“Bakının mövqeyini dəstəkləyirik”

11.05.2017 07:44     A-reaksiya     1390

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Taravnehin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən  verilən məlumata görə, Oqtay Əsədov bildirib ki, Azərbaycanla İordaniya arasında siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir: “İordaniya beynəlxalq təşkilatlarda daim Azərbaycanın mövqeyini dəstəkləyir və müdafiə edir. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasında dövlət başçılarının xüsusi rolu var”.

Sədr qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. O. Əsədov deyib ki, İordaniya Senatı 2013-cü il may ayının 28-də “Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Bəyanat” qəbul edib. O oxşar qərarın İordaniya Nümayəndələr Palatası tərəfindən də qəbul ediləcəyinə inamını ifadə edib. Sədr Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarında İordaniya idmançılarına uğurlar arzulayıb.

Atef Taravneh isə bəyan edib ki, İordaniya həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır. Söhbət zamanı qonaq İslam dünyasının problemləri, terrorizmə qarşı mübarizə, İordaniyada həyata keçirilən iqtisadi-siyasi islahatlar barədə fikirlərini bölüşüb.

Sonra görüşdə parlamentlərarası işçi qruplarının fəaliyyəti, iqtisadi, humanitar və digər sahələrə dair tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar