Lapşinin ekstradisiyası Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsidir

10.02.2017 08:04     A-reaksiya     1377

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin ekstradisiyası Prezident İlham Əliyevin, Azərbaycan diplomatiyasının, xarici siyasətinin ikili standartlar üzərində, Ermənistanın kriminal hakimiyyəti üzərində növbəti qələbəsidir. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. B.Sadıqov bildirib ki, Prezident İlham Əliyev çox uğurlu siyasət yürüdür: “Bu, Azərbaycanın siyasi nüfuzunu artırır, iqtisadi baxımdan qüdrətli dövlətə çevirir, ölkəmizin digər dövlətlərlə əməkdaşlığını milli maraqlarımız öndə tutulmaqla inkişaf etdirir. Bu proseslər Lapşinin ekstradisiyası fonunda çox aydın göründü. Belarus siyasi rəhbərliyinin və hüquq mühafizə orqanlarının qanunun aliliyini əsas tutaraq, Azərbaycanın müraciətini dostcasına qəbul edərək və bütün hüquqi prosedurlara əməl edərək dövlətimizə qarşı cinayət törətmiş Lapşini ölkəmizə ekstradisiya etməsi təqdir edilməlidir”. B.Sadıqov qeyd edib ki, Lapşinin ekstradisiyası Ermənistanın növbəti məğlubiyyətidir: “Biz Lapşini Azərbaycana gətirməklə ölkəmizin dünyada nüfuzunun artdığını, diplomatiya sahəsində Ermənistanı qat-qat üstələdiyimizi bir daha sübut etdik. Bunu başda cənab İlham Əliyev olmaqla, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki ən böyük uğurlarından biri sayıram”. Deputat vurğulayıb ki, Lapşinin ekstradisiyası Azərbaycan sərhədlərini pozan digər insanlara da ciddi xəbərdarlıqdır: “Lapşinin ekstradisiyası indiyə qədər Azərbaycan sərhədlərini pozub adları qara siyahıya düşmüş insanlara və bundan sonra da ölkəmizin işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan getmək istəyən insanlara ciddi xərbərdarlıqdır - vaxt gələcək siz Azərbaycanın ədalət məhkəməsi qarşısında bu özbaşınalığınıza görə cavab verəcəksiniz". Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. Bundan əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib. Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi. Ötən gün A.Lapşin Bakıya gətirilib. Bundan əvvəl isə Belarus Ali Məhkəməsi tərəfindən bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayəti rədd edilib.

Şərhlər

Çox oxunanlar