“Hökumətin bütün proqramı, gələcək fəaliyyəti əlavə qazancların axtarılması üzərində qurulmalıdır”
12.05.2017 08:28 A-reaksiya 1437
Neft bahalaşmasa, Azərbaycan iqtisadi böhrandan necə çıxacaq?
Dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,51% artaraq 47,57 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,24 dollar və ya 0,48% artaraq 50,46 dollar olub.
Ekspertlər hesab edir ki, Neftin bahalaşmasına ABŞ-da “qara qızıl” ehtiyatlarının azalması səbəb olub. Belə ki, ötən həftə ABŞ-da neft ehtiyatları 5,247 milyon barel azalaraq 522,525 milyon barel təşkil edib.
Lakin bu qiymət artımının davamlı olacağı haqqında proqnozlar o qədər də ürəkaçan deyil. Növbəti həftə vəziyyətin tam əksinə dəyişə bilməsi ehtimalı da var. Bəs görəsən, iqtisadiyyatı neftdən asılı olan Azərbaycan üçün bu nə deməkdir? Neft bahalaşmasa, ölkəmiz iqtisadi böhrandan çıxa biləcəkmi? Ötən illə müqayisədə neft gəlirlərimizdə artım varmı?
Bütün bu sualları “Yeni Müsavat”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban cavablandırdı.
Onun sözlərinə görə, neft 50 dollar ətrafında var-gəl edir: “4 ayın nəticələrinə görə, dünya bazarında neftin qiyməti 53 dollardan bir qədər artıqdır. Bu da onunla əlaqədardır ki, hələ verilmir. Ona görə də neft gah 50 dollardan aşağı düşür, gah da müxtəlif səbəblərdən artıma gedir. Hamı mayın 25-də keçiriləcək OPEK-in toplantısını gözləyir. Vyanada keçiriləcək toplantıda hasilatın azaldılması, bazardan nə qədər neftin yığışdırılması ilə bağlı hansı qərarın qəbul ediləcəyi ilə bağlı konkret açıqlama yoxdur. Bu isə bazar iştirakçıları üçün bir şübhəli vəziyyət yaradır. Ona görə də hazırda bazara əsas təsir edən amil hər həftənin çərşənbə günü Amerikanın Enerji Administrasiyasının açıqladığı hesabatlardır. Dünəndən bu günə neftin qiyməti 3 faiz bahalaşıb. Bu sıçrayışlı artımın səbəbi isə Amerikadakı neft ehtiyatlarının 5 milyon barelə yaxın azalmasıdır. Halbuki gözləntilər bu rəqəmin 1,8 milyon barel olması idi. Bunun nəticəsində də neftin qiymətində bu cür sıçrayışla artım baş verdi. Ancaq bir həftə sonra biz bunun əksini müşahidə edə bilərik, neft ucuzlaşa bilər. Bundan heç kim sığortalanmayıb. Bu isə o deməkdir ki., neftin qiyməti bir anda 48 dollara da düşə bilər. Yəni bazarda stabillik yoxdur, qiymətlər daim dəyişir”.
Belə olan şəraitdə bizim vəziyyətimiz necə olacaq?
İ.Şaban qeyd etdi ki, hazırda 4 ayın nəticələrinə görə, Dövlət Neft Fondunun gəlir mənbəyinin 90 faizindən çoxu “Azəri-Çıraq-Günəşli” yatağının hesabına formalaşır: “Çünki ötən ilin may ayından ”Şahdəniz 1"dən gələn gəlirlər “Şahdəniz 2” layihəsi üçün xərclənir. O baxımdan əsas güc “Azəri-Çıraq-Günəşli” layihəsinin üzərinə düşüb. Nəticədə 4 ay ərzində 2 milyard dollar vəsait qazanmışıq. Bu 4 ayın nəticəsini ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, biz 400 milyon dollar daha çox vəsait qazanmışıq. Bu yaxşı nəticədir. Hasilatın azalmasını neftin qiymətlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin artması kompensasiya edib, hətta əlavə gəlir əldə etməyə şərait yaradıb. 4 ay ərzində neftdən 2 milyard dollar gəlir əldə etmişik. Riyazi hesablama aparsaq, ilin sonuna qədər 6 milyard dollar qazanmalıyıq. Təbii ki, bundan sonra AÇG-də də hasilatda azalma olacaq. Nəzərə almaq lazımdır ki, bu ilin birinci rübündə qiymətlər yüksək olub, orta qiymət 55 dollar olub. Növbəti dövrdə bu cür qiymətlərin olmasını heç kəs proqnoz etmir. Qiymətlərin aşağı düşməsini də nəzərə alsaq, ola bilər ki, bu layihə üzrə gəlirlərimiz 5,5 milyard dollara qədər azala bilər. Ən pis variantda isə ötənilki səviyyədə, yəni 5,1 -5,2 milyard dollar səviyyəsində qala bilər".
Ekspertin sözlərinə görə, qarşıdakı bir neçə ildə AÇG-dən daxil olan illik gəlirlər 6 milyard dolları ötməyəcək: “İkinci bir tərəfdən, Neft Fondunun idarəetməsindən biz ötən il 500 milyon dollara yaxın vəsait əldə etmişik. Bu il ondan da artıq miqdarda vəsait əldə edə bilərik. Bu il Neft Fondu təqribən 6 milyard dollara yaxın vəsait əldə edə bilər. Bu o deməkdir ki, hasilatımız azalsa da gəlirimiz azalmır. Bundan sonra isə neftin qiymətləri artsa belə, gəlirlərimiz artmır. Çünki hasilatımız azalır. Bizim hasilatımızın stabilləşməsi 2019-cu ildən sonra olacaq. Ona görə ki, ”Şahdəniz 2"dən hasil edilən neft hesabına hasilatın azalmasının qarşısı alınacaq. O dövrə qədər hasilat nə qədər azalsa da, neftin qiymətinin artması onu kompensasiya edəcək. Bizdə gəlir 6 milyard ətrafında olacaq. Ancaq 2015-ci ildə neftdən 7,6 milyard dollar qazanmışdıq. 2014-cü ildə isə 16,2 milyard dollar olmuşdu. Söhbət ondan gedir ki, biz artıq əvvəlki gəlirlərimizi əldə edə bilməyəcəyik. Ona görə də hökumətin bütün proqramı, gələcək fəaliyyəti əlavə qazancların axtarılması üzərində qurulmalıdır. 2018-ci ildə ARDNŞ-in 3 zavodu birdən işə düşəcək. Ancaq bu zavodlardan 6-7 il ərzində gələn gəlir onların tikintisi üçün çəkilmiş xərclərin ödənməsinə yönələcək. O baxımdan, həmin zavodların real gəlirləri 2025-ci ildən sonra hiss olunacaq. Və ya bizim qaz layihələrimizin işə düşməsi... Onların gətirəcəyi gəlirlər də gələn onilliyin ortalarına təsadüf edəcək. Çünki əvvəlcə həmin layihələrin tikilməsi üçün çəkilən xərclər qaytarılmalıdır".
Şərhlər