Belçikanın keçmiş baş naziri: Dünya liderlərinin bir araya gəlib dialoq aparması çox böyük əhəmiyyət kəsb edir
17.03.2017 11:51 A-reaksiya 1288
V Bakı Qlobal Forumu dünyanı narahat edən problemlərin müzakirə edilməsi üçün çox əlverişli şərait yaradır. Bunu Trend-ə Belçikanın keçmiş baş naziri Yves Leterme deyib.
O qeyd edib ki, bu gün dünya liderlərinin bir araya gəlib dialoq aparması çox böyük əhəmiyyət kəsb edir: “Mövcud problemlərin müzakirəsi ilə yanaşı, onların həlli yollarının tapılması günümüzün aktual məsələsidir”.
Y.Leterme bildirib ki, Azərbaycan bütün dünyadan olan liderlər, siyasətçilər üçün Bakı Qlobal Forumu kimi bir platformanı təqdim etməklə dünyanı narahat edən problemlərin müzakirə edilməsi və həlli yollarının tapılmasına imkan yaradır və sülhün, sabitliyin təmin olunmasına öz töhfəsini verir: “İkinci dəfədir ki, mən bu foruma qatılıram və forumun hər il daha uğurlu olduğunu görürəm”.
Qeyd edək ki, martın 16-da Azərbaycan paytaxtında “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.
V Qlobal Bakı Forumunda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edir. Forum çərçivəsində panel müzakirələri təşkil olunur. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılır.
Şərhlər