Aprel döyüşlərində Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq, vətəndaşlarının hüquqlarını qoruyub
05.04.2017 11:21 A-reaksiya 1604
Aprel döyüşləri zamanı Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq təcavüzə qarşı müdafiə hüququndan istifadə edərək, təcavüzkarın cavabını verib və bununla da öz vətəndaşlarının hüquq və azadlıqlarını qoruyub.
Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
A.Səfixanlı deyib ki, erməni silahlı qüvvələri tərəfindən 2 aprel 2016-cı il tarixdən başlayaraq qəflətən Azərbaycanın əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunlarının təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə çoxlu sayda dinc əhali, o cümlədən uşaqlar və qadınlar həlak olub və ağır yaralanıb.
A.Səfixanlı qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayət nəticəsində beynəlxalq sənədlər, o cümlədən Cenevrə Konvensiyaları kobud şəkildə pozulub: “Bu günədək törətdiyi cinayətlərə görə cəzasız qalan Ermənistan yenidən hərbi cinayətlər törədib. Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımi addımlar atmış, təcavüzkarı yerində oturdaraq törətdiyi cinayətə görə Ermənistanın cəzasını layiqincə verib. Halbuki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, BMT üzvünə qarşı edilən təcavüzün qarşısı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən dərhal və qətiyyətlə alınmalıdır. Ümumiyyətlə, beynəlxalq problemlərin və münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsas istinad mənbəyi olmalıdır. Hər zaman olduğu kimi aprel hadisələri zamanı Azərbaycana qarşı edilən təcavüzün qarşısının alınmasında beynəlxalq birlik gözləmə mövqeyi tutduğundan Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq, təcavüzə qarşı müdafiə hüququndan istifadə edərək təcavüzkarın cavabını özü verib”.
Şərhlər