PA rəhbərinin müavini: “Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsi vacibdir”

11.02.2017 12:57     A-reaksiya     1511

“Azərbaycan prezidentinin Brüssel səfəri əməkdaşlığın genişlənməsinə töhfə verəcək”

Apa-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, ölkə prezidentinin səfəri Avropa İttifaqı prezidentinin dəvəti ilə reallaşıb: “Azərbaycan Avropa İttifaqı arasında əməkdaşlıq ölkəmiz müstəqillik qazandıqdan sonra başlayıb. Bu əməkdaşlığın zəngin tarixi var. Bu əməkdaşlığı zəngin əməkdaşlıq hesab etmək olar. Bu illər ərzində Azərbaycan Aİ-nin müxtəlif qurumları ilə sıx əməkdaşlıq edib, ittifaqa üzv 9 ölkə ilə strateji bəyanat, bəyannamə imzalayıb. Bu Azərbaycanla Aİ arasında əlaqələrin nə qədər yüksək olduğunu göstərir. Bu əlaqələr demək olar ki, bütün sahələr - təhlükəsizlik, iqtisadi, siyasi, xüsusilə enerji sahələrində qurulub. Son illər nəqliyyat sahəsində əlaqələrin inkişafı istiqamətində böyük işlər gedir. Bütün proseslərdə Azərbaycan prezidenti Azərbaycanın milli və dövlətçilik maraqlarını əsas götürür, onları nəzərə alaraq addımlar atır. Avropa İttifaqı tərəfindən bir zamanlar

Azərbaycana təqdim edilən assosiasiya sazişi Azərbaycan tərəfindən qəbul olunmadı. Biz orada müəyyən məsələlərin Azərbaycanın milli və dövlətçilik maraqlarına cavab vermədiyini qeyd edərək buna razı olmadıq. Biz əməkdaşlığın başqa formatını təklif etdik. Avropa İttifaqında müəyyən məsələləri təhlil etdilər və bildirdilər ki, bu mümkündür”.

Ötən ilin sonlarında iki tərəf arasında tərəfdaşlıq sənədinin hazırlanması üçün mandat verildiyini qeyd edən N. Məmmədov deyib ki, hazırda bu istiqamətdə iş gedir: “Prezident Aİ-nin bütün rəhbərləri ilə faydalı danışıqlar apardı. Bu əlaqələrin davam etdirilməsi, inkişaf etdirilməsi və bütün sahələrdə dərinləşdirilməsi vacibdir. Görüşlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qeyd olundu. Bu, böyük əhəmiyyət daşıyır. Bu səfər əməkdaşlığın genişlənməsinə töhfə verəcək”.

Reaksiya. az

Şərhlər

Çox oxunanlar