Qanunsuz hərbi formadan istifadə edənlərin nəzərinə - Hərbi Polis bu şəxslər haqqında ciddi tədbir görə bilər

28.06.2017 19:24     A-reaksiya     7400

“Müdafiə Nazirliyi Hərbi Polisə göstəriş verməlidir ki, hüquqi icazəsi olmayan, geyim qaydasını pozaraq, hərbi formadan istifadə edən şəxslərə ciddi xəbərdarlıq edib, qarşısını alsınlar”

Son günlər bəzi şəxslərin, xüsusilə QHT nümayəndələrinin, xanımların müxtəlif  ölkə daxili və xarici tədbirlərdə, hərbi hissələrdə görüşlərdə olarkən, Azərbaycan Milli Ordusuna məxsus hərbi formalar geyindiklərini müşahidə edirik. Həm də, hərbi nizamnamənin qaydalarını pozaraq, geyinir, Azərbaycan ordusunun geyimində hərbi hissələrdə müxtəlif şəkillər çəkdirərək, sosial mediada yayırlar. Bununla bağlı “Karabakh Today” olaraq, kiçik bir araşdırma aparıb, kimlərin hərbi formadan necə istifadə etməli olduğunu ilk öncə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlıdan öyrənməyə çalışdıq. V.Dərgahlı mülkü şəxslərin hərbi formadan istifadəsi haqqında bunları dedi: “Hərbi formanın mülki vətəndaşlar tərəfindən geyinilməsi məqbul sayılmır. Düzdür, qanunvericiliklə hərbi formanın mülki vətəndaşlar tərəfindən alınmasına, satılmasına, onun daşınmasına qadağa qoyulmasa da, burada məsələnin mənəvi tərəfi var. Söhbət mülki vətəndaşlarımızın hərbi libası daşımaq haqqından və hüququndan gedir. Bu məsələdə vətəndaşlarımız hərbi geyimin, hərbi xidmətin, hərbi qulluqçunun nüfuzunun artırılması baxımından özləri hərbi libasa yüksək qiymət verməli və məhdudiyyət qoyulmasına anlayışla yanaşmalıdırlar”.

Araşdırmamızı bir azda davam edərək, digər hərbi ekspertlərə də eyni sualla müraciət etdik. Hərbi ekspert Şair Ramaldanov da “Karabakh Today”ə açıqlamasında hərbi geyimin yalnız hərbiçilər üçün nəzərdə tutulduğunu qeyd edib, vurğuladı ki, hərbi formaya marağı olanlar hərbi formadan yox, eyni rəngli parçalardan istifadə edərək, müəyyən kostyumlar tikdirib, geyinə bilərlər. “Orduda xidmət keçib, təxris olunan şəxslər mülkidə ola-ola hərbi formadan istifadə edə bilərlərmi”, sualımıza gəldikdə, hərbi ekspert: “Orduda əsgər kimi xidmət keçib, ehtiyyata buraxılan mülkü vətəndaşlar yox, qüsursuz xidmət edən zabitlərin kitabçasında qeyd olunur ki, onlar hərbi geyim formasından istifadə edə bilərlər ” – deyə Ş.Ramaldanov qeyd etdi.

Hərbi ekspert Xətai Baxışov da mülkü şəxslərin hərbi geyimdən istifadə etməsinin doğru olmadığını, qeyd edərək, bəzi, şəxslərin hərbi formanı qaydalara zidd geyinərək, orduya ləkə gətirdiyini də xüsusi vurğuladı: “Müdafiə Nazirliyi Hərbi Polisə göstəriş verməlidir ki,  hüquqi icazəsi olmayan,  geyim qaydasını pozaraq, hərbi formadan istifadə edən şəxslərə ciddi xəbərdarlıq edib,  qarşısını alsınlar”.-dedi.
         Bu gün Azərbaycan müharibə şəraitində yaşayır, torpaqlarının 20 faizi düşmən işğalındadır. Anlaşılandır ki, insanlarımız hərbi formadan istifadə edərək, əslində, orduya dəstək olduqlarını nümayiş etdirmək istəyirlər. Amma bu sevgini ordunun geyimini istədiyin kimi geyinərək, qaydalara zidd istifadə edib, bildirmək olmaz. Bu gün biz mülkü şəxs olaraq da, ordumuza sevgimizi nümayiş etdirə - bildirə bilərik. Bu səbəbdən biz də hərbi formadan istifadə edən vətəndaşlarımıza qanunsuz hərbi geyimlərdən istifadə etməməyi tövsiyyə edirik. Bu həm də ömrünü orduya həsr edən insanlara çox böyük hörmətsizlikdir. Biz bu gün onları seviriksə, ordumuzun yanındayıqsa, onun hərbi geyim formasını da müqəddəs bilməli, ona hörmətlə yanaşmalıyıq. Cəmiyyət də dərk etməlidir ki, ən azından, mənəvi və qanuni haqqı çatmayan şəxs istədiyi formada hərbi geyimdən istifadə edə  bilməz.

 

Arzu Qocayev

Karabakh Today

Şərhlər

Çox oxunanlar