"Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir"
17.04.2017 13:16 A-reaksiya 1578
"Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir".
Bunu prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib.
“İxracatda isə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq”, - deyə dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev regional inkişaf proqramlarının icrasının öz gözəl nəticələrini verdiyini, minlərlə yeni müəssisənin yaradıldığını vurğulayıb. Dövlət başçısı bir milyon 700 min yeni iş yerinin açıldığını, onların bir milyon 300 mininin daimi iş yeri olduğunu bildirib.
Bu il fermerlərə təxminən 150 min hektar yeni suvarılan torpağın təhvil veriləcəyini diqqətə çatdıran prezident deyib: “Bir il ərzində bu qədər suvarılan torpağı əldə etməyimiz tarixi nailiyyətdir”.
Şərhlər