Cəbhədə təxribatlar, Sarkisyanın manevrləri və “İsgəndər” raketləri...
24.02.2017 17:42 A-reaksiya 1637
“Ermənistanın cəbhədə aktivləşməsi və Rusiya tərəfindən son zamanlar verilən bəyanatlar göstərir ki, işğalçı ölkə yeni avantüraya hazırdır”.
Bu fikirləri azvision.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan silahlı qüvvələrinin cəbhənin bütün istiqamətlərində təxribat törətmək cəhdlərini şərh edərkən deyib.
Azərbaycanın bu vəziyyətdə ayıq-sayıq olmalı olduğunu vurğulayan sabiq XİN rəhbəri qeyd edib ki, müdafiə naziri Zakir Həsənovun cəbhəboyu zonada olması Azərbaycan rəhbərliyinin bu təhlükələrdən xəbərdar olduğunu və buna qarşı lazımı addımlar atdığını göstərir: “Təhlükəli inkişaf göz qabağındadır. Aprel döyüşlərindən ötən 1 il ərzində nə həmsədrlər, nə də vasitəçi ölkələr münaqişənin həlli ilə bağlı müsbət addım atmayıblar. Əksinə qeyri-konstruktiv addımlar atılır. Daha doğrusu, işğalçı ölkəyə silahlar, kəşfiyyat avadanlıqları və.s ötürülür. Belə olan təqdirdə Ermənistan və onun siyasi rəhbərliyi konstruktiv danışıqlardan uzaqlaşaraq, köhnə mövqeləri daha aqressiv ritorika ilə müdafiə edirlər. Ermənistan rəhbərliyinin işğaldan dönmək niyyəti yoxdur.
Azərbaycan bu revonşist ritorikanın qarşısını almalıdır və alacaq”.
T.Zülfüqarov bildirib ki, cəbhədə təxribatların sayının artması Sarkisyanın yeni komandasının siyasi dividentlər qazanmasına hesablanıb: “Ermənistan daxilində siyasi proseslər çox mürəkkəbdir. Serj Sarkisyan aprel hadisələri zamanı baş verən uğursuzluqları, Ermənistan üçün məğlubiyyəti öz siyasi maraqlarının təmin olunmasına yönəldib. Bununla da siyasi rəqiblərinin hamısını vəzifədən uzaqlaşdırıb. Onun əsas rəqibləri sabiq baş nazir Ovik Abramyan və sabiq müdafiə naziri Seyran Ohanyan idi və hər ikisini zərərsizləşdirib. Bununla da Sarkisyan öz siyasi hakimiyətini gücləndirməyə çalışır. Təəccüblü görünsə də, nəticə bundan ibarətdir. Bu güclənmədən sonra ən yaxın adamlarını əsas vəzifələrə yerləşdirən Sarkisyan komandasının gücünü göstərmək istəyir və cəbhə xəttində vəziyyəti gərginləşdirir. Təmas xəttində vəziyyəti gərginləşdirməklə hansısa hərbi, siyasi dividentlər qazanmaq istəyir”.
Sabiq XİN rəhbəri hesab edir ki, cəbhədə erməni təxribatlarının sayı daha da artacaq: “Əlbəttə, təxribatların sayı artacaq. Amma, burada bir problem var. “İsgəndər” raketlərinin yerləşdirilməsi ən çox Ermənistanın hakim elitasında psixoloji vəziyyəti dəyişdirib. Əslində bu silahların hərbi-texniki xüsusiyyətlərinə baxsaq, onların belə ruhlanmasına əsas yoxdur. Bunu nə qədər tez anlasalar, bir o qədər yaxşıdır”.
Şərhlər