Deputat: “Məmur sahibkarlığının qarşısını almasaq, inkişaf mümkün olmayacaq”

14.04.2017 13:53     A-reaksiya     1394

“Hesablama Palatasının fəaliyyəti müsbət qiymətləndirilməlidir və əslində bu, parlament olaraq bizim uğurumuzdur. Hesabatda “AZAL” və “Bakı Metropoliteni”nin vahid büdcə təsnifatından çıxarılması tövsiyə olunur ki, bu da çox doğru addımdır”.

Deputat Fərəc Quliyev bunu Milli Məclisdə Hesablama Palatasının hesabatına münasibəti zamanı bildirdi. Bununla yanaşı, deputat illik hesabatda əksini tapmayan məsələlərə də toxundu. Deputat ölkədən çıxarılan vəsaitlərlə bağlı da Hesablama Palatasının rəhbərliyinə müraciət etdi: “Mən bilmək istəyirəm, həmin vəsaitlərin geri qaytarılması ilə bağlı işlər görülür, ya yox? Ümumiyyətlə, ölkədən nə qədər vəsait çıxarılıb? Biz mütləq bu məsələlərlə ciddi məşğul olmalıyıq. Məlumunuz olduğu kimi, ötən illərdə çox avantürist layihələrə külli miqdarda dövlət vəsaiti, kreditlər ayrıldı, həmin vəsaitlərin böyük əksəriyyəti də ölkədən kənara çıxarıldı…Palata niyə vaxtında bunlara diqqət yetirməyib?” F.Quliyev paytaxtdakı söküntü məsələlərinə də toxundu: “Bu yaxınlarda bir neçə sahibsiz sayılan villalar söküldü. Məncə bu, oğurlanmış dövlətin pulu ilə tikilibsə, bu, döbvlət əmlakıdır. Bunu uşaq bağçası, turist obyekti kimi istifadəyə verilməli idi. İtirilmiş vəsaitin yerinə bərpası əvəzinə, yeni vəsaitlərin itirilməsinə yol verməli deyildi”.

Deputat Əli Məsimli 2016-cı il hesabatı daha çox faktaloji materiallara hesablandığı üçün əvvəlki dövrlərdəkindən fərqlənir, ona görə də sənədi müsbət qiymətləndirmək olar. Deputat dedi ki, büdcə vəsaitlərinin artırılması üçün xırda xərcləri məhdudlaşdırmaq effektli deyil: “Pensiya yaşının artırılması, işıq, qazın qiymətinin qaldırılması ilə büdcəyə böyük vəsaitlər qazandıra bilməyəcəyik. Korrupsiya, inhisarın aradan qaldırılması büdcəyə kifayət qədər böyük məbləğlər qazandıra bilər. Hər halda biz kolgə iqtisadiyyatından daha çox faydalanmaqla yüz milyonlarla vəsaiti büdcəyə cəlb edə, daha ciddi uğurlara nail ola bilərik”. Onun sözlərinə görə, büdcəyə bərpa olunan vəsait dəryada damladır: “Amma zəruri tədbirlər görülsə, on milyonlarla vəsaiti büdcəyə bərpa etmək olar.Biz büdcənin vəsaitinin 10 faizinin xarici borcların ödənməsinə sərf etməyə başlamışıqsa, artıq bu, həyəcanlı məsələdir. Bir məktəbinm tikilməsinə, yolun çəkilməsinə üç dəfə pul ayrılır, amma nə məktəb var, nə yol. Hesablama Palatasında bu kimi faktlar əksini tapmalıdır. Məmur sahibkarlığının qarşısını almasaq, Azərbaycan iqtisadiyyatının inkişafı mümkün olmayacaq”.

Deputat Fəzail İbrahimli Hesablama Palatasının hesabatını yüksək dəyərləndirdi: “Elə strukturlar var ki, oraya getmək, yoxlama aparmaq elə bilməyin ki, asandır. Amma Hesablama Palatası belə qurumlara da gedib, üzərinə düşən işin öhdəsindən gələ bilib. Biz 10 il əvvəlki hesabata baxdıqda sanki zəif tələbənin kurs işini görürdük. Ancaq bugünkü hesabat tamam fərqli, mükəmməl bir sənəddir. Hətta hesabata qədərki dövrdə sənəd mətbuatda geniş müzakirə olunub”.
Deputat Siyavuş Novruzov isə maliyyə vəsaitlərinin ödənilməsini daha doğru yol saydı: “Nə qədər cəza verirsən-ver, bu vəsaitlrə büdcəyə qayıtmır ki. Ona görə də birinci növbədə dövlət əmlakının qaytarılmasına diqqət yetirməliyik. Həbs olacaqsa, həmin şəxsin saxlanılması xərcləri də ortaya çıxır. Amma burada bir məsələ də var. Biz gözləyirik ki, kimsə cinayəti törətsin, sonra gedib deyək cinayəti törətmisən, vəsaiti geri qaytar! Məncə, bir yerdən siqnal gələn kimi, Palataya dərhal yoxlama həyata keçirmək səlahiyyəti verilməlidir. Kimsə maliyyəni oğurlayır, yerinə süpürgə çəkir, sonra onunla bağlı araşdırmalar başlanır. Kreditlərin verilməsində də bankın birinci məqsədi ondan ibarət olmalıydı ki, həmin kreditlərin düzgün istifadə olunub-olunmadığını araşdırsın. Amma buna əhəmiyyət verilmədi və nətricədə vətəndfaşların illərlə formalaşan inamını sarsıtdılar”.

Bundan sonra birinci vitse-spiker Ziyafət Əsgərov hesabatın səsə qoyulmasını təklif etdi və səsvermə ilə Hesablama Palatasının illik məruzəsi qəbul olundu.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar