Hətta 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bizim ölkəmiz sivilizasiyalararası, dinlər və mədəniyyətlərarası dialoq üzrə vacib tədbirlərin keçirildiyi məkana çevrilib. BMT Sivilizasiyalararası Alyansın 7-ci forumunun Bakıda keçirilməsi buna yaxşı misaldır və Azərbaycanın multikulturalizm ruhuna dünyanın münasibətinin parlaq təzahürüdür. Roma Papası Fransiskin ötən il Azərbaycana səfəri xüsusilə əhəmiyyətlidir. Tarixi səfər zamanı Roma Katolik Kilsəsinin rəhbəri dünyaya çox açıq mesaj verib. Onun Azərbaycandakı multikulturalizmlə bağlı dəyərli fikirləri nəinki Azərbaycan reallıqlarını əks etdirir, həmçinin dünya katoliklərinin buna hörmətini əks etdirir”.

 

Məqalədə Azərbaycanın idman sahəsində də çox uğurla nail olduğu da qeyd edilib: “Azərbaycanın paytaxtı və regionlarda ən modern olimpiya idman kompleksləri və digər müvafiq strukturlar istifadəyə verilib. Ölkənin dəstəyi və modern infrastruktur gənclərin idmana marağını əhəmiyyətli dərəcədə artırıb. İdmançılarımızın böyük idman tədbirlərindəki nailiyyətləri artıq ənənə halını alıb və idmançılarımız bunu yenidən Rio Olimpiadasında da sübut ediblər. Bizim idmançılarımız 18 medal qazanıblar, bununla da dünya reytinq cədvəlində 14-cü, Avropa üzrə 7-ci, postsovet ölkələri arasında 2-ci, müsəlman ölkələri arasında isə birinci yerdə qərarlaşıblar. Azərbaycan bu sahədə həmçinin yaxşı ev sahibi ölkəsidir. 2015-ci ildə Avropa Oyunları, 2016-ci ildə isə 500 milyon nəfərin izlədiyi “Formula 1 Gran Pri”si Bakıda keçirilib. Dünya idman icmasının diqqəti yenidən bu il Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına yönələcək. İdman sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirməklə yanaşı, bu tədbirlər Azərbaycana gələcək turistlərin sayını əhəmiyyətli dərəcədə artıracaq və bununla da turizm sektorunun inkişafına töhfə verəcək. Əminəm ki, 2017-ci il Azərbaycanda iqtisadi inkişaf ili olacaq. Biz effektli iqtisadi islahatları davam etdirəcəyik. Eyni zamanda sosial təşəbbüslərə də xərclərimizi artıracağıq. İqtisadiyyatımızın diversifikasiyası demək olar ki, başa çatıb. Hazırda Ümumi Daxili Məhsulun (ÜDM) 50 faizi qeyri-neft sektorunun payına düşür. Bizim bu gün əsas hədəfimiz ixracın diversifikasiyasıdır. 2016-cı ildə görülmüş tədbirlər bu məqsədlərin həyata keçirilməsinə yol açacaq. Azərbaycan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik indeksində 37-ci (MDB-də birinci) yerdə qərarlaşıb və biz bu inkişafı möhkəmləndirməkdə tam qərarlıyıq”.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar